Cəlilabadda şəhid Əşrəf Hüseynovun anım mərasimi qeyd edilib-VİDEO
14-05-2014, 13:40
Oxunub: 5 934
Murad Hüseynov:"Mən fəxr edirəm ki, mənim qardaşım Əşrəf Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub"
Milli ordumuzun əfsanəvi kəşfiyyatçısı olmuş Cəlilabad rayon Göytəpə şəhər sakini Əşrəf Hüseynov bir çoxlarına yaxşı tanışdı. Əşrəf Döyüşüylə düşməni, ölümüylə bizləri sarsıdsa da o, hər zaman ürəklərdə yaşayacaq.
Hüseynov Əşrəf Əli oğlu 1975-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulub boya- başa çatıb. 1992-ci ildə Cəlilabad rayon Göytəpə şəhər Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbini bitirib. Elə həmin ildən Qırmızı aypara cəmiyyətinin tərkibində tibb texnikumuna daxil olmuşdur. Bu illər ərəfəsində Azərbaycanın Qarabağ torpaqlarında şiddətli döyüşlər gedirdi. Əşrəf Hüseynovun müharibənin hər gün şiddətlənməsini görüb oxuduğu məktəbi yarımçıq buraxıb, 1993-ci ilin oktyabırın 4-də vətənin müdafiəsinə yollanıb. Əşrəf xidmətini 1993-ci ildə Bakı şəhəridə yerləşən N saylı “spesnaz” hərbi hissəsində kəşfiyatçı kimi, başladı.3 ay xidmət etdikdən sonra, birbaşa döyüş bölgələrinin qaynar nöqtələrində Fizuli, Tərtər rayonları istiqamətində gedən döyüşlərdə xidmətini davam etdirdi. O, həmçinin kəşfiyatçı olmaqla yanaşı qızğın döyüşlərdə yaralı döyüşçü yoldaşlarına tibbi yardım göstərirmiş.
Amma hardan bilərdi ki, bir gün namərd düşmən gülləsinə tuş gəlib seçdiyi tib sahəsi onun dərdinə əlac etməyəcək. Əşrəf Hüseynov 1994-ci ildə Atəşkəsin bağlanmasına bir gün qalmış 11-may 1994-ci ildə Tərtər rayon Qapanlı kəndi istiqamətində gedən məhəllə döyüşlərində qəhramancasına şəhid olub.
May ayının 13-də Şəhidin anım mərsimi boya-başa çatdığı Göytəpə şəhərində qeyd edilib. Mərasimdə şəhidin yaxınları və Göytəpə içtimayəti iştirak edib. Şəhidin ruhuna Quran oxunub ehsan verilib qəbir Ziyarətinə gedilmişdir.
Əşrəfin döyüş yolundan qalan xatirələri əsgər yoldaşları, komandirləri və yaxın dostu olan döyüş yoldaşı Kamalın yazdığı xatirə dəftərindəki misralardan:
-1994-ci ilin aprelin 26 - da gecə bizi Tərtər rayonuna gətirdilər. O, zaman Tərtər istiqamətində şiddətli döyüşlər gedirdi. Elə həmin gecə bizim polkumuz döyüşə girdi. Amma bizim kəşfiyyat bölüyünü döyüşə buraxmadılar. Aprelin 28 - də bizi Tərtər rayonunun Qapanlı kəndinə gətirdilər. Kəndin qırağında biz özümüzə döyüş mövqeyi tutduq. Döyüş dayanmışdı, sakitlik idi. May ayının 1-də gecə düşmən artilleriyasının hücumları sakitçiliyə son qoydu. Günortadan sonra düşmən “qrad” qurğularından və minamyotdan atəşə başladı ki, biz səngərdən başımızı belə çıxara bilmədik. Mən qrantamyotçu olduğuma görə sol tərəfdə qıraqda durmuşdum. Əşrəf isə ortada idi, birdən uşaqlar qışqırdılar ki, Əşrəfə nəsə oldu.
Mən özümü itirdim. Sanki dünya başıma hərlənirdi. Axı uşaqlar qışqıranda Əşrəf olan tərəfə bir minamyot düşmüşdü. Mən Əşrəfi itirəcəyimdən qorxurdum, başımda hərlənən dolaşıq fikirləri qovmaq üçün tez ayağa qalxıb Əşrəf olan tərəfə qaçdım. Başım həyacandan çox hərlənirdi, özümü Əşrəfə çatdıranda gördüm ki, artıq Əşrəfi yerə uzadıblar, ancaq Əşrəf başını əllərinin arasında tutmuşdu. Uşaqlardan soruşdum ki, ona nə olub? Döyüşçü yoldaşımız Şükürov Zaur mənə əli ilə işarə edib sakit olmağımı bildirdi. Sonra Zaur məni kanara çəkib bildirdi ki, Əşrəfin səngərinin 2-3 metrliyinə minamyot düşüb, torpaq altında qalmışdı, onu çıxartdıq, deyəsən partlayışdan kontuziya alıb, -dedi.
