BolgeXeber.Com » Gündəm » Suraxanıda sakinlər 3 saylı doğum evindən şikayət edirlər

Suraxanıda sakinlər 3 saylı doğum evindən şikayət edirlər

25-02-2014, 12:25
Oxunub: 9 711 Suraxanı sakinlərinin narazılığı nədəndir?

Suraxanı rayonunda yerləşən 3 saylı doğum evində baş verənlər bu tibb müəssisəsinə üz tutanların haqlı narazılığına səbəb olur. Ötən yazılarımızda, Bakının Suraxanı rayonunda yerləşən 3 saylı doğum evində baş verən çeşidli korrupsiya hallarına dair redaksiyamıza daxil olan şikayət ərizələri əsasında hazırlanmış tənqidi materiallar dərc olunmuşdu. Redaksiyamıza müraciət edən sakinlər bildirirlər ki, burada bəzən qeyri-rəsmi ödəniş etməyən xəstələri doğuşa qəbul etmirlər, ya da ki, çox şey formal, keyfiyyətsiz şəkildə həyata keçirilir.

Hətta şöbə müdirlərindən birinin burada at oynatdığı deyilir. Sözügedən doğum evindən narazılıqlar vaxtaşırı mətbuat səhifələrinə çıxarılsa da, vəziyyət dəyişmir. Artıq 6 ildən çoxdur ki, səhiyyə sahəsində müəyyən tədbirlər həyata keçirilir. Bununla əlaqədar Səhiyyə Nazirliyi hələ 2008-ci ilin fevralında rəsmən elan etdi ki, dövlət tabelyində olan bütün xəstəxanalarda tibbi xidmətlər pulsuzdur. Amma buna baxmayaraq, digər səhiyyə müəssisələrində olduğu kimi, burada da verilən qərarlar əksər vaxt söz olaraq qalır. Əməkdaşımızla fikirlərini bölüşən sakinlərdən biri ötən gün Suraxanı rayonunda yerləşən 3 saylı doğum evindən şikayətləndi. Belə ki, sözügedən doğum evinə aparılan gənc xanıma keyfiyyətli tibbi yardım göstərilməyib: "Xəstəni qəbul edən təcrübəli həkim idi. Onu yaxşı tanıyırıq. Bacım can çəkir, bağırtısı xəstəxananı götürüb, həkim isə bizi otağına salıb ki, öncə haqq-hesabı danışaq. Biz də dedik ki, siz bir xəstəyə baxın, uşaq sağ-salamat dünyaya gəlsin, sizin xərcinizi artıqlaması ilə verəcəyik. Bundan sonra həkim nə fikirləşdisə bəhanə etdi ki, sizinlə söhbətim tutmur. Bundan sonra xəstələri yoxlamağa çıxan həkim bacımla eyni palatada yatan iki xəstənin vəziyyəti ilə maraqlandı. Bacım isə zarıya-zarıya deyib ki, "həkim, mən ölürəm mənə də bax". Həkim isə cavabında "sənin qohumların "xod" gedir. Ona görə də sən hələ döz". Artıq həkimin bizimlə intriqa apardığını görüb, məcbur qalıb gecə ilə bacımı başqa doğum evinə çatdırdıq. Bacım artıq xəstəxanaya çatdıranda həm uşağın, həm də özünün vəziyyəti çox ağır idi».

Belə məlum oldu ki, sözügedən doğum evində doğuş 500-600 manata başa gəlir. Digər Suraxanı sakinləri yenicə təmirdən çıxan doğum evində xərclərin hələ bununla bitmədiyini deyirlər: "Televizorda yalandan deyirlər ki, xəstəxanalar pulsuzdu. Nəvəmin dünyaya gəlməsi üçün nə qədər xərcə düşmüşəm. Bundan əlavə, palata üçün 4 manat, tibb bacılarına isə hər gün 2 manat verməlisən. Palatanı təmizləyən süpürgəciyə də hər gün 1 manat verilməlidir. Bunlar bir yana qalsın, hər gün evdən gətirdiyimiz yeməyi də 2 manat veririk ki, içəri aparsınlar. Uşağa baxan tibb bacısına da hər gün 2 manat verilməlidir. Yəni xərc 600 manata gəlib çıxır. Hələ guya bura ən ucuz doğum evidir”.

