BolgeXeber.Com » Bölgə » Tərtərdə "Gənclər Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi -FOTO

Tərtərdə "Gənclər Günü" münasibəti ilə ümumrayon tədbiri keçirildi -FOTO

2-02-2015, 16:15
Oxunub: 3 471 “Asiman” şadlıq sarayında rayon gənclərinin 2 fevral-Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

Əvvəlcə gənclər Mərkəzi Meydanda Ümummilli lider Heydər Əlıiyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Bolgexeber.com xəbər verir ki, tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov gəncləri bayram münasibətilə təbrik etmiş, gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirmiş, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 26-da imzaladığı Sərəncamı gənclərə dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirmişdir.

Sonra gənclər adından rayon mədəniyyət və turizm şöbəsinin işçisi Türkan Rəşidli, təhsil şöbəsində metodkabinetin müdiri İntiqam Nuruyev, idmançılar adından Atabəy Əzizov, rayon polis şöbəsinin rəis müavini Nəbi Məmmədov çıxış edərək öz ürək sözlərini bildirmişlər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri təbrik edərək demişdir:

-Bu gün Sizinlə birgə Gənclər gününü qeyd etmək mənim üçün çox xoşdur. Mənim 22 illik əmək fəaliyyətimin 12 ili gənclərlə bağlıdır. Gənclik yüksək enerji, coşqu, həyəcan və qələbə deməkdir.

Sizin hər birinizi Gənclər günü münasibətilə təbrik edir, uzun ömür can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.Çalışın gəncliyinizi elə keçirin ki, sonrakı illərdə təəssüf hissi keçirməyəsiniz.

Bildiyimiz kimi, 1993-cü ilin iyun ayında ölkə vətəndaş müharibəsinin astanasında olarkən xalqın təkidi ilə hakimiyyətə qayıtmış Heydər Əliyevin ölkəni bürümüş böhranı aradan qaldırmaq istiqamətində atdığı ilk və mühüm addımlardan biri Azərbaycanda düzgün gənclər siyasətinin həyata keçirilməsi olmuşdur.

Gənclər siyasəti sahəsində fəaliyyət göstərən ayrı-ayrı dövlət orqanlarının işinin təkmilləşdirilməsi məqsədi ilə 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumu keçirildi. Həmin forumda xalqımızın ümummilli lideri Heydər Əliyev proqram xarakterli nitq söyləmiş və gənclərin xahişini yerinə yetirərək Gənclər Beynəlxalq Turizm Mərkəzinin yenidən onların istifadəsinə verilməsi haqqında göstəriş vermişdir.


1997-ci il fevralın 1-də forumun bir illiyi münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev tərəfindən 2 fevral “Azərbaycan Gəncləri günü”nün elan edilməsi haqqında fərman imzalanmışdır. Həmin tarixdən 2 fevral ölkəmizdə Gənclər günü kimi təntənəli qaydada qeyd olunur.

Bu gün də gənclərimizin milli ideyalar və ümumbəşəri dəyərlər ətrafında birləşməsi siyasəti daim dövlətimizin diqqət mərkəzindədir. Bu istiqamətdə işlərin daha səmərəli aparılması məqsədi ilə Prezident İlham Əliyevin Sərəncamı ilə 30 yanvar 2006-cı il tarixdə turizm sahəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Gənclər və İdman Nazirliyinin fəaliyyət sahəsi daha da konkretləşdi. Nazirlik yaradılandan sonra gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilmiş, Nazirliyin yeni strukturları formalaşmış, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır. Artıq bir neçə ildir ki, 29 iyul 1999-cu il tarixli “Dövlət gənclər siyasəti haqqında” fərman, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”ndan irəli gələn vəzifələr müvəffəqiyyətlə həyata keçirilir. Son illər həyata keçirilən tədbirlər, xüsusilə də 2007-ci ilin “Gənclər ili” qeyd edilməsi gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bu haqda ölkə prezidenti demişdir: “Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, bu çox vacibdir”. Respublika Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclərin ictimai-siyasi həyatında rolu getdikcə artır. Artıq hörmətli prezidentimiz İlham Əliyev gənclərimizin sevimlisi və dayağına çevrilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizin gələcəyi indiki gənclərdən asılıdır və buna görə də dövlət gənclərlə bağlı problemləri mümkün qədər qısa müddət ərzində həll etməlidir. Xüsusi olaraq qeyd etməliyik ki, son illər ərzində dövlətin düşünülmüş addımları gənclər siyasətinin əsas istiqamətlərindən olan gənclərin haqlarının, əmək və məşğulluq sahəsində hüquqi təminatlarının qorunması, sahibkarlıq fəaliyyətlərinə lazımi şəraitlərin yaradılması, gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi, fiziki və mənəvi inkişaflarına şəraitin yaradılması, uşaq və gənclər birliklərinin fəaliyyətinə dövlət dəstəyinin artırılması və digər məsələlərdə konkret nəticələr əldə etməyə imkan vermişdir. Bu gün sağlam həyat tərzinin təbliği, gənclər arasında mövcud olan narkomaniya və alkoqolizm kimi eybəcərliklərin tamamilə aradan qaldırılmasına xüsusi diqqət ayrılır. Son illər ölkə başçısının tapşırığı ilə istedadlı gənclərin üzə çıxarılması, asudə vaxtlarının səmərəli istifadəsi sahəsində çox işlər görülüb. Dövlətimiz müstəqil gənclər təşkilatlarının proqram və layihələrinin həyata keçirilməsində öz köməkliyini əsirgəmir. Ölkədə gənclərimizin beynəlxalq əməkdaşlığı və öz xarici həmyaşıdları ilə təcrübə mübadiləsinin aparılması üçün konkret tədbirlər həyata keçirilir. Bu gün tam əminliklə deyə bilərik ki, gənclərə diqqət və qayğı dövlət siyasətində əsas prioritetdir.

Möhtərəm Prezidentimizin 26 yanvar 2015-ci il tarixdə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etmişdir. Bu, Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının daha bir parlaq nümunəsidir.

Gənclərimiz bu gün qazandıqları uğurlar üçün respublika prezidentinə minnətdardırlar.

Hazırda rayonumuzdakı əhalinin 27900 nəfərini gənclər təşkil edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri sürətlə davam edir. Gənclərimiz rayonun sosial - iqtisadi inkişafının sürətləndirilməsi sahəsində həyata keçirilən işlərdə yaxından iştirak edir, şəxsi nümunə göstərirlər.

Rayon mədəniyyət evinin hazırladığı rəngarəng musiqi nömrələri tədbiri daha da şənləndirmişdir. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, idmanın müxtəlif növləri üzrə birincilik qazanmış gənclərə rayon icra hakimiyyəti və rayon gənclər və idman idarəsi tərəfindən Fəxri Fərman, diplom və qiymətli hədiyyələr verilmişdir.
Bolgexeber.com