BolgeXeber.Com » Gündəm » Məhəmməd Ələkbərovun «Gülbaxt» “əməliyyatı”

Məhəmməd Ələkbərovun «Gülbaxt» “əməliyyatı”

1-09-2011, 00:55
Oxunub: 7 354 Nizami məhkəməsinin sədri hakim Ziya Əliyevin qərardadları ilə daş karxanasını iddiaçı Akif Məmmədovun vasitəsi ilə ələ keçirməyə başlayıb

Xeyli müddətdir mətbuatda Qaradağ rayonu ərazisində yerləşən «Gülbaxt» daş karxanası ətrafında baş verən qalmaqalla bağlı müxtəlif səpkili yazılar dərc olunur. Bu günə kimi «zərərçəkən» tərəf olaraq göstərilən Akif Məmmədovun hərəkətlərinin isə zaman içində əks tərəfləri üzə çıxmağa başlayıb.

Bir quru ərizə ilə “günahkar” tapmaq

Bolgexeber.com xəbər verir ki, problem oradan başlayıb ki, Akif Məmmədov «Gülbaxt» daş karxanasını uzunmüddətə icarəyə götürmüş «Bərəkət 98» firmasının rəhbəri Cavanşir Abduləzimovla üz-üzə gəlir. Günlərin birində Qaradağda yerləşən bu daş karxanasının ələ keçirilməsinə başlayan Məmmədov iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət edir. Hərçənd nə A.Məmmədov, nə də cavabdeh tərəf kimi göstərilən Cavanşir Abduləzimov Nizami rayon sakini deyillər. Yalnız cavabdehlərdən biri Asəfi Tərlan Əzizağa oğlu qeyd olunan rayonda yaşayır ki, onun da «Bərəkət 98»ə nə kimi aidiyyatı olduğu məlum deyil.

Düzdür, A.Məmmədov Nizami rayon Məhkəməsinə səbəbsiz yerə müraciət etməyib. Bu barədə sonra bəhs edəcəyimizdən hələlik sənədsiz və sübutsuz iddia ərizəsinə diqqət yetirək. A.Məmmədov iddia ərizəsində yazır ki, 2009-cu ildə Cavanşir Abduləzimov «Gülbaxt» daş karxanasının bir hissəsini ona satmaq məqsədi ilə 270 min manat pul alıb. Onun yazdığına görə, Abduləzimov hətta onu inandıraraq, bu torpaq sahəsini 3 ay ərzində onun adına keçirəcəyini də vəd edib. Lakin 3 ay müddət keçməsinə baxmayaraq, ona verdiyi vədə əməl etməyib.

İddiaçı məhkəmədən xahiş edib ki, «Bərəkət 98» firmasının rəhbəri Cavanşir Abduləzimovun ondan aldığı 270 min manatı qaytarmaq üçün qərar çıxarsın. Hətta onu da bildirib ki, həmin pulun ödənişi firmaya məxsus 1 ədəd şırımaçan avadanlıq, 2 ədəd daşkəsən, 2 ədəd kran, 3 ədəd köşk və 1 ədəd 400TM markalı elekrtrik transformatoruna yönəldilməlidir.

İşin birinci maraqlı tərəfi odur ki, Akif Məmmədovun Nizami rayon Məhkəməsinə təqdim etdiyi ərizəsinin heç biri sübut üçün əsas kimi götürülə bilməz. Çünki təqdim olunan ərizə 4 nüxsə iddia ərizəsindən, dövlət rüsumunun ödənilməsinə dair qəbzdən, yaşayış yerinə dair arayışın əslindən və iddianın təmin edilməsinə dair ərizənin nüxsəsindən ibarətdir. Ortada pulun alınıb-verilməsinə dair nə bir şahid var, nə də notarial qaydada sənəd və sübut. Məhkəmə sadəcə, havadan-sudan «sübut» taparaq, qərardad çıxarıb. Baş verənlərdən belə anlaşılır ki, istənilən adam istənilən şəxsi borclu çıxarmaq istəsə, bunun üçün məhkəməyə sənədsiЗ-sübutsuz müraciət etməklə niyyətini reallaşdıra bilər. Halbuki qanunun tələbləri var və onun nəzərə alınması vacibdir. Görünür, Məhəmməd Ələkbərov üçün qanun elə şəxsi maraqlarıdır ki, Akif Məmmədovun 4-5 vərəqlik iddiasını bu qədər əhəmiyyətli hesab edib.

