Əsas səhifə > Gündəm > Hacı İbrahim Nehrəmlidən iflasa uğradığı barədə xəbərə REAKSİYA - Deyir "adaları tikirəm"...

Hacı İbrahim Nehrəmlidən iflasa uğradığı barədə xəbərə REAKSİYA - Deyir "adaları tikirəm"...


5-01-2017, 12:50
Hacı İbrahim Nehrəmlidən iflasa uğradığı barədə xəbərə REAKSİYA - Deyir "adaları tikirəm"...Mediada “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) “Xəzər adaları” layihəsinin iflasa uğradığı və külli miqdarda borcunun olması səbəbindən Azərbaycanı tərk etdiyinə dair iddialar yer alıb

Məlumatda iş adamının həbs təhlükəsinin yarandığı və bu üzdən də Avropadan siyasi sığınacaq almaq üzrə olduğu bildirilir.

Modern.az məsələ ilə bağlı Hacı İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. İş adamı bu məlumatlara gülərək cavab verib:
“Mən Azərbaycanda, vətənimdə, işimin başındayam. Kim nə yazır yazsın. Hər halda məni axtaran, əlaqə saxlamaq istəyən saxlayır. Daha uydurma nələrsə yazmır”.

İ.Nehrəmli borcla bağlı məsələyə toxunmaq istəməyib. O eyni zamanda deyib ki, əksəriyyət “Xəzər adaları” layihəsinin iflasa uğramasını istəyir:
“Amma buna nail ola bilməyəcəklər. İnşallah işlər tam olaraq başlasın geniş məlumat verəcəyəm”.

Qeyd edək ki, "Xəzər Adaları" Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir...
Geri dön