BolgeXeber.Com » Bir neçə ay əvvəl törədilən qətlin üstü açıldı-RƏSMİ

Bir neçə ay əvvəl törədilən qətlin üstü açıldı-RƏSMİ

29-08-2017, 18:00
Oxunub: 2 428 Bir neçə ay əvvəl törədilən qətlin üstü açıldı-RƏSMİKürdəmir rayonunda bu ilin əvvəlində törədilməklə bağlı qalmış qətlin üstü açılıb

Bu il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun baş nahiyəsindən aldığı xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq orada ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Məlumatla əlaqədar Kürdəmir rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxmış, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. İlkin araşdırmalarla N.Qubatovun yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiyi məlum olmuşdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının birgə peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin mərhumun həmkəndlisi - əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkum olunmuş Rahim Mirzəyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "TOZ-8" markalı tüfəngdən atəş açaraq törədildiyi müəyyən edilmişdir.

R.Mirzəyev avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılmış, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində olan tövlədə aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

R.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.