BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan xalqı şanlı Qələbə ilə fəxr edir

Azərbaycan xalqı şanlı Qələbə ilə fəxr edir

12-11-2022, 13:36
Oxunub: 29 520 Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
1992-ci il mayın 9-da Ermənistanın silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 25 min əhalisi olan Şuşa işğal olundu. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu.  İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələri məhv edildi. Şuşanın erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurdu.
28 il ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğalı ilə barışmadı, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanmışdır.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində – Şuşada dalğalanması hər birimizi qürurlandırır.
“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”-Ali Baş Komandan İlham Əliyevin 2 il əvvəl səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının qurulmasından xəbər verir.
2022-ci il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Həmçinin dövlət başçısı qeyd edib ki, “müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir”. Xüsusi olaraq vurğulanıb ki, “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.
Cənab Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daima qoruyub saxlayacağı inamını artırır!
 
İsrəfil Əslanov, 
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi