BolgeXeber.Com » Gündəm » Samuxun icra başçısı uşaq ölümündə ittiham olunur

Samuxun icra başçısı uşaq ölümündə ittiham olunur

12-05-2014, 16:00
Oxunub: 4 279 "Samuxa dövlət büdcəsindən ayrılan milyonlar hara gedir, nəyə xərclənir bilinmir"

Samux şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Yoldan keçən Nəbiağalı sakini 12 yaşlı Fərid Cavanşir oğlu Məmmədovu cərəyan vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Bu haqda “Yeni Müsavat”a məlumat verən Samux sakinlərindən biri baş vermiş olaya görə icra başçısını günahlandırıb: “Dəfələrlə mal-heyvanımızı, qoyun-quzumuzu cərəyan vurub öldürüb. İcra başçısına dəfələrlə yazmışıq, müraciət etmişik ki, çürümüş elektrik dirəklərini dəyişin, dəyişmədilər. Mayın 11-də Şamux şəhərinin ərazisində yerə düşən şalbandan cərəyan 12 yaşlı Fərid Cavanşir oğlu Məmmədovu vurub öldürdü. O uşağın ölümünün birbaşa günahkarı icra başçısı Ali Qocayevdir. Əgər o müraciətlərimizə vaxtında reaksiya versəydi, indi belə bir hadisə baş verməzdi”.

Samux sakini deyib ki, şəhər ərazisində yüksək gərginlikli cərəyan xətləri az qala yerə dəyir: “Nabiağalı kəndində “tok” yerlə gedir. Təsəvvür edin ki, 10 min voltluq xətlər yerdən 1 metr yuxarıdan keçir. Əl uzadırsan çatır. Qoyun-quzunu vurub. Yıxılmış dirəklərin əvəzinə elektrik xətlərini meşədəki ağaclara bağlayırlar. Samuxa dövlət büdcəsindən ayrılan milyonlar hara gedir, nəyə xərclənir bilinmir. Alı Qoayev yanına şikayətə gedənlərə deyir ki, pul yoxdur. Bununla da işini bitmiş bilir. Samux problemlərin, bədbəxtçiliklərin içində batır. Alı Qocayevin şikayətçiləri hədə-qorxu ilə susdurmaqdan və öz maraqlarını təmin etməkdən başqa işi gözə görünmür”.

Sakin baş vermiş olayla bağlı Prezident Administrasiyasına şikayət yazacaqlarını və icra başçısının cəzalandırılmasını tələb edəcəklərini deyib.
Bolgexeber.com