BolgeXeber.Com » Gündəm » Rövnəq Abdullayev "Azadlıq"qəzetinə danışan işçisini qovdu

Rövnəq Abdullayev "Azadlıq"qəzetinə danışan işçisini qovdu

13-05-2014, 09:10
Oxunub: 3 134 Heç bir səbəb göstərilmədən...

“Azadlıq” qəzetinin 19 yanvar 2014-cü il tarixli sayında ARDNŞ əməkdaşı Azay Şirinli özünə və digər həmkarlarına qarşı ədalətsizliklərdən bəhs edən “Niyə yalan danışırsınız, Rövnəq Abdullayev?” adlı məqalə ilə çıxış etmişdi.

Yazı dərc olunan gündən Cəbrayıl rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi veteranı olan Azay Şirinliyə qarşı mənəvi və psixoloji təzyiqlərə start verildi. Kiçik yaşlı övladının hədələnməsindən tutmuş, özünün təqib edilməsi kimi “profilaktik” tədbirlərin davamı olaraq onu bu günlərdə şirkətdə tutduğu vəzifəsindən azad etdilər.

Altı nəfərlik ailənin yeganə işləyəni Azay Şirinli on ildən çox işlədiyi ARDNŞ-dən beləcə, heç bir səbəb göstərilmədən kənarlaşdırıldı. Onun qəzetimizə verdiyi açıqlamasına görə, işdən azad edilməsi gözlənilən idi. Idarə müdiri Telman Məhəmmədovun qanunsuz əməllərindən dəfələrlə şikayət etsə də, şirkət rəhbərliyi açıq-aşkar onu himayə edir. Azay Şirinli redaksiyamıza bunları bildirdi:



“Rövnəq Abdullayevin yanlış olaraq mənim işdən çıxarılmağım haqda qərarını ictimaiyyətə açıqlayandan sonra, idarə rəhbərliyi onun səhvini düzəltmək əvəzinə üzərimə hücuma keçdi. Ilk dəfə töhmət aldım, mütəmadi olaraq mənə xəbərdarlıqlar edilməyə başladılar. Düz bir ilə yaxın bu cür vəziyyət davam etdi. Öz növbəmdə mənə edilən haqsızlıqlar barədə sizin qəzetiniz vasitəsilə ictimaiyyətə bilgi verdim. Qanunsuz verilən töhmətlə bağlı isə idarə müdiri Telman Məhəmmədovla məhkəmə prosesi davam edir.

ARDNŞ sözün əsl mənasında cəngəlliklər qanunu ilə işləyir. Burada ya arxalı olmalısan, ya da müti. Əks halda, yəni bir Azərbaycan vətəndaşı kimi sənə şamil olunan əmək və digər hüquqlarını tələb etsən, aqibətin mənim kimi olacaq. Sizi sözün əsl mənasında əzəcəklər.

Hazırda mən işsizəm və nə edəcəyimi bilmirəm. Yeganə günahım idarə müdiri Telman Məhəmmədovun mənə qarşı haqsızlıqlarına etiraz etməyimdir. O, illərdir dövlət idarəsini şəxsi firmasına çevirib. Işçilərə münasibəti də bu cür qurulub. Məhz bu səbəbdən kimsə öz haqqını tələb edəndə, bunu “xəyanət” kimi qəbul edir.

Ədalətin bərpa ediləcəyimə ümidlərim çox azdır, əksinə, mənə bundan sonra repressiya və təzyiqlərin artacağından narahatam.

Bu yaxınlarda mətbuat konfransı keçirmək niyyətim var. Başıma gələnlər və şirkətdəki qanunsuzluq və “bespredel” haqqında ölkə ictimaiyyətinə geniş və şok bilgilər verəcəm".