BolgeXeber.Com » Analitika » Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir

Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir

6-05-2024, 14:39
Oxunub: 2 352
Bakı artıq beynəlxalq arenada vacib məsələlərin müzakirə edildiyi, mühüm qərarların verildiyi məkan kimi xarakterizə edilir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir.  Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və bu forumda iştirak etmək üçün ölkəmizə 110 ölkənin 700 nümayəndəsinin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verir. Bakı prosesi dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi. Məhz bu baxımdan ölkə prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. 

     Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan bir dövlət başçısı olduğunu vurğuladılar. Dünyada sivilizasiyalararası qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Eləcə də, bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübutu oldu.
     Bildiyimiz kimi, dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir: “İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Azərbaycan da bu məsələyə çox fəal qoşulmuşdur. "Yaşıl iqtisadiyyat", “Yaşıl əmək” konsepsiyalarına keçid, bərpaolunan enerji və bir sıra digər layihələr buna misaldır. Forumda çıxışı zamanı Azərbaycanın COP29-a ev sahibliyi etməsini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”. 
     Prezident Əliyev konfrans iştirakçılarına Azərbaycanın müharibə yolu ilə sülhə nail olmağa məcbur olduğunu da xatırlatdı: “BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik”. 
     Azərbaycan öz ərazisində separatizmi məhv edən ilk ölkə olaraq ləyaqətlə mübarizə apardı, erməni işğalına son qoydu, ədaləti bərpa etdi. Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan bu gün regionda sülh və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlardan istifadə edir. Məhz rəsmi Bakı Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. 
     Ümumiyyətlə, qeyd etmək olar ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun platforması tək bölgəmiz üçün deyil, bütün dünya üçün yeni reallığa əsaslanan, ayrı-seçkilikdən, ikili standartlardan uzaq, sülh, sabitlik və ədalətli əməkdaşlıq erasına keçmək üçün başlanğıcdır.


     Elvin Dadaşlı,
Salyan rayon Arxarası kənd ümumi orta məktəbin direktoru