İkinci maraqlı məsələ isə «Bərəkət 98» firmasının rəhbərinin kim olmasıdır. Belə ki, iddiada cavabdeh kimi göstərilmiş Kamil Baxışov, Tərlan Asəfi və Cavanşir Abduləzimov «Bərəkət 98» firmasının rəhbərləri deyil. Mövcud sənədlər təsdiq edir ki, bu firmanın başçısı Cahangir Abduləzimovdur. O zaman anlaşılan odur ki, A.Məmmədovun qaldırdığı iddianın da heç bir əsası yoxdur və ya bu iddia lazım olan şəxslərə yönəlməyib.

Nizami məhkəməsi niyə seçilib?

Baş verənlərin tərs tərəfi həm də odur ki, Akif Məmmədov Nizami rayon Məhkəməsinə müraciət edib. Çünki «Gülbaxt» daş karxanası Qaradağ rayonunda yerləşir və mübahisəli məsələni həmin rayonun məhkəməsində də həll etmək mümkün olardı. Ancaq bu baş verməyib. Təbii ki, bu da səbəbsiz deyil.

Məsələ ondan ibarətdir ki, Nizami rayon Məhkəməsinin sədri Məhəmməd Ələkbərov Akif Məmmədovun yaxın adamıdır. Belə ki, o, A.Məmmədovla eyni qrupda olan dostunun qohumudur. Bu məhkəməyə müraciət etməkdə məqsəd isə niyyətin reallaşmasını asanlaşdırmaq və bununla da sənədsiz-sübutsuz iddianın təmin edilməsinə nail olmaqdır. Elə məhkəmənin çıxardığı qərardan da aydın şəkildə görünür ki, baş verənlər öncədən razılaşdırılıb.

Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyevin çıxardığı 16 avqust 2011-ci il tarixlit qərardadda deyilir ki, A.Məmmədovun iddia ərizəsində göstərilən şəxslər, yəni Tərlan Asəfi, Cavanşir Abduləzimov və Kamil Baxışov 270 min manatı geri qaytarmalı və bu prosesi həyata keçirmək üçün icra onların əmlaklarına yönəldilməlidir. Üstəlik, qərardad dərhal icra olunmalıdır. Amma işin icrası Qaradağ rayon İcra Şöbəsinə həvalə olunmalıdır.

Bolgexeber.com onu da bildirir ki, başqa bir məsələ də ondan ibarətdir ki, Nizami rayon Məhkəməsinin sədri Məhəmməd Ələkbərov heç də kiçik adam sayılmır. Belə ki, sözügedən sədrin ARDNŞ prezidenti Rövnəq Abdullayevin yaxın qohumu olduğu deyilir. Üstəlik o da bildirilir ki, «Gülbaxt» məsələsində M.Ələkbərovun da maraqları var. Belə olan təqdirdə, iddianın niyə məhz Nizami məhkəməsinə verildiyi və məhkəmənin də niyə belə bir qərardad çıxardığı tam aydınlaşır.

«Turan»ın başına gətirilən müsibət

Qeyd etdiyimiz kimi, Nizami rayon Məhkəməsi «Bərəkət 98» firmasının rəhbəri və onun əmlakı ilə bağlı qərar çıxarıb. Onun icrasının həyata keçirilməsi zamanı isə proses tamam başqa səmtə yönəlib. Belə ki, icraçılar «Bərəkət 98»in əmlakı ilə yanaşı, həmin firmanın karxanası ilə qonşu olan və «Turan» Şəxsi Kiçik Müəssisəsinə məxsus əraziyə girərək, onların da əmlakını müsadirə edib.

Bolgexeber.com-un məlumatına görə, «Turan» ŞKM-in sahə rəisi və işçiləri Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası və Prezident Admnistrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin rəhbəri Fuad Ələsgərova ünvanladığı şikayət ərizəsində deyilir ki, Nizami Rayon Məhkəməsinin çıxardığı qərar ədalətsiz və qeyri-qanunidir.

