Əsas səhifə > Analitika > Fazil Məmmədov və komandasını nə gözləyir?

Fazil Məmmədov və komandasını nə gözləyir?


12-01-2018, 11:20
Fazil Məmmədov və komandasını nə gözləyir?Fazil Məmmədov vergilər naziri vəzifəsindən kənarlaşdırılsa da, sabiq nazirin keçmiş fəaliyyəti ilə bağlı şikayətlər, məhkəmə çəkişmələri davam edir

Belə ki, Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

“APA-Economics”in məlumatına görə, “Naviqator Mobil Servises”, “Retail Solutions”, “Azəri-Türk LTD”, “Azerbaijan Steel Supply”, “Transport-Servis LTD”, “Effekt-M”, “Nicat-Nəzrin”, “Kraun” MMC-lər və “Azəraqrartikinti” ASC-nin “Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir. Bu şirkətlərlə yanaşı, fiziki şəxs Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Diqqət çəkən məqam isə budur ki, hazırda nazirlikdə sahibkarlarla işləyən əsas şöbə məhz Lokal Gəlirlər Departamentidir ki, onlar da zaman-zaman iş adamlarının fəaliyyətini çətinləşdirirlər. Bu baxımdan məhkəmə işlərinin Fazil Məmmədovun həbsinə qədər aparıb çıxara biləcəyi ilə bağlı iddialar da mətbuatda yer alıb.

Bəs görəsən, Lokal Gəlirlər Departamentinin əsas fəaliyyəti hansı istiqamətdədir və yeni nazir təyin olunduqdan sonra kadr islahatlarına niyə məhz bu departamentdən başlayıb?

Bu sualı cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, əvvəlki bir neçə departament Lokal Gəlirlər Departamenti adı altında birləşdirilib: “Vergilər Nazirliyində əvvəl bir neçə departament fəaliyyət göstərirdi. Daha sonra onlar Lokal Gəlirlər Departamenti adı altında birləşdirildi. Bütün vergi ödəyicilərinə bu departament nəzarət edir. Bakı şəhəri üzrə vergi yığımlarına bu orqan baxır. Əvvəllər İri vergi ödəyiciləri departamenti, audit departamenti və sair var idi. İndi bütün bu şöbələr bir yerdədir. Hazırda Nazirlikdə Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti var, bir də Vergilər Nazirliyi yayında Kiçik Sahibkarlarla iş departamenti var. Lokal Gəlirlər Departamenti əsasən iri və orta sahibkarlarla işləyir. İndi 9 şirkət nazirlikdən məhkəməyə şikayət edib. Onların şikayətləri müxtəlif xarakterli ola bilər. Əvvəllər, hətta Fazil Məmmədovdan əvvəl belə bir qayda var idi ki, məhkəmələr Vergilər Nazirliyinin əleyhinə qərar çıxartmırdı. Ancaq son illərdə vəziyyət dəyişib, məhkəmələr vergi ödəyicilərinin xeyrinə də kifayət qədər qərarlar çıxarır. Mən deməzdim ki, bu hər zaman ədalətin qələbəsidir. Çünki bəzi vergi ödəyicilərinin arxasında duranlar elə yüksək vəzifəli şəxslərdir ki, Vergilər Nazirliyini də udurdular. Ancaq bəzən adi sahibkarlar da vergilərdən məhkəmələrə şikayət edirdi və görürdün ki, onların xeyrinə qərar çıxarılıb. Bu baxımdan istisna etmirəm ki, bu 9 şirkətdən hansılarınsa xeyrinə qərar çıxarıla bilər. Bir məqam da var ki, adətən sahibkarlar haqlı olmadıqları işlər üzrə Vergilər Nazirliyindən şikayət etmirlər. Buna görə də böyük ehtimalla şikayətləri haqlıdır və ümid edək ki, qərar onların xeyrinə çıxarılacaq.”

64 nəfər işçinin nazirlikdən kənarlaşdırılmasına toxunan ekspert bildirdi ki, əgər yeni nazir vergilər nazirliyinin işçilərini məhz onlardan edilən şikayətə görə işdən azad edibsə, bu, çox müsbət haldır: “Fazil Məmmədovun məsuliyyəti məsələsi birmənalı deyil. Vergilər Nazirliyinin rəhbərliyi heç vaxt monolit olmayıb. Oradakı nazir müavinlərinin və hətta nazir müşavirlərinin də bir qismi reallıqda sabiq nazirin adamları olmayıb. Başqa himayədarları olub. Məsələn, Eldar Mahmudov. Buna görə də Vergilər Nazirliyində baş verən özbaşınalıqların və hüquq pozuntularının xeyli hissəsi Fazil Məmmədovla bağlı deyil. Amma təbii ki, nazir kimi onun ümumi məsuliyyəti danılmazdır, həm də konkret müəyyən pozuntulara görə də şəxsi məsuliyyəti istisna deyil. Bunu artıq istintaq müəyyən etməlidir”.

Əkrəm Həsənov hesab etmir ki, Fazil Məmmədovun həbsi məsələsi gündəmə gələ bilər: “Hər bir halda unutmaq lazım deyil ki, Azərbaycanda vətəndaşlara ilk şəffaf, rahat və korrupsiyasız xidmət təcrübəsini də məhz Fazil Məmmədov tətbiq edib. Söhbət kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatından gedir. Bu gün hamımızın bəyəndiyi ASAN xidmət fəaliyyətinin bir çox tərəflərini məhz Vergilər Nazirliyinin qeydiyyat idarəsindən götürüb. Vergilər Nazirliyinin digər müsbət fəaliyyət istiqamətləri də olub. Bütün digər dövlət qurumlarından sistemliliyi və hüquqi savadlılığı ilə həmişə seçilib. Nazirliyin xeyli əməkdaşı öz bilik və bacarığı sayəsində işə daxil olmuş adamlardır. Bütün bunlar da Fazil Məmmədovun işinin göstəricisidir. Bununla belə, əlbəttə ki, ölkədə sahibkarlara əziyyət verən əsas qurumlardan biri də həmişə Vergilər Nazirliyi olub. Buna görə də baş vermiş pozuntulara görə təqsirkarlar kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır. Xatırlatmaq istəyirəm ki, bu nazirliyin bir sıra sabiq rəhbər şəxsləri (o cümlədən keçmiş nazir müavinləri) hazırda da dövlətdə yüksək vəzifələr tutur. Onlar da Fazil Məmmədovun yetirmələridir”.
“Yeni Müsavat”
Geri dön