Əşrəfi yoldaşların köməkliyi ilə ayaq üstə qaldırıb bir təhər təcili yardım maşınına apardıq. Həkimlər ona təcili yardım göstərərək iynə vurdular. Bir az keçmişdi ki, həkim dedi ki, elə ciddi problem yoxdur, sadəcə, kontuziya alıb, bir az da ayaqlarında xəsarət var. Əşrəf tibb məntəqəsində özünə gələn kimi dərhal həkimə deyib ki, məni yoldaşlarımın yanına qaytarın. Əşrəfin qulaqlarının tutulmasına, başında kəsgin ağrılar olmasına, ayaqlarında xəsarətin olmağına baxmayaraq dərhal tibb məntəqəsində səndələyə - səndələyə yoldaşlarının, bizim yanımıza qayıtdı. Axşam düşdükcə döyüşlər də yavaşıyırdı. Bir az keçmişdi, ancaq ara- sıra atılan güllə səslərindən başqa heç bir şey eşidilmirdi. Axşam postlar bölündükdən sonra Əşrəflə biz yaxınlıqda yerləşdiyimiz evə gəldik. Komandirmiz baş leytenant Vüqar Məmmədov Əşrəfə dincəlməyi məsləhət gördü. Komandirimiz Əşrəfin minamyot altından sağ çıxmasına çox sevinirdi. Çünki Əşrəf onun qorxmaz əsgərlərindən, kəşfiyatçılarından biri idi...
“Mən uşaqlarla bir yerdə olanda özümü daha yaxşı hiss edirəm...”
...Əşrəf iki gün dincələndən sonra öz səngərinə yoldaşlarının yanına getmək istədiyini komandirə bildirdi. Komandir Əşrəfin belə tez bir zamanda səngərə qayıtmasını məsləhət görmədi. Amma Əşrəf təkidlə komandirinə dedi ki, “Mən uşaqlarla bir yerdə olanda özümü daha yaxşı hiss edirəm”. Komandir Əşrəfin əsəblərinin yerində olmasını nəzərə alıb razı oldu. Əşrəf səngərə gələrək gülə-gülə dedi: “Gördünüz, məni nəinki düşmən gülləsi, heç düşmən minamyotu da vura bilmədi”.
Yoldaşlar da hərdən Əşrəfə zarafat etmək üçün söz atıb deyirdilər ki, əlbəttə, vura bilməz, sən ki, sinənə məhəbbətdən zireh çəkmisən, sənə güllə nədir, heç tank da batmaz. Ancaq yoldaşlar nə bilərdi ki, bu gülləbatmaz Əşrəfin zirehli sinəsi bir gün namərd gülləsinə hədəf olacaq...
“Qəfil hücum başladı, məhəllə döyüşü gedirdi...”
Ancaq nə bilərdim bu ayrılıq son ayrılıqmış. Mən nə bilərdim ki, onu başa salmaq üçün dediyim sözlər bizim son söhbətimiz olacaq. Qəfil hücum başladı məhəllə döyüşü gedirdi. Düz kəndin içinə hücum etdik. Ondan sonra Əşrəfdən xəbərim olmadı, ancaq ürəyim hey onun yanında idi. Axı birinci dəfə idi ki, Əşrəf döyüşlərdə məndən ayrı düşürdü. Ehtiyatsızlıq edəcəyindən qorxurdum. Artıq hava qaralmışdı, kəndin içindəki qəbirstanlıqdan heç cür irəli keçə bilmirdik. 15-20 metr məsafədə kanalda mövqe seçən düşmən aman vermirdi ki, irəli gedək. Mən fikirli-fikirli qalxıb düşmən olan kanala 5-6 güllə atıb tez əyildim, elə əyilməyimi gördüm, qəfil güllə qulağımın dibindən vıyıltı ilə keçib arxamda olan beton dirəyə dəydi. Birdən özümdə ağırlıq hiss etdim, elə düşündüm ki, mənə güllə dəyib, sonradan gördüm güllə yox, beton qırıntıları üzümə batmışdır. Qəfil gözümün qabağına Əşrəf gəldi. Elə bil ürəyimə damdı ki, Əşrəfə nəsə oldu. Lakin inanmadım, tez başımdan dolaşıq fikirləri qovmağa çalışdım. Ermənilər bizim hücumun qarşısında tab gətirə bilmirdi. Kəndi bir neçə dəqiqəyə azad edəcəkdik. Qapanlı kəndinin yolunda birinci bölük bizim bölüklə döyüşə-döyüşə biri-birinə yaxınlaşırdı. Mən tez Əşrəfi axtarmağa başladım. Lakin nə qədər soruşub, axtardımsa da, onu tapa bilmədim. Şübhələrim daha da çoxaldı. Dərhal bölüyün çavuşu Famil Alışova yaxınlaşıb “Əşrəf hanı?”, -deyə soruşdum.
