BolgeXeber.Com » Bölgə » Tərtərin Hacıqərvənd kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir

Tərtərin Hacıqərvənd kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir

10-02-2015, 19:40
Oxunub: 2 861 Rayon rəhbəri Novruz bayramında kənd sakinlərinin hər birinin evində “mavi qaz” yanacağını bildirmişdir

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayonun Hacıqərvənd kəndində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etmişlər.
Görüşdə iştirak edən kənd sakini Oktay Məhərrəmov, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Rövşən Həsənov və digərləri çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən danışmış, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Çıxışçılar qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Tərtər rayonunda uğurla həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən rayonumuzun mərkəzi ilə yanaşı kəndlərimiz də daim diqqət mərkəzində saxlanılır. Belə ki, uzun illərdir çəkilişi yarımçıq qalmış qaz xətlərinin çəkilişinə başlanılması və işlərin sürətlə davam etdirilməsi, əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyusunun qazılıb istifadəyə verilməsi kəndimizə göstərilən diqqət və qayğının təzahürüdür.
Sonra çıxış edən kənd sakinlərindən Şuşa Alışova, Musa Abbasov, Vəfa Abbasova, Eldar Alıkişiyev, Məhəbbət Həsənova, Asif Quluyev, Elhamin Verdiyev və başqaları 2014-cü ildə 1 ədəd yeni subartezian quyusunun qazılıb istifadəyə verilməsindən razılıqlarını bildirərək əlavə olaraq 1 ədəd də subartezian quyusuna ehtiyac olduğunu, Hacıqərvənd kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunması və bir sıra şəxsi məsələlər barədə rayon rəhbərinə müraciət etdilər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söhbət açmışdır. Rayon rəhbəri daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışmış, infrastrukturunun yaxşılaşdırılması üçün kəndlərimizdə görülən işləri qeyd etmiş, sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.
Sonra rayon rəhbəri Novruz bayramında kənd sakinlərinin hər birinin evində “mavi qaz” yanacağını bildirmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com