BolgeXeber.Com » Yelmar Vəliyev YAP-ın təmsilçisi rolunda

Yelmar Vəliyev YAP-ın təmsilçisi rolunda

26-10-2010, 14:05
Oxunub: 2 814
Yevlaxın icra başçısı çıxışlarında YAP-ı dilindən düşürmür; Rayonda yerləşən dairələrdə hakim partiyanın namizədlərini dəstəkləmək barədə tapşırıq verilib

Rayon icra başçılarının dairələrdə hakimiyyət namizədlərini kobud qanun pozuntuları hesabına dəstəklədiyi barədə yazmaqdan yorulduq, lakin rayon rəhbərləri bu tip əməllərdən yorulmaq, usanmaq bilmir. Elə gün olmur ki, redaksiyamıza hansısa rayonun icra başçısının həmin rayondakı hakimiyyət və ya YAP namizədini dəstəklədiyi barədə məlumat daxil olmasın. Lakin rayon rəhbərləri hələ də inadlarından dönmür, saxtakarlığı davam etdirirlər. Redaksiyamıza gələn bilgilər də bunu təsdiqləyir.

Bu barədə daxil olan son məlumatlardan birində isə Yevlax rayonunun İcra başçısı Yelmar Vəliyevin törətdiklərindən bəhs edilir. Rayon sakinlərindən redaksiyamıza daxil olan məlumatda deyilir ki, İcra başçısı Yelmar Vəliyev Yevlaxda yerləşən Tütün zavodunun klubunda rayon müəllimləri ilə görüş keçirib. İcra başçısı görüş zamanı orta məktəb müəllimlərinə YAP-ın fəaliyyəti barədə geniş məlumat verib. Bununla yanaşı, Yelmar Vəliyev bütün müəllimləri seçki günündə 48 saylı Yevlax şəhər və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. Mənbəmiz deyir ki, müəllimlərlə görüşdə YAP namizədlərinə səs verməyi istəyən icra başçısı daha sonra məktəb direktorlarına qəti şəkildə tapşırıq verib ki, Yevlaxdakı bütün müəllimlər bir qayda olaraq, hakim partiyanın namizədinə səs versin. Əks təqdirdə, bunun cəzasını məktəb direktorları vəzifə itgisi ilə əvəzləyə bilər.

Qeyd edək ki, 48 saylı Yevlax şəhər seçki dairəsində hakim partiyanın vahid namizədi millət vəkili İlham Məmmədov, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən isə millət vəkili Əli Hüseynovdur. Hər iki şəxsin dairəsində müxalifətin güclü namizədləri bir qayda olaraq, qeydə alınmadı və iki millət vəkili də seçkilərə demək olar ki, alternativsiz girdilər.