BolgeXeber.Com » Bölgə » Əhalinin pay torpaqları istifadəsiz qalıb - VİDEO

Əhalinin pay torpaqları istifadəsiz qalıb - VİDEO

4-02-2015, 10:35
Oxunub: 3 239 Dünyada iqtisadi böhranın başladığı bir vaxtda Azərbaycan prezidentinin etdiyi sonuncu çıxışda diqqətimizi çəkən məqamlardan biri də Azərbaycanın kənd təsərrüfatına yararlı torpaqlarının istifadəsiz qalması idi. Bunadək qeyri-rəsmi məlumatlarda kəndlilərin əlindəki torpağın əksər rayonlarda ayrı-ayrı şəxslər tərəfindən alındığı xəbəri eşidilirdi. İş o həddə çatdı ki, bəziləri sadəcə torpaqları icarəyə götürüb, dövlətdən subsidiya alıb, lakin təyinatına uyğun xərcləmirdi. Torpağı əlində olan kəndlinin isə tam başqa problemi var.

Dövlət tərəfindən əkilib-biçilmək üçün verilən pay torpağını istifadəsiz qoyan kifayət qədər kəndli var. Onlardan kimisi kiçik sahələrə çəkilən zəhmətin səmərə vermədiyini, bəziləri də az qazanclı olduğunu əsas gətirərək payına düşən torpağı əkib-becərmir.

Fermer Salman Musayev bildirir ki, iqtisadi cəhətdən hesablayanda biçdiyi taxıl kombaynın borcunu ödəmir.

Əkin sahələrinin kiçik hektarlarla istifadəsinin səmərəliliyi az olduğundan bu torpaqların birgə istifadəsi - Kooperativlər məsələsi gündəmdədir. Hazırda rayonlarda bu cür fəaliyyət göstərən fermer birlikləri var. Amma onların saylarının artırılamasına ehtiyac var.

“Beyləqanda, İmişli zonasında iri fermer təsərrüfatı yaradılıb. Məhsuldarlıq təxminən iki dəfə artıb. Yəni başqa torpaqlarda hardasa 25-28 sentner taxıl götürürsə, indi həmin o iki fermer təsərrüfatında təxminən 56-58 sentner taxıl götürürlər. Yəni nə qədər torpaq sahələri iri olarsa, orda məhsuldarlıq daha da yüksək olar” – deyə millət vəkili Vahid Əhmədov qeyd edib.

Məhsuldarlığın yüksəlməsinin qarşısını alan daha bir səbəb də istifadəsiz qalan torpaqların hələ müəyyənləşdirilməməsidir. Bu torpaqların elektron uçotunun aparılması ilə bağlı hələ 5 il əvvəl müzakirələrə başlanılsa da, işlərə ötən ildən start verilib. Elektron uçot, kəndlidən ucuz qiymətə alınaraq bəzi imkanlı şəxslərin - oliqarxların əlində cəmləşən hektarlarla torpağın əkinə qaytarılmasına yardımçı ola bilər.

Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadənin sözlərinə görə, bununla bağlı görüləcək tədbirlər əsasən iki istiqamətdə olacaq: “Həm bununla iqtisadi stimullaşdırma məsələləri həyata keçiriləcək. Tutaq ki, istifadə eləmirsə onun vergisini artırmaq olar. Bu variantlardan biridir müzakirə olunur. Eyni zamanda digər inzibati də bununla bağlı tətbiq oluna bilər. Hal-hazırda bununlar hamısı müzakirə predmetidir. Çünki hansı sistemin tətbiq olunması ilə bağlı bütövlükdə hökumət yekun qərar verməlidir”.

Pay torpaqlarından optimal istifadə ilə bağlı bizdə indi müzakirə olunan çıxış yolları dünyada artıq çoxdandır ki, tətbiq olunur.

Ekspert Vüqar Bayramov əkilib-becərilməyən torpaqların qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün dünya təcrübəsindən yararlanmağı təklif edir.

Ekspert Vüqar Bayramov deyir ki, əgər pay torpağı istifadəsiz qalırsa, müəyyən müddətdən sonra bir sıra ölkələrdə bu üç il müddət göstərilir: “Əgər üç il müddətində pay torpağı istifadə olunmursa, avtomatik olaraq həmin pay torpağı dövlətin mülkiyyətinə keçir”.

Hələlik bu cür narahatçılığı olmayan pay sahibləri haqqında tədbirlərin görülməsinə dövlət başçısının tapşırığı ilə artıq başlanılıb.

“Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər. Daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. bu, yolverilməzdir” – deyə İlham Əliyev fikrini açıqalayıb.