BolgeXeber.Com » Gündəm » Əmlak komitəsinin sədri ASC-ni necə bölüşdürüb?

Əmlak komitəsinin sədri ASC-ni necə bölüşdürüb?

12-05-2014, 14:40
Oxunub: 5 118 Kərəm Həsənovun “Azərelektroterm” əməliyyatı

“Azərelektroterm” ASC-nin səhmdarı Tofiq Abdullayev üzləşdiyi problemlə redaksiyamıza müraciət edib. Tofiq Abdullayev müraciətində “Azərelektroterm”in özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlardan söhbət açır:

“Azərelektroterm” ASC-ni bölüşdürmək üçün Kərəm Həsənov və MTN-nin keçmiş müavini Əli Nağıyev birgə razılığa gəldilər. Razılığa əsasən ASC-nin yarıdan çoxu o vaxt böyük səlahiyyətlərə malik olan Əli Nağıyevə məxsus biznes qurumlarına çatmalı, qalanı isə müəyyən prosedurlardan sonra Kərəmin kommersiya strukturlarına keçməli idi. Belə də oldu. 2006-cı ilin ilk yarısında təkrar müsabiqə keçirilmədən “Azərelektroterm” ASC-nin bir hissəsi Nağıyevə məxsus “Elektroterm” MMC adlı qurumun adına özəlləşdirildi. Amma Əmlak Komitəsi Səhmdar Cəmiyyətin necə və kimin özəlləşdirdiyi barədə məlumat vermədi.

Yalnız YAP-ın qərargahında 14 aprel 2006-cı ildə mətbuat konfrnasında komitə sədri qeyd etdi ki, səhmdar cəmiyyətlərində investorlar tərəfindən imzalanmış müqavilələrin yerinə yetirilməməsi aşkar olunmuş və zəruri tədbirlər həyata keçirilmişdir.



Razılaşdırıldığı kimi 3 vahid müəssisəni parçalayıb hisssələrə böldükdən və onun əmlakının qiymətini xeyli azaltdıqdan sonra Əmlak Komitəsi “Azərelektroterm” ASC səhmlərinin qalan hissəsinin satışı üzrə yeni investisiya müsabiqəsi keçirdi. Bununla dağlı “Mülkiyyət” qəzetində 14 oktyabr 2006-cı ildə müsabiqə haqqında elan verildi. Müsabiqə müxtəlif bəhanələrlə yubdıldı. Yalnız 2008-ci ilin martında həmin müsabiqə baş tutmuş hesab edildi və “Texnolocikal Moşin monyufokturinq limited” şirkəti investisiya müsabiqəsinin qalibi elan edildi. Bu şirkət Kərəm Həsənovun biznes strukturlarından biridir.

Beləliklə, “Azərelektroterm” ASC-nin qalan hissəsi də ƏMDK sədrinin himayəsində olan şirkətə keçməklə müəssisənin özəlləşdirilməsi başa çatdı.

Özəlləşdirmənin nəticəsi

ASC iki hissəyə bölünərək adıçəkilən iki məmurun idarəçiliyinə keçib. Daha dəqiq desək, müəssisənin yarıdan çox hissəsi Nağıyevin himayəsində olan “Elektroterm” MMC, digər hissəsi isə Kərəm Həsənovun nəzarətində olan “Texmaş” adlanan şirkət tərəfindən özəlləşdirilib.

Bölünmüş ərazilərdə isə hazırda məmurlara məxsus kommersiya qurumları fəaliyyət göstərir. Komitə sədrinə aid hissədə “Texmaş” və “TMT” adlı şirkətlər işləyir. Hətta bu ərazinin giriş darvazasında “TMT” və “Texnolocikal Moşin monyufokturinq limited” yazılmış lövhə də vurulub. “Azərboru” ASC sədri Əzim Əzimov Sumqayıtdakı vəzifəsindən uzaqlaşdırılandan sonra Əmlak Komitəsi tərəfindən “Azərelektroterm” ASC-nin sədri vəzifəsinə təyin edilib.