Sakinlərin sözlərinə görə, əvvəllər Suraxanı rayonu 3 saylı doğum evində işləyən Fəridə adlı həkimin də özünəməxsus haqq-hesabı varmış. Hətta onun əməlləri ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinin «Qaynar xətt»inə müraciətlər olunub. Hətta nazirliyə şikayətlərdən birində baş həkim onun üstünə qışqıraraq, «filan qadın sənin pasiyentindir, indi zəhmət çək, onu yoluna qoy, gedib bizdən şikayət ediblər» - deyib. Qeyd etdiyimiz kimi, müəssisədə yer almış bu və digər nöqsanlarla bağlı Səhiyyə Nazirliyinə dəfələrlə müraciət olunsa da, bu günədək problemlərdən çoxu öz həllini tapmayıb. Bunun əvəzində isə 3 saylı doğum evinin bəzi həkimləri qiymətləri daha da qaldırmağa başlayıblar. İndi bir xəstə ayda bir dəfə həkim müayinəsinə gəlirsə, hər dəfə 10-20 manat ödəməli olur. Hamiləlik dövründə isə ultrasəs müayinəsi üçünsə ən azı iki dəfə xəstəxanaya müraciət etməli olurlar. Sözügedən qadından şikayətlərin nəticəsi olaraq... Fəridə həkim Nizami rayonundakı xəstəxanalardan birinə baş həkim təyinatını alıb. Ondan edilən şikayətləri isə 3 saylı doğum evinin baş həkimi öz hesabına yoluna qoyub.

Doğum eviylə bağlı dogru.tv-nin aldığı məlumatlarda qeyd olunur ki, bu tibb müəssisəsindəki bəzi həkimlərin səriştəsiz və məsuliyyətsiz əməlləri doğum evinə üz tutan xəstələri çıxılmaz vəziyyətə salır. Davamlı olaraq edilən şikayətlərin əsasını da məhz bəzi həkimlərin yol verdikləri müxtəlif qanun pozuntuları təşkil edir. Digər sakinlər də bildirir ki, bu doğum evində dünyaya uşaq gətirmək istəyən hər anadan təyin olunmuş məbləğdə pul mütləq şəkildə alınır. Bundan başqa da müəssisənin hər bir işçisindən aylıq haqq tələb edilir. Cərrahi əməliyyatlar və digər müalicəvi prosedurların da ayrıca qiyməti var. Belə ki, 3 saylı doğum evində qeysər üsulu ilə uşaq dünyaya gətirmək istəyən valideyn bunun üçün xeyli xərcə düşməlidir. Bundan başqa, yenicə ana olmuş qadının xəstəxanada ən azı 5 gün qalması tələb olunur ki, bunun da müqabilində xərc 600 manata yaxındır. Oradakı tibb bacıları, baxıcılar və digər işçilərə də 5 gün ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə bir valideynə ümumi proses 700 manatdan baha başa gəlir.

O ki qaldı digər xərclərə, bu sakinlərə hər dəfə 20-25 manata başa gəlir. Elə qan analizi üçün də təxminən bu qədər vəsait ödəməli olurlar. Beləliklə, doğuma qədərki müayinə kasıblara 200-300 manata, imkanı olanlara 800 manata başa gəlir. Qəribədir, görəsən, irəli sürülən ittihamlara rəğmən Səhiyyə Nazirliyi hansı səbəblərdən 3 saylı doğum evinin fəaliyyətini araşdırmaq, bu müəssisədə ən azından müəyyən monitorinqlər keçirmək istiqamətində heç bir addım atmır?