BolgeXeber.Com » İnternet olmasa ölkədə nə baş verər? - AKTUAL

İnternet olmasa ölkədə nə baş verər? - AKTUAL

18-11-2015, 10:15
Oxunub: 981 İnternet olmasa ölkədə nə baş verər? - AKTUALİnternetin olmaması təkcə bankların işinə deyil, ilk növbədə onlayn mətbuatın fəaliyyətini sıfıra endirdi

Ötən gün Azərbaycanda internetin kəsilməsi insanlar arasında şok effekti yaratdı. Ölkə ərazisində 6 saat internetin olmaması ilk növbədə onlayn KİV-lərin işini dondurdu. Bundan əlavə internet problemi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların və bank sektorunun fəaliyyətində ciddi problemlər yaşatdı.

İqtisadçı Samir Əliyev azvision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bir neçə gün internet olmasa ölkə iqtisadiyyatına ciddi ziyan dəyə bilər.
“Bu gün həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Hazırda bütün iqtisadi əməliyyatlar internet üzərindən həyata keçirilir. Elektron hökumətin yaradıldığı bir zamanda bir sıra yazışmalardan tutmuş, pul köçürmələrinədək bir çox mühüm əməliyyatlar internet vasitəsilə gerçəkləşir. Odur ki, bir neçə saatlıq internet kəsintisi bu kimi əməliyyatların yerinə yetirilməsində ciddi problemlər yaradır”.

İqtisadçı hesab edir ki, internetin bir əldə cəmləşməsi bu kimi problemlərə yol açır. Odur ki, bir neçə şirkət əsas internet provayderi funksiyasını daşımalıdır ki, gələcəkdə belə hallar baş verməsin: “Bütün nağdsız ödənişlərin hamısı banklar vasitəsilə aparılır. Düzdür, Azərbaycanda nağdsız ödənişlər Avropadakı kimi yayılmayıb. Buna görə də internet kəsintisi böyük məbləğdə ziyan vurmayıb. Bir neçə saatlıq internetin olmaması Avropada daha böyük maliyyə itkisinə səbəb ola bilərdi”.

S. Əliyevin sözlərinə görə, internetin bir neçə saatlıq kəsilməsi ölkəyə milyonlar bahasına baş gələ bilər: “İnternetin bir neçə saatlıq kəsilməsinin ölkə iqtisadiyyatına nə qədər ziyan vurmasını müəyyən hesanlamalarla müəyyən etmək olar. İlkin olaraq hansı sahələrə, sektorlara zərər vurduğunu öyrənmək üçün ilk olaraq həmin sektorların bir saatlıq dövriyyəsi müəyyənləşməlidir. Nəzərə alsaq ki, bank sektorunda sistem işləməyib, əməliyyatlar aparılmayıb, hesab edirəm ki, burada milyonlardan söhbət gedir. İtkinin neçə milyon olmağını demək çətindir. İlk növbədə bunun hesablamaları aparılmalıdır”.

İnternetin olmaması təkcə bankların işinə deyil, ilk növbədə onlayn mətbuatın fəaliyyətini sıfıra endirdi. Nəzərə alsaq ki, elektron KİV-lərin işi sırf internet üzərində qurulub, o zaman şəbəkənin olmaması bu sahənin çökməsindən xəbər verir.

Mediya üzrə ekspert Qulu Məhərrəmlinin fikrincə, internetin kəsilməsi ölkə üçün ciddi mesaj idi.
“Bu problem təkcə kütləvi informasiya vasitələri üçün yox, həm də dövlət qrumları üçün təhlükəlidir. Ölkədə fərqli internet istehsalçıları olmalıdır. Əvvəla bu rəqabət üçün şərait yaradır və belə vəziyyətlərdə alternativ variantları ortaya qoyur. İnternet bu gün məişətin ayrılmaz hissəsinə çevrilib. İndiki vaxtda xəbər bizim üçün ərzaqdan, qidadan daha önəmlidir. İnternetin olmaması işığın sönməsi, gözün görməməsi, qaranlığın yaranması kimi ciddi məsələdir. Hazırda bir çox sahələrin işi məhz internet üzərində qurulub. Təbii ki, internet olmasa onlayn KİV-lər kimi digər sahələr də çökər. O cümləən dövlət internet təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir”
Bolgexeber.com