BolgeXeber.Com » Yeni qaydalar ünvanlı yardım mexanizmində nəyi dəyişir? - ŞƏRH

Yeni qaydalar ünvanlı yardım mexanizmində nəyi dəyişir? - ŞƏRH

12-02-2016, 15:33
Oxunub: 1 526 Yeni qaydalar ünvanlı yardım mexanizmində nəyi dəyişir? - ŞƏRHYeni qaydalar ünvanlı sosial yardım prosesində hansı dəyişikliklərə gətirəcək?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nı təsdiq edib.
Bununla əlaqədar“Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli qərarı ləğv edilib.

Yeni qaydalar ünvanlı sosial yardım prosesində hansı dəyişikliklərə gətirəcək? TİA.AZ-ın bu sualını cavablandırna iqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun dediyinə görə, yeni qaydalara əsasən
Təhsil haqqı ödəyənlərə və kiçik krediti olanlara da sosial yardım veriləcək: "Ünvanlı dövlət sosial yardımının verilməsi qaydaları əsaslı şəkildə dəyişib. ÜSY-nin verilməsi ilə bağlı Nazirlər Kabinetinin köhnə qaydaları qüvvədən düşüb, yeni qaydalar qüvvəyə minib. Dəyişikliklər çoxdur. Ən önəmli olanları isə bunlardır:
1. Əvvvəlki qaydalardan fərqli olaraq artıq dəqiq şəkildə müəyyən olunub ki, bu sosial yardım kimlər üçün nəzərdə tutulur, “və sair” kimi rüşvətə əl yeri qoyan təyinlərdən istifadə olunmur.
Qaydalarda konkret yazılır ki, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər:
- ailə üzvünün əmək qabiliyyətini itirməsi;
- əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; (yenidir-red.)
- ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; (yenidir-red.)
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;
- ailə üzvünün vəfat etməsi;
- ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
- ailə üzvünün azadlıqdan məhrum edilmə
- ailə üzvünün olduğu yerin məlum olmaması.
2. Əvvəllər sosial yardım üçün yalnız könüllü şəkildə seçilmiş əmək yetkinlik yaşda olan ailə üzvlərindən biri ailə adından müraciət edirdi.
Artıq ailədə belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər.
3. Artıq sosial yardımın alınması üçün həm elektron qaydada, həm də əvvəlki kimi kağız əsasda müraciət etmək mümkündür.
Qaydalar seçimi müraciət edənin öhdəsinə buraxır. ƏƏSMN-nin elektron qaydada məlumatlardan istifadə etməsi üçün 22 dövlət orqanı və təşkilatının məlumatlarına çıxışı olacaq.
4. Tələb olunan sənədlərin sayı 5 dəfə azaldı!
Bu da o deməkdir ki, artıq sosial yardım almaq istəyən ailə 3 forma doldurmayacaq və ondan əlavə 12 sənəd istənilməyəcək. Sizi yormamaq üçün əvvəllər hansı sənədlərin tələb olunduğunu yazmıram, indi heç bunu əhəmiyyəti də yoxdur. Artıq sosial yardım üçün 3 sənəd (dəxli yoxdur, elektron qaydada müraciət edirsən, yoxsa kağız əsasda) tələb olunur:
- şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);
- təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edilməsi zəruridir);
- ərizə-bəyannamə (2 nömrəli əlavə)
Zəruri qeyd: Hələ ki burda bir əmma var ki, sənədlərin sayı təxminən 6 aydan sonra bu qədər azalacaq.
Yeni qaydalara görə, “Elektron hökumət” portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına ƏƏSMN-in çıxışı təmin edilənədək həmin arayış və məlumatlar Təmsilçi tərəfindən bu qurumlardan kağız formasında alınmalıdır.
5. Sosial yardımın verilməsindən imtinaya əsas yaradan hallar yumşaldıldı.
Qüvvədən düşümüş qaydaya görə,
- sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə;
- yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və yaxud alqı-satqı etdikdə;
- ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);
- ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda;
- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə
sosial yardımın təyin olunmasından imtina edilirdi.
Yeni qaydalara görə, xalq dilində desək, kimlərə sosial yardım düşmür:
- “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə;
- ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;
- ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
Göründüyü kimi artıq məbləğindən asılı olmayaraq kredit götürənlərə və təhsil haqqı ödəyənlərə də sosial yardım veriləcək, alqı-satqı üçün məhdudiyyət əvvəl yaşayış minimumunun 10 misli qədər idisə, indi 12 mislinə qaldırılıb. Artıq kredit gəlir sayılacaq və gəlirlər hesablanan zaman nəzərə alınacaq. Mənzil məsələsində də yumşalma olub. Əvvəl bir il əvvəl mənzil almışdınsa, yardım düşmürdü. İndi isə 1-dən artıq mənzilin (eyni təyinatlı daşınmaz əmlakın) olarsa, sosial yardım verilməyəcək.
Burada mənim razılaşmadığım “sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda” bəndidir. Bu çox mühüm məsələdir. Xüsusilə indiki böhran dövründə belələrinin – kasıblaşanların sayı çox olacaq. Bu məhdudiyyəti tətbiq etməklə çox güman ki, sosial yardım alanların sayının kəskin artmasından çəkinirlər.
6. Yeni qaydalara görə, əgər sosial yardım alanın evi yoxdursa, ona kimsə ev, mənzil bağışlayırsa, bu zaman sosial yardım kəsilmir, davam etdirilir.
Təqdir edirəm bu müddəanın qaydalara salınmasına. Əvvəllər də dəfələrlə səsələndirdiyim kimi kasıb ağacda yaşamamalıdır ki, onun da evi ola bilər və olmalıdır.
7. Sosial yardım üçün müraciət edən ailənin gəlirlərinin hesablanması qaydası konkretləşdirilib.
Uzunçuluq olmasın deyə bu barədə geniş danışmaq istəmirəm, amma təqdirəlayiq hal kimi qiymətləndirirəm ki, nəzərə alınan və aləınmayan gəlirlərin siyahısı dəqiqləşrilib və hesablanması ilə bağlı ətraflı, aydın açıqlama verilib.
Sonda onu da qeyd edim ki, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur."
Bolgexeber.com