BolgeXeber.Com » Bölgə » Şəki Dövlət Texniki Kollecində xoşagəlməz durum

Şəki Dövlət Texniki Kollecində xoşagəlməz durum

3-10-2014, 12:35
Oxunub: 2 948 Şəki Dövlət Texniki Kollecinin direktoru Oxşar Şəbiyevin adı müxtəlif xoşagəlməz məsələlərdə çəkilir

Xatırladaq ki, bir müddət əvvəl bəzi mətbuat vasitələrində sözügedən kollecdə hökm sürən problemlər və direktorun vəzifə səlahiyyətlərindən ayrı məqsədlər üçün istifadə etməsi haqda silsilə məlumatlar yayılmışdı. Həmin yazılarda direktorun imtahan sessiyalarında əldə etdiyi gəlirlər hesabına ailəsi ilə birlikdə Türkiyəyə istirahətə getməsindən bəhs olunurdu. "Kollecə bilik qazanmağa gələn tələbələrin əksəriyyətinin arzusu puç olur.

Bəzi müəllimlər keçirilən dərsi tamamilə unudaraq tələbələrlə müxtəlif mövzularda öz şəxsi fikirlərini bölüşməyə üstünlük verirlər və bu kimi hallar davamlı baş verdiyindən tələbələr məsələnin ciddiliyini nəzərə alaraq artıq bununla bağlı müvafiq qurumlara şikayət etmək barəsində düşünürlər. Amma direktorun haqqında yuxarılara edilən şikayətlər ünvanına çatmır", deyə məlumatda bildirilib. Qeyd edək ki, Şəki Dövlət Texniki Kolleci 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Şəki Texnologiya və Şəki Kənd Təsərrüfatı Texnikumları birləşdirilərək onların bazasında yaradılıb. Burda mühasibat uçotu, nəqliyyatda daşımaların təşkili, yol hərəkətinin təşkili, kompyuter şəbəkələri, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları üzrə tədris aparılır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Şəki Dövlət Texniki Kollecində yeni dərs ili bir sıra problemlərin meydana çıxması ilə əlamətdar olub. Mənbə vurğulayır ki, direktor Oxşar Şəbiyev və onun tapşırığını müzakirəsiz yerinə yetirən şöbə müdirləri dərs ili başlar-başlamaz həm birinci, həm də digər kursların tələbələrinin qarşısında ağır şərtlər qoyub: "Burda təhsil alan tələbələrin bir çoxunun maddi səviyyəsi o qədər də yüksək deyil. Keçən dərs ilində qış və yay imtahan sessiyalarının qiyməti tələbələrin cibinə uyğun idi. Lakin yeni dərs ilinin başlanğıcında direktorun müavinləri tələbələrə bəd xəbər verdi. Belə ki, qarşıdan gələn qış imtahan sessiyasına tələbələr daha ciddi cəhdlə çalışmalıdır ki, Oxşar müəllimin istəklərini lazımınca qarşılaya bilsinlər. Direktor üçün kollecdə təhsilin səviyyəsinin yüksəlməsinin sanki elə bir önəmi yoxdur. Xeyli müddətdir kollecə direktorluq edən Oxşar Şəbiyev geridə qalan müddətdə saya gəlməyəcək qədər qanun pozuntularına imza atıb. Bu səbəbdən Şəki Dövlət Texniki Kollecində tədris prosesinin keyfiyyəti qənaətbəxş deyil". Məlumatda həmçinin kollec direktorunun biznes maraqlarından da söhbət açılır. Mənbənin vurğuladığına əsasən direktor kollecin cari təmir işləri, o cümlədən mal və inventarların alınması məqsədilə büdcədən ayrılan vəsaitlərin təyinatını dəyişərək onlardan öz işləri üçün sərf edir: "Məndə olan məlumata görə, Oxşar müəllimin rayonun turizm üçün əlverişli olan bölgələrində istirahət mərkəzləri və ticarət obyektləri var. Digər tərəfdən direktorun Bakıda bir neçə mənzilinin olduğu və həmin evləri kirayəyə verdiyi deyilir. Ayda təxminən 400 manata yaxın əməkhaqqı alan şəxsin bu qədər sərvəti hansı yollarla əldə etməsi isə çox maraqlıdır. Onun rayonun mərkəzindəki imarətinin dəyəri baha qiymətləndirilir. Sizcə kollec rəhbəri həmin mülkü aylıq vəzifə maaşı ilə tikib yarada bilərmi? Bu heç cür inandırıcı görünmür. Şəki Dövlət Texniki Kollecində qeyri-qanuni işlər bir-birini əvəz edir. Təhsil Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kollecdə geniş tərkibli yoxlamalara start versəydi, yerinə düşərdi.Deyilənə görə direktorun adı həm də saxta diplom alverində və testdənkənar tələbə qəbullarında çəkilir. Bununla bağlı əlimdə konkret faktlar olmadığından dəqiqliklə nəysə deyə bilmirəm. Buna baxmayaraq, aidiyyəti dövlət orqanları təhsil ocağında mütləq yoxlama tədbirləri həyata keçirməlidir. Əgər konkret addımlar atılsa, Oxşar Şəbiyevin fəaliyyətindəki qaranlıq məqamların üstü açılar". Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənmək qərarına gəldik. Lakin (02424) 4 42 64 nömrəli telefona gün ərzində dəfələrlə zəng vursaq da, dəstəyi götürən olmadı. Buna rəğmən, Oxşar Şəbiyevin də fikirlərini işıqlandıra bilərik. gundelik-baku