BolgeXeber.Com » Bölgə » Oğlu məhbəsdə olan 2-ci qrup əlil anadan prezidentə müraciət

Oğlu məhbəsdə olan 2-ci qrup əlil anadan prezidentə müraciət

4-02-2015, 13:35
Oxunub: 2 957 Redaksiyaya Salyan şəhəri, Əliağa Kürçaylı küçəsi, 100 saylı evdə yaşayan Şahbazova Badam Əhmədağa qızı tərəfindən daxil olan müraciəti həyəcansız oxumaq mümkün deyil.

Azərbaycan Respublikası Prezidentinin adına yazılan ərizədə əyalət insanı, cinayət törətdiyinə görə oğlunun həbs olunmağını, amma bu cəzadan sonra ailəsinin qohum və qonşuların ümidinə qalmağını qeyd edir.

İsrarlı xahişini nəzərə alaraq, xanım Badam Şahbazovanın müraciətini ixtisarla təqdim edirik:

Hörmətli Prezident!

Bildirirəm ki, mənim 51 yaşım var, 2-ci qrup əlil olmaqla yataq xəstəsiyəm. Həyat yoldaşım 2010-cu ildə vəfat edib. 3 övladım var, onlardan biri yetkinlik yaşına çatmayıb.

Böyük oğlum Şahbazov Elməddin Aləddin oğlu 2012-ci ilin iyulunda bir qrup şəxs tərəfindən döyülən kiçik qardaşını müdafiə etmək məqsədilə onlara hücum edənlərdən birinin sağ ayağına cib bıçağı ilə xəsarət yetirib.

Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2013-cü il tarxli hökmünə əsasən oğlum Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Elməddin Şahbazov 2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. Amma uşaqlarımla dava edənlərdən heç biri məsuliyyətə cəlb edilmədi.

Oğlumun həbsi ailəmizin onsuz da ürəkaçan olmayan vəziyyətini daha da ağırlaşdırdı. Evimizə yeganə çörək gətirən Elməddin Şahbazov idi. O, həbs ediləndən bəri qohum-qonşunun ümidinə qalmışıq.

Hörmətli Prezident! Bir xəstə qadın, ana olaraq Sizdən acizanə xahiş edirəm ki, oğlumu mənə görə bağışlaya, ya cəzasının çəkilməmiş hissəsindən azad edə, ya da heç olmasa hazırda çəkdiyi cəzanı başqa (yüngülləşdirici) cəza növü ilə əvəz edəsiniz. infom.az