Əli Nağıyevə aid ərazidə isə onun yaxın qohumlarının çoxsaylı müəssisə və obyektləri yerləşir. Belə obyektlər barədə aşağıda cəmiyyətə məxsus torpaq sahəsindən bəhs edərkən məlumat verəcəm.

Əmlak Komitəsi müəssisənin özəlləşdirilməsi məsələlərini uzun müddət gizli saxlayırdı. Yalnız səhmdarların dövlət qurumlarına çoxsaylı müraciətlərindən sonra müəssisənin böyük hissəsinin hələ 2006-cı ildə, qalan hissəsinin isə 2008-ci ildən sonra özəlləşdirildiyi üzə çıxdı.

Cəmiyyətin 35,1 hektar torpaq sahəsi necə oldu?

ASC-yə aid bütün məlumatlardan göründüyü kimi özəlləşənə qədər müəssisənin 35,1 hektar torpaq sahəsi vardı. Bu sahənin 23 hektara yaxını özəlləşdirmə prosesindəki məmur bölgüsünə uyğun olaraq əmlak kompleksiylə birlikdə Nağıyevlərə məxsus “Elektroterm” MMC-nin sərəncamına keçib. Sahə hələlik heç kim tərəfindən özəlləşdirilməyib. O, özəlləşdirilən dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələri kateqoriyasına aid edilir və infrastruktur altında olmayan sərbəst torpaq sahəsi hesab olunur.

Cəmiyyətin yerdə qalan 12,3 ha torpaq sahəsi isə Komitə sədrinin himayəsində olan “Texmaş” və TMT adlanan özəl şirkətlərin istifadəsindədir. Bu sahə də özəlləşdirilməyib və ərazinin digər hissəsi ilə eyni statusdadır.

Konkret olaraq 23 hektarlıq hissə Dərnəgül şosesindəki “Standart oyl” yanacaqdoldurma stansiyasının arxasında yerləşir. Dərnəgül şosesindən həmin əraziyə yanacaqdoldurma məntəqəsi və oradan sonra olan darvazadan girmək mümkündür. Torpaq sahəsində Nağıyevlərə məxsus Bakı satış mərkəzi fəaliyyət göstərir. Orada borular, şveller, armatur, uqolnik, taxta-şalban, daş məmulatları və s. inşaat materialları satılır. Torpaq sahəsində həmçinin çoxsaylı emalatxanalar, anbarlar və s. tikili icarəyə verilib. Inşaat materiallarının satış bazarına bitişik ərazidə “AS Texnika” şirkətinə və yuyucu tozlar satışıyla məşğul olan “Engin LTD” adlı gürcü firmasına məxsus obyektlər də icarə əsasında işləyirlər.

23 ha torpaq sahəsinin Ələsgər Qayıbov küçəsindəki hissəsində isə “Connect” şirkəti üçün yeni bina tikilib. Orada yeni qurumla yanaşı, Nağıyevlərə məxsus “Catel” şirkəti, “GESKO” və “Tornado” kimi mühafizə şirkətləri yerləşir. Ərazidə 9 məprtəbəli bina da Nağıyevlərə məxsus “Kaspian line busines senter”in ixtiyarına verilib. Beləliklə, 35,1 ha torpaq sahəsi də iki məmur arasında müəyyən nisbətdə bölünüb və həmin sahə hazırda məmurların biznes strukturlarının qeyri-rəsmi istifadəsindədir.

Nizamnamə kapitalının və səhmlərin səhmdarlardan xəbərsiz azaldılması

“Azərelektroterm” ASC-nin həm nizamnaməsində, həm də səhmlərin investisiya müsabiqəsinə çıxarılması haqqındakı 14 sentyabr 2003-cü tarixli elanda müəssisənin nizamnamə kapitalının miqdarı 18.838.860.000 manat, yeni pulla 3.767.772 manat, buraxılmış səhmlərin sayı 1.883.886 ədəd olduğu təsdiq edilib.

