BolgeXeber.Com » Sosial » Bakıda küçədə 5 manata seks təklifi

Bakıda küçədə 5 manata seks təklifi

18-02-2013, 21:00
Oxunub: 27 794 Azərbaycanın müğənni tayfası klassiklərindən tutmuş, manıslarına qədər Bakı haqqında mahnı oxumağı özünə həmişə vətən qarşısında borc hesab edib. Bakının gözəl küçələrindən, çiçək qoxuyan bloklarından, fəvvarələrindən müğənnilər çox oxuyub. Lakin uzun müddətdir ki, Bakı haqqında heç kim şeir, mahnı yazmır. Yenə çox sağ olsunlar, yalanın pikinin bir addımlığından geri dönə bilirlər. Şəhərin küləkdə göylərdə uçuşan sellofanlarını quş, pəncərələrdən həyətə tullanan qida artıqlarını yara atılan çiçək kimi görmürlər.

Mənim üçün Bakı “28 May” metrosundan başlayır. “28 May” metrosunun həndəvərindən keçəndə hər dəfə qarışıq hisslər keçirirəm. Bir tərəfdən rayonlardan axışan müxtəlif insanlar, bir tərəfdən müştəri gözləyən fahişələr, alverçilər, dilənçilər, bahalı alış-veriş mərkəzi və Cəfər Cabbarlı...
Elə dostlar var ki, “28 May” ətrafından keçəndə özünü avtomatik olaraq təhqir olunmuş hiss etdiyini deyir. Mənsə özümü təhqir olunmuş yox, xoşbəxt hiss edirəm. Az-maz istedadı olan, romana iddialı hamını gününün 2-3 saatını burda keçirməyə dəvət edirəm. “28 May” metrosu tərəfdə istənilən simada, görünüşdə insan tapmaq mümkündür. Şəhərin ən çox insan və hadisə qaynayan yerlərindən biridir. “28 May” metrosu təkcə Bakının yox, elə bütün Azərbaycanın mərkəzi və simasıdır.
Metronun çıxışından sağa, pilləkənlərlə qalxan yol, yolun üstündəki bazar Tiflisin köhnə, kasıb məhlələrini xatırladır. Bakının əvvəlki ab-havasını saxlayan tək-tük yerlərindən biridir.

“İstədim ki, boğam əlim gəlmədi”

Metrodan üzüyuxarı isə bizi Səməd Vurğunun illərlə lətifələrə səbəb olan, milyonların xatirəsi yatan heykəli qarşılayır. Heykəl əvvəllər axşam saatlarında parklarda öpüşən sevgililəri qoruyurdu, gündüzlər vaxt keçirməyə gələn təqaüdçülərin başını qatırdı. İndi isə heykəl 3-5 manata bəzən də daha ucuz qiymətə seks xidməti göstərən qadınları qoruyur.
Səməd Vurğunun heykəlinin qoyulduğu bağda indi əvvəlki kimi oturmaq, vaxt keçirmək mümkün deyil. Parkda nəinki oturmaq, heç burdan keçmək də çətinləşib. Park demək olar ki, 24 saat seks xidməti göstərən qadınların ixtiyarındadır. Günün-günorta çağı, şəhərin ortasında seks xidməti təklif edilir, müştəri ilə sövdələşmə aparılır. Seks xidməti isə ən yaxşı halda yaxın ərazilərdəki evlərin birində, ən pis halda isə parkda yerləşən ictimai tualetdə baş tutur. Bəli! Yanlış oxumadınız! Məhz ictimai tualetdə!
“Səməd Vurğun” bağındakı iş rejimini bizə Seva danışır.

Onun əsil adı Sevincdir. Adını tam olaraq demək istəmir. Ümumiyyətlə, danışmaq istəmir. Çünki o bu bağa danışmaq, hava almaq məqsədi ilə yox, bədənini satıb çörək pulu qazanmaq üçün çıxıb. Sevinc burdakı “işini” təbii olaraq boynuna almır. Deyir ki, burda tanışını gözləyir. Burdakı “iş sistemini” isə bir zamanlar ərazidə fahişəliklə məşğul olan rəfiqəsindən eşidib. Birsaatlıq söhbət müddətində Sevincin gözlədiyi tanışı gəlib çıxmır ki, çıxmır. Soruşanda isə mənə əsəbiləşib, söyüb parkdan uzaqlaşır.

