BolgeXeber.Com » Biznesmen məmurlar və deputatların gizli planı üzə çıxdı

Biznesmen məmurlar və deputatların gizli planı üzə çıxdı

3-06-2015, 09:21
Oxunub: 2 062 Biznesmen məmurlar və deputatların gizli planı üzə çıxdıRusiyada məmurlara və deputatlara bizneslə məşğul olmağı qadağan edən qanunun ləğv olunmasını Azərbaycanda da həyata keçirmək istəyənlər var

Ölkədə bizneslə məşğul olan vəzifəli adamlar biznes fəaliyyətlərinə qanunda olan qadağanın aradan qalxmasını istəyirlər. Bu barədə modern.az saytı məlumat yayıb. Xəbərdə deyilir ki, bununla bağlı müəyyən addımların atıldığı, lakin sonda müsbət nəticə vermədiyi barədə xəbərlər var.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da sözügedən qadağanın götürülməsinə çalışanların olduğunu təsdiqləyib. Onun dediyinə görə, belə fikirlər formalaşdırmağa başlayıblar ki, məmurlar, icra başçıları bizneslə məşğul ola bilərlər. Hətta buna görə qanunda dəyişiklik də etmək istəyirdilər. Deputat qanuna belə bir dəyişiklik cəhdinin qəti əleyhinə olduğunu bildirib: “Bəzi insanlar qanuna bu dəyişikliyin qəbulunun tərəfdarı olsalar da, mən əleyhinəyəm. Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam.

Kimlərsə yeni qanunla məmurlara bizneslə məşğul olmaq imkanı verilməsini istəyirlər. Mənim fikrimcə, biznes biznesdir, hökumət hökumət. Bunu birləşdirməyin yeri yoxdur".

Vahid Əhmədov onu da vurğulayıb ki, hökumət adamı dövlətin işi, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətin təmin edilməsilə məşğul olmalıdır: “Məmurun vəzifəsi budur. Eyni zamanda Azərbaycanda sahibkarlığın, biznesin inkişafı üçün şərait yaradılmalı, maneə törədilməməlidir. Bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər.

Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin”.

Onu da bildirək ki, bu ilin mayın əvvəlində Rusiyada məmurlara və deputatlara bizneslə məşğul olmağı qadağan edən qanun müddəası bir neçə şərtlər qanuna əlavə edilməklə ləğv olunub. O zaman açıqlamasında deputat Fazil Mustafa gec-tez Azərbaycanda da bu addımın atılacağını bildirmişdi: “Rusiya Dumasının atdığı addımın Azərbaycanda da təkrarlanması gözləniləndir. Bəllidir ki, son vaxtlar Rusiya nə edirsə, biz də onu təkrarlayırıq. Çox güman ki, Rusiyada atılan sözügedən addımın küləyi əvvəl-axır bizə gələcək”.

F.Mustafanın özü qanundakı sözügedən qadağanın ləğvinin tərəfdarıdır. O “Yeni Müsavat”a açıqlamasında bu istiqamətdə təkliflərini də dilə gətirib: “Faktiki olaraq Azərbaycanda bütün məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Çox az sayda orta səviyyədə məmurların buna imkanı yoxdur. İmkanı olan onun-bunun adı ilə onsuz da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qanundakı məlum qadağa faktiki olaraq işləmir, hüququn buna müdaxilə eləmək imkanı yoxdur. Faktiki real həyatda məmurlar bizneslə məşğuldurlar. Ona görə də, məncə, bunu hüquqa uyğunlaşdırmaq, leqallaşdırmaq daha düzgün olardı ki, hər kəsin nəyi var ortaya çıxsın, hər kəs real məşğul olduğu işlə məşğul olsun və başqasının adı ilə bunu etməyə də gərək qalmasın”.

Fazil Mustafa hesab edir ki, qanundakı məlum qadağa bizneslə məşğul olan məmurlara sərf etmir, onların ziyanınadır: “Onsuz da tutanda hamının nəyi var əlindən alırlar, onsuz da bilinir ki, kimin harda nəyi var. Çox az şeyi gizlətmək mümkün olur. Gizlədilənlər isə üzə çıxanda məmurun işi daha da ağırlaşır. Ona görə də qanundakı o qadağanı aradan qaldırıb məmurların sahibkarlıqla məşğul olmasını qanuniləşdirmək lazımdır. Qoy adamlar rahat biznesləri ilə məşğul olsunlar, nələrisə gizlətməsinlər”.