2002-ci ildəki güzəştli satışda işçilərin əldə etdikləri səhmlərə sahiblik hüququnu təsdiq edən əsas sənədi- Depo hesabından çıxarışları səhmdarlara uzun müddət vermək istəmirdilər. Ali dövlət orqanlarına 11 illik yazışmalardan sonra 2013-cü ilin martında çıxarışları səhmdarlara verməyə başladılar. Sənədlə tanış olanda səhmdarlar şoka düşdülər. Çünki sənədin depozitar haqqında məlumat adlanan hissəsində “Azərelektroterm” ASC haqqında tamam fərqli məlumatlar gördülər. Yeni sənəddə ASC-nin nizamnamə kapitalının miqdarı 1.771.462 manat, buraxılmış qiymətli kağızlarının sayı 885.731 ədəd qeyd edilirdi. Məlumatda belə sayda qiymətli kağız buraxılışının Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində hələ 14.01.2002-ci il tarixdə qeydiyyata alındığı göstərilirdi.

Depozitar haqqındakı məlumata əsasən əvvəlki sənədlərlə müqayisədə nizamnamə kapitalının həcmi səhmdarlardan xəbərsiz olaraq 1.996.310 manat, buraxılmış səhmlərin miqdarı isə 998.155 ədəd, yəni 2,1 dəfə azaldılıb.

Nizamnamə kapitalının azaldılması isə bu sahədə olan qayadaların tələbləri pozulmaqla aparılıb. Bundan ötrü səhmdarların ümumi yığıncağı çağrılmalı və səhmdarların üçdə-iki səs çoxluğuyla müvafiq qərar qəbul edilməlidir. Nizamnamə kapitalının azaldılması haqqında qərar qəbul edildiyi tarixdən 15 təqvim günü müddətində kreditorlara və səhmdarlara bu barədə sifarişli yazılı bildirişlər göndərilməli, kütləvi informasiya vasitələrində elan dərc edilməli idi. Amma səhmdarlardan heç birinə belə bildirişlər göndərilməyib və mətbuatda da məlumatlar getməyib.

Nəticə budur ki, cəmiyyətin nizamnamə kapitalının miqdarı səhmdarlardan xəbərsiz 1.996.310 manat azaldılmış və səhmlərin ümumi sayından təxminən 53 faizi, 998.155 ədədi dövriyyədən çıxarılıb.

Özəlləşdirmə vaxtı Əmlak Komitəsi şəffaflıq və aşkarlığı təmin etməyib. Müəssisənin investisiya müsabiqəsi vasitəsilə satışı barədə prezidentin sərəncamı birbaşa pozulub. 2005-ci ilin oktyabrındakı məlum hadisələrdən sonra əvvəlki investisiya müsabiqəsinin nəticələri ləğv olunduğu halda, yeni investisiya müsabiqəsi keçirilmədən “Azelektroterm” ASC-nin böyük hissəsi əsassız olaraq “Elektroterm” MMC-nin adına özəlləşdirilib. Bu barədə Əmlak Komitəsi heç bir məlumat verməyib. Müəssəisə investisiya müsabiqəsinə çıxarılarkən 14 sentyabr 2003-cü ildə hüquqi şəxslərin dövlət reyestrində “Elektroterm” MMC adlı qurum yox idi. Bu qurum investisiya müsabiqəsinin iştirakçısı deyildi.

Əmlak Komitəsinin bu qanunsuz və əsassız hərəkətləri səhmdarlar arasında ciddi narazılıq yaradıb. Onların cəmiyyətin idarə edilməsində iştirak etmək, mənfəət bölgüsündə iştirak etmək, divident almaq ,müəssisənin fəaliyyətiylə bağlı məlumat əldə etmək hüquqları pozulur. Bununçün şərait yaradılmır. 10 ildən bəri ümumi yığıncaq çağırılmayıb və səhmdarlar ASC-nin işindən tamamilə kənarlaşdırılıb".
azadliq