BolgeXeber.Com » Gündəm » Nə gündəsən ay İran?

Nə gündəsən ay İran?

13-09-2011, 02:25
Oxunub: 5 686 Görəsən, Seyid Amili ölkəsinin narkotik qaçaqmalçılığını himayə etdiyini niyə dilə gətirmir?

İranın bir çox dindarları əllərinə fürsət düşən kimi, Azərbaycan haqqında qarayaxma kampaniyası başlatmağı çox sevir. Mütəmadi olaraq Azərbaycan dövləti və onun yürütdüyü siyasəti tənqid edən Tehranlı mollalar bəzən də elə gülməli iddialar ortaya atırlar ki, bişmiş toyuğun belə gülməyi gəlir. Çünki onlar öz gözlərində tiri görmədikləri halda, bizdə tük axtarırlar.

Dünən Ərdəbilin imam cüməsi Seyid Həsən Amili yenə camaat qarşısında danışaraq, heç bir əsası olmayan fikirlər səsləndirib. Belə ki, o, Azərbaycan Sərhəd Qoşunları və MTN-i narkotik qaçaqmalçıları ilə əlbir olmaqda ittiham edib. Qeyd edək ki, Amilinin Azərbaycan haqqında bu cür fikirlər səsləndirməsi ilk hal deyil. Amma onun bu qədər böyük bir yalan danışdığına ilk dəfədir rast gəlinir. Çünki irəli sürülən ittihamı heç nə ilə əsaslandırmaq mümkün deyil.

Əvvəla narkotik maddələrin yayılması və qaçaqmalçılığı məsələsində İranın ümumiyyətlə, danışmaq haqqı yoxdur. Ona görə ki, bu ölkə təpədən-dırnağa narkotikin içindədir və orada bu maddələrlə mübarizə məsələsi demək olar ki, gülməli şəkildə reallaşdırılır. Məsələn, İran qanunlarına görə, tiryək çəkmək və ya qəbul etmək qadağan deyil. Və ya narkotacir çəkisi 200 qrama qədər olan heroinlə yaxalanarsa, onu cərimə gözləyir. Bu miqdardan çox olduğu təqdirdə barəsində cinayət işi açıla bilər. İndi cənab Amili də durub bizi narkotik maddələrin qaçaqmalçılığı ilə ittiham edəndə gülməyəsən, neyləyəsən?

İranın narkotik maddələrin tranziti yolunun üzərində yerləşdiyi sirr deyil. Əfqanıstan və Pakistan kimi narkotik maddələrin istehsalı və dövriyyəsi ilə məşğul olan iki böyük dövlətlə qonşu olmaqla bərabər, həm də İranın özündə narkotik maddələrin istehsalının kütləvi şəkildə həyata keçirilməsi onun qara siyahılara başçılıq etməsini şərtləndirib. Bu gün Tehran və Təbriz kimi şəhərlərdə narkomanların sayının sürətlə artması da artıq rəsmi statistika ilə təsdiqlənir. O zaman Amili hansı məntiqlə iddia edir ki, Azərbaycan bu işlərlə məşğul olur? Axı, o din xadimi olduğu üçün həqiqətləri deməli və dini siyasətə alət etməməlidir. Ancaq görünən odur ki, Ərdəbilin imam cüməsi vicdan və din məsələsini bir kənara qoyaraq, daha çox onu danışdıranların sözünü danışmaqla məşğuldur.

Amilinin iddialarını çürüdən daha bir faktı diqqətinizə çatdırırıq. Azərbaycan faktiki olaraq narkotik tacirlərinin əməllərindən əziyyət çəkən ölkələr sırasındadır. ABŞ Dövlət Departamentinin də son hesabatında vurğulanır ki, Azərbaycanı bu vəziyyətə salan İrandan gətirilən narkotik maddələrdir. Qəbul edək ki, İran ABŞ-ın iddialarını yaxın buraxmır və həqiqət hesab etmir. Bəs, İranın üzərindən keçərək Əfqanıstandan daşınan narkotik maddələrin İranda qarşısının alınmamasını necə əsaslandırmaq olar? Bəlkə, Azərbaycan sərhədçiləri və ya kəşfiyyatçıları Əfqanıstandan narkotik maddələr daşıyır?

Amili qara əbaya bürünüb, qap qapa yalan danışa bilər. Amma ortada o qədər həqiqətlər var ki, onları sadalamaqla qurtarmaq mümkün deyil. Bir misal da çəkək və bununla da söhbəti bağlayaq. Bu gün İran Azərbaycanda insanların zəhərlənməsi və məhv edilməsi üçün əlindən gələni edir. Bir zamanlar insan həyatı üçün təhlükəli olan və hətta insanı öldürmək gücündə olan texniki spirti qablaşdırıraq Azərbaycana göndərən İranın 90-cı illərin ortalarındakı planı baş tutmadı. Bu planın reallaşa bilmədiyini görə, mollalar sonradan yeni bir taktika tapdılar. Onlar Əfqanıstandan asanlıqla əldə etdikləri narkotik maddələrin Azərbaycana keçirilməsi və buradan da başqa dövlətlərə daşınmasını təmin etmək üçün Narkotik Konsorsiumu yaratdılar. Qəribə hal odur ki, Seyid Amilinin israrla müdafiə etdiyi İran hakimiyyətinin əsas qolları olan ETTELAT və SEPAH-ın rəhbərləri bu konsorsiumda təmsil olunurlar. Məqsəd aydındır, bölgədə Azərbaycan adlı müstəqil dövlət olmamalıdır. Amma özünü müsəlman, İslam dövləti sayan bir ölkənin müsəlman bacı və qardaşlarına qarşı bu cür qəddar mövqe tutması nə dinə, nə imana, nə də insanlığa sığır.

Cənab Amilinin nəzərinə bir şey idə çatdıraq. Onun adının qarşısında «Seyid» sözü yazılır və bu da o deməkdir ki, o, Peyğəmbər nəslindən gələndir. Peyğəmbər nəslindən gələn hər bir şəxsin üzərinə düşən ən böyük məsuliyyət isə odur ki, həqiqətləri desin. Lakin Ərdəbilin imam cüməsi bütün bu prinsipləri bir kənara qoyub, yalan danışmaqla həm özünə, həm şəcərəsinə, həm də təmsil etdiyi ölkəsinə hörmətsizlik edir.