Sevinc “Tez-bazar” dan danışır

“Səməd Vurğun” bağında, bağın ortasında yerləşən ictimai tualetdən həm də tualet kimi istifadə edilir. Tualetə üzbəüz pilləkənlər enir. Pilləkənlərin biri kişi tualetinə, digəri qadın tualetinə düşür. Qadın və kişi tualetini isə yalnız bir qapı ayırır. Bağın içində razılığa gələn müştəri və seks xidməti göstərən qadın hərəsi bir pilləkəndən tualetə enir. Qadın tualetinin yerləşdiyi hissədə isə iki adamın güclə sığışdığı koğuşabənzər otaq yerləşir. Razılaşan qadın və kişi bu otağa daxil olur... Otağın xərcini isə qadın ödəyir. Bu əvvəlcədən razılaşdırılmış qayda ilə baş tutur. Sevinc deyir ki, bu prosesə qızlar öz aralarında “tez-bazar” deyirlər. Bu isə onlara sərf edən variantdır. Çünki vaxtları az gedir. Tualeti işlədən qadın isə gün ərzində 5 müştəriyə görə ondan cəmi 2 manat pul alır. Bu da qadınlara sərf edir.
Tualetə enməyə cəhd edirik. Tualetdə pul toplayan qadın bizi görən kimi tez ayağa qalxır. Nə istədiyimizi soruşur. Həyəcanlanır. Fotoqrafımız Elxana o biri pilləkəndən enməli olduğunu deyir.

Nabələd olduğumuzu görüb bizi qışqıra-qışqıra pilləkən yuxarı qovur. Sevincin dedikləri öz təsdiqini tapır.
“Səməd Vurğun” bağında cüt oturan, gəzən qadın görə bilməzsiniz. Hamısı bir-birinə potensial düşmən kimi baxır. Burda seçimi müştəri edir. Müştərisi olmayan qadın isə olanlarla yola getmir. Gün ərzində iki saat bağda gəzsəniz, saysız-hesabsız söyüş eşidib çoxlu dava şahidi ola bilərsiniz. Qadınlar bir-birlərini bağın bu başından o başına söyüşlərlə təhqir edirlər. Dalaşanda isə bir-birlərini fahişəlik etməkdə günahlandırırlar. Qadının başqa qadına ən ağır söyüşü, təhqiri onu müştərilərə oral seks xidməti göstərməkdə günahlandırmasıdır. Halbuki, Xalidə adlı qadının dediyinə görə bu xidməti ərazidə işləyən bütün fahişələr göstərir.

Xalidənin 45 yaşı var. Lakin ona ən az 50-55 yaş vermək olar. Yaxınlaşdığımızı görən kimi bizi söyməyə başlayır. Onu sakitləşdirməyə çalışıram. Fotoqraf uzaqlaşsa, danışacağını deyir. Xalidə həyatını nəql edir. Nə qədər doğru olub olmadığını bilmirəm. Salyan rayonundan Bakıya ərə gəlib. Ərə gələndən iki ay sonra bilib ki, evləndiyi insanın ailəsi var. Valideynləri onu geri qəbul etməyib. Məcburən Bakıda qalıb. Bu hadisə 12 il əvvəl baş verib. Özünə kirayə ev tutub yaşamağa başlayan Xalidə ərə gələndə ona alınan qızılların hamısını satıb xərclədikdən sonra tamamilə pulsuz qaldığını anlayıb. Sonra kafedə işləməyə başlayıb. Kirayə pulu verə bilmədiyinə görə kafedə yaşamağa başlayıb. Kafedəki bir neçə qadınla axşamlar müştərilərə seks xidməti göstərməyə başlayıb. Beləliklə, bu yolun “yolçusuna” çevrilib. Sonralar isə yaşının keçdiyinin, “qiymətinin” sürətlə aşağı düşdüyünün fərqinə varıb. O, əvvəlki kimi kafeyə gəlir gətirə bilmədiyinə görə uzaqlaşdırılır. Vəziyyəti getdikcə çətinləşir. İş elə gətirir ki, seks xidməti göstərən qadınlar arasında ən ucuz yerə, “Səməd Vurğun” bağına gəlib düşür...

Fast Food seks

Sosioloqların fikrinə görə, 10 il sonra təmtəraqlı kafe və restoranlar öz əhəmiyyətini itirəcək. İnsanlar ayaqüstü qidalanmağa o qədər aludə olacaqlar ki, normal qidalanma adətləri itib gedəcək. Dünya əhalisinin vaxtdan şikayətlənməsi təkcə qidalanmaya yox, seks həyatlarına da təsir edəcək. Seks üçün heç kim xüsusi saat və vaxt ayırmayacaq.
Vaxt qıtlığı, hər şeyin getdikcə banallaşması, adiləşməsi seks industriyasından da yan ötməyib. Amsterdamın məşhur “Qırmızı küçəsi” də artıq bu “tez-bazar”lığa meyllənib. Araşdırmaçılar deyir ki, “Qırmızı küçə”nin qızları daha əvvəlki kimi pəncərə arxasında saatlarla dayanıb striptiz göstərmirlər. Bunu onlar vaxt itkisi hesab edirlər.