Şikayət ərizəsində yazılır ki, 6 yanvar 2001-ci ildə «Bərəkət 98» firması ilə «Turan» ŞKM arasında ilk dəfə 10 illik müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən «Gülbaxt» daş karxanasında istifadə olunmayan 5,63 hektar sahə «Turan» ŞKM-ə verilib. Bununla bağlı lazım olan bütün sənədlər və icazə kağızları alınıb. «Həmin müqavilənin vaxtı 06 yanvar 2011-ci ildə başa çatdığından yenidən müqavilə imzalanıb və tərəflərin razılaşmasına əsasən qeyd olunan ərazi daha 10 illiyinə, yəni 2021-ci ilə kimi «Turan» ŞKM-ə icarəyə verilib».

Daha sonra bildirilir ki, ilk növbədə işə baxan məhkəmə iddianın təmin edilməsi ilə bağlı məsələyə baxarkən qanunvericiliyin tələblərini kobud şəkildə pozub. «Nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilib. Məhkəmənin qərardadında göstərilən avadanlıqların məhz «Bərəkət 98» firmasına, Cavanşir Abduləzimov və digər cavabdehlərə məxsus olması araşdırılmayıb, hüquqi qiymət verilməyib. Bunun nəticəsində Qaradağ rayon icra məmurları iddiaçının qərəzli mövqeyi əsasında «Turan» ŞKM-in əmlakına həbs qoyublar. Halbuki üzərinə həbs qoyulmuş əmlakın iddia predmetinə heç bir aidiyyatı yoxdur».

Şikayətçilər bildirir ki, digər tərəfdən iddianın təmin edilməsi ilə bağlı məsələyə baxarkən məhkəmə iddianın əsaslığı prezumpsiyasını da ümumiyyətlə nəzərə almayıb. Onun sözlərinə görə, iddianın əsaslığı prezumpsiyası iddianın təmin edilməsi ilə bağlı məsələyə baxılarkən nəzərə alınmalı olan hallardan biridir. «Yəni, bu məsələnin nəzərə alınması əsassız yerə şəxslərə zərər vurulmasının qarşısının alınması, habelə hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının pozulmasının aradan qaldırılmasına xidmət etməlidir».

Məhkəmənin sərdi və hakimi səhvlərinin bəlasına düşüblər

«Тuran»ın işçiləri qeyd edirlər ki, Nizami rayon Məhkəməsi çıxardığı qərardadında «Bərəkət 98» firmasının əmlakı olan «Gülbaxt» daş karxanasındakı avadanlıqlara həbs qoyulması qənaətinə gəlməsi ilə kobudluğa yol verib. «İlk növbədə o əmlakın üzərinə həbs qoyulur ki, bu əmlak mülkiyyətdə olsun. Lakin «Gülbaxt» daş karxanası «Bərəkət 98» firmasının icarəsində olduğu halda işə baxan Nizami rayon Məhkəməsi onu «Bərəkət 98» firmasının mülkiyyəti kimi qeyd edərək, oradakı avadanlıqlar üzərinə həbs qoyulmaqla kobud pozuntuya yol verib. «Gülbaxt» daş karxanası «Bərəkət 98» firmasının mülkiyyətində deyil, icarəsindədir. Və karxanada olan bütün avadanlıqlar isə müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların icarəsindədir».

Şikayətçilər bildirir ki, mübahisəli avadanlıqların məhz cavabdeh «Bərəkət 98» firmasına məxsus olmasına dair heç bir subut göstərilməyib. «Qanunverici əmlak üzərinə həbs qoulması ardıcıllığını konkret göstərdiyi halda, Nizami rayon Məhkəməsi qanunsuz və heç bir hüquqi əsası olmayan belə qərardad çıxarmaqla «Gülbaxt» daş karxanasındakı fəaliyyət göstərən digər sahibkarların, o cümlədən «Turan» ŞKM-in hüquqlarını kobud şəkildə pozub. Qaradağ rayon icra məmurları isə «Bərəkət 98» firmasının balansındakı əmlakı deyil, həm də onunla həmsərhəd ərazidə yerləşən «Turan» ŞKM-in də əmlakına həbs qoyublar. Digər tərəfdən, işə Qaradağ rayon məhkəməsində baxılmalı olduğu halda, Nizami rayon məhkəməsinin sədri Məhəmməd Ələkbərovun göstərişi əsasında hakim Ziya Əliyev qanunsuz olaraq uydurulmuş iddianı kimlərinsə tapşırığı əsasında icraata götürüb. Bu da bizim hüquqlarımızın pozulmasına gətirib çıxarıb».

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.