BolgeXeber.Com » “Dəmirbank”da müdhiş maxinasiya

“Dəmirbank”da müdhiş maxinasiya

6-02-2015, 13:15
Oxunub: 2 343 Kreditin verilmədiyi 7 ildən sonra “yada düşüb”

Məlum olduğu kimi bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox bankların müştərilərlə iş əsasında yaranan problemləri əksər hallarda vətəndaşlara verilən kreditlərin ödənişləri, daha doğrusu bu ödənişlərin həyata keçirilməməsi xüsusunda təzahür edir. Eyni zamanda da qeyd etmək lazımdır ki, bu yaşananları daha çox bank üçün deyil, məhz müştəri üçün yaranmış problem kimi təqdim etmək həqiqətə daha uyğun olar. Məsələ bundadır ki, kredit ödənişlərinin həyata keçirilməməsi xüsusunda baxılan məhkəmə işlərinin demək olar hamısında hakimlər qanunlara hərfən əməl etməklə, hər dəfə bankların xeyrinə qərar çıxarırlar. Halbuki, obyektiv araşdırma aparıldığı təqdirdə, bir çox hallarda problemli halların məhz bank işçilərinin yol verdikləri bu və ya digər qanun pozuntuları səbəbindən yarandığını aşkar görmək olar. Məsələn, bir müddət bundan əvvəl bu sətirlərin müəllifi belə bir hadisənin şahidi olmuşdu. Bir vətəndaş müəyyən maliyyə problemləri səbəbindən öz evini satmaq qərarına gəlmişdi. Bu məqsədlə onun müraciət etdiyi tanışlarından biri isə, həmin vətəndaşa bildirir ki, onun nüfuzlu banklardan birində dostları işləyirlər və bu dostların vasitəsilə satışa çıxarılmış evi “ipotekaya qoymaq” olar. Beləliklə də aylıq cüzi ödəniş müqabilində həm ev “əldən çıxmaz”, həm də əldə olunan pulla problemlər həll olunar. Bu hadisənin bütün təfsilatları və acınacaqlı nəticələri barədə ətraflı material hazırlamaq üçün əlimizdə bütün faktlar olsa da, dostumuz hələ ki, buna öz razılığını verməyib.Lakin bu günlərdə redaksiyamıza daxil olmuş digər bir məlumatda başqa bir bankın əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntuları səbəbindən zərər çəkmiş vətəndaş, başına gələnlər barədə ətrafı açıqlamalar təqdim edir. Öz ərizəsində Cəfərova Səidə Məmmədağa qızı bildirir ki, 2007-ci ildə onun tanışı, Ağamalıyeva Səbinə Səlim qızı bank kreditinə ehtiyacı olduğunu əsas gətirərək öz rəfiqəsindən kömək istəyir. Səbinə Ağamalıyeva deyir ki, onun “Dəmirbank”ın “Həzi Aslanov filialı”nda tanışı var və əgər adına kredit sənədləşdirmək üçün müvafiq tələblərə cavab verən bir nəfər olarsa, həmin tanış bu krediti ayıra bilər. Rəfiqəsinə kömək etmək məcburiyyətində qalan Səidə Cəfərova öz razılığını verir. Bu məqamda həlledici amillərdən biri də bu olur ki, “Dəmirbank”ın kredit verən əməkdaşı sənədləşmənin formal tərtib edildiyini və əsil borcalanın da məhz Səbinə Ağamalıyeva olduğunu dəqiq bilirdi. Beləliklə 2000 ABŞ dolları məbləğində kredit Səidə Cəfərovanın imzası ilə Səbinə Ağamalıyevaya verilir. Ərizəçi bildirir ki, ilk vaxtlarda o, ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət edirdi. Belə ki, ilk üç ayı Səbinə Ağamalıyeva aylıq ödənişləri özü edir. Bundan sonra o, Moskvaya getməli olur və artıq ödənişlər Səbinənin bacısı Nərminə tərəfindən həyata keçirilir. Ödənişlərin normal həyata keçirildiyini görən Səidə Cəfərova isə bir müddət sonra sayıqlığı itirir və sonrakı ödənişlərə artıq nəzarət etmir. Digər tərəfdən də “Dəmirbank” tərəfindən heç bir zəngin, heç bir xəbərdarlığın olmaması da Səidəni ödənişlərdə problemin olmadığına inandırır. Yalnız 2014-cü ildə Səidə Cəfərova, barəsində məhkəmədə iddia qaldırıldığına dair bildiriş alır. Məlum olur ki, 2007-ci ildə onun adına verilmiş kredit üzrə ödənişlər cəmi 6 ay ərzində həyata keçirilib. “Dəmirbank” isə yalnız 7 ildən sonra, həm də “Həzi Aslanov filialı” artıq bağlandıqdan sonra “əl-ayağa düşüb”. Əlbəttə ki, həyəcan siqnalı kredit sənədlərinin imzalanmasının 7-ci ilində deyil, 7-ci ayında çalınsaydı, Səidə Cəfərovanın da ödənişləri Ağamalıyeva bacılarından almaq imkanı daha böyük olardı. Bu gün isə həmin şans demək olar ki, sıfıra bərabərdir. Bu vəziyyətin yaranmasına səbəb isə böyük ehtimalla Səbinə Ağamalıyevanın “Dəmirbank”dakı tanışının aldığı 5-10 manat müqabilində ödənişlərin olunmadığını uzun müddət ört-basdır etməsi olub...