Sevanın da yuxarıda dediyi kimi, “Qırmızı küçə” olmasa da, Səməd Vurğun bağında da qızlar “sürətlə işləməyi” bacarır. Gün ərzində ən az “işləyən” qızın 7-8 müştərisi olur.
Bağda var-gəl edən, əlindəki pivə butulkasını ehtiyatla zibil qutusuna atan sarışın, orta yaşlı kişi diqqətimizi cəlb edir. Ona yaxınlaşıb danışmasını xahiş edirik. Məlum olur ki, Sloveniyadan gəlib, adı Alekseydir . 1 ildən çoxdur ki, Azərbaycanda fəhləlik edir. “Səməd Vurğun” bağına gəliş-gedişinin məqsədi də burda fahişəlik edən Vüsalə adlı 30 yaşlarında bir qadındır. Dediyinə görə Vüsalə burdakılardan fərqlənir. O biri qadınlar kimi pulu aldıqdan sonra aradan çıxmır. Alekseyin dediyinə görə, Bakı onun indiyə qədər gəzdiyi ölkələrin içində seks xidməti göstərən qadınların qiymətinə görə ən ucuz yerlərdən biridir. Sadəcə olaraq Bakıdakı seks xidməti göstərən qadınlara pulu əvvəlcədən vermək olmaz. Yoxsa, pul da gedər... Alekseylə Sevanın oral seks mövzusundakı fikirləri də eyni idi. Bakıda ən ucuz seks növü oral seksdir.. Fahişəliklə məşğul olan qadınların hamısı bunu pisləsələr də, eyni xidməti göstərirlər.

Səməd Vurğunla üzbəüz- həmyerlisi sürücü Akif

Heykəllə üzbəüz dayanan taksilərin bəziləri burda fahişəlik xidməti göstərən qadınlarla razılaşdırılmış işləyir. Hər müştəriyə görə mənzil başına 2 manat pul alınır. Pulu isə müştəri ödəməli olur. Pulun azalıb artmasına təsir göstərən amil isə müştərinin xam və ya tez-tez gələn olmasıdır. Akif adlı sürücü deyir ki, burdakı qızlarla çox ciddi problemlər yaşamır. Bəzən elə olur ki, ona veriləcək pulu özlərinə götürürlər. Bu bir neçə dəfə təkrar olunduqdan sonra həmin qızla işləməkdən imtina edir.

Söhbətin sonunda Akif etiraf edir ki, maşınından istifadə etmək üçün əvvəllər icazə verirmiş. Gün ərzində 20-30 manat qazanırmış. İndi isə bunu özünə icazə verə bilmir. Çünki buna görə bir dəfə həbs edilib.

Səməd Vurğun bağında gəzişən, sövdələşmə aparan qadınların çoxu ilə söhbət edə bilmirik. Ağaclıqda sövdələşmə edən cütlük fotoqrafımızın obyektinə tuş gəlir. Qadın çəkinmədən, qaça-qaça fotoqrafın üstünə hücum çəkib söyməyə başlayır.

Səməd Vurğun bağından ayrılırıq. İçimdə dağ boyda kədər hiss edirəm. Mənə elə gəlir ki, bağın girişində “Ən ucuz qadınlar burada” yazılıb. Qadınlıq heysiyyatım sarsılır. Amma gördüklərim də həyatın başqa bir üzüdür. Reallıqdır. Reallıq odur ki, Bakıda, gündüz günorta çağı, qadın özünü, bədənini bir tikə çörəyə görə satışa çıxarmaq məcburiyyətində qalıb. O, təbiətin ona verdiyi xəzinəni xırdalayır. Bədənini satır. Onlara ikrah hissi ilə baxanlar, iyrənənlər, nifrət edənlər aşağılayanlar çoxdur. Ancaq bir tikə çörəyini paylaşa bilmədiyin insanı qınamaq haqqını da bizə heç kim verməyib.

P.S. Cənnətin qadınların ayağının altında olmasına məni inandırın. Səməd Vurğun bağında bədənini satışa çıxaran bir qadına iş tapmaqla...

Günay
Fotolar Elxan Əliyevindir