“Kamal, Əşrəf artıq vəsiyyətini edib”
O, isə mənə: “Kamal, Əşrəf artıq vəsiyyətini edib”- deyərək başını aşağı saldı. Bu zaman elə bil ürəyimə iti bir bıçaq sancıldı. Dünya başıma hərləndi, məni qəhər boğurdı. Qrantamyotu çiynimə qoyub gözlərimdən yaş axıda-axıda düşmənə tərəf irəliləyirdim. İnana bilmirdim onun yoxluğuna. Yoldaşlardan soruşdum ki, Əşrəf rəhmətə gedəndə onu kim döyüşdən çıxarıb? Dedilər ki, bəs Zaur Məmmədov, Ayaz Səfərəliyev və bir də çavuş Famil Alışov...
“Atama-anama məndən çoxlu salam deyərsən, sağlıqla qalsınlar...”
Döyüşçü yoldaşı Zaur Məmmədov deyir: Döyüş gedəndə Əşrəf mənim sağ tərəfimdə, 15-20 metr məsafədə idi. Biz döyüşə-döyüşə düşmənə tərəf sürünərək yolun o biri tərəfindəki qəbirstanlığa sarı irəliləyirdik. Qəbirstanlığın qırağında çinar ağacında oturan ermənilər bizə imkan vermirdilər ki, biz başımızı qaldıraq. Birdən qulağıma inilti səsi gəldi. Çevrilib baxanda gördüm ki, Əşrəf yerə uzanıb yumruğunu, ayaqlarını yerə çırpırdı... hərdən də başını qaldırıb düşmən tərəfə güllə atırdı. Sonradan yenə də başını yerə qoyub yumruğunu və ayaqlarını yerə vurmağa başladı. Mən hiss etdim ki, o, yaralanıb. Tez ayağa qalxıb onun yanına qaçdım. Gördüm ki, Əşrəf üzü üstə yerə uzanıb inildəyir. Onu arxası üstə çevirdim, birdən həmin an məni dəhşət bürüdü. Namərd gülləsi ona iki yerdən- boğazından və sinəsindən yaralamışdı. Əşrəfin boğazına dəyən güllə arxadan çıxsa da sinəsinə dəyən güllə isə çıxmamışdı. Mən tez Əşrəfin qolunu boynuma salıb sürünməyə başladım, 20-25 metr sürünmüşdük ki, birdən Əşrəf inildəyib dedi ki: “Zaur, qarnım deşilir”. Mən hiss etdim ki, onun qarnını deşən avtomatın darağı və çantasıdır. Tez çantanı çıxarıb atdım və arxası üstə çevirib sinəsini açdım. Güllə sağ döşünün üstündən dəymişdi, ancaq az da olsa qan çıxmamışdı. Əşrəf mənə dedi ki, “Zaur ciyərim yanır, su ver!” Mən o güllə yağışının altında yaralı yoldaşıma necə su gətirərdim, bilmirdim. Amma sonradan düşündüm ki, yaralıya su verməzlər...
“Zaur, gəl səni son dəfə qucaqlayım opüm, bəlkə bir daha görüşmədik...”
Əşrəf mənə dedi ki, “Zaur, bilirəm, mən öləcəm. Atama-anama məndən çoxlu salam deyərsən, sağlıqla qalsınlar. Heyif ki, atamı son dəfə görə bilmədim. Birdə onu dedi ki atama deyersen həmişə başını dik tutsun onun oğlu kişi kimi döyüşdü kişikimi də vətən uğrunda şəhid oldu ”. Sonra dedi ki, “Zaur, məni ayağa qaldırın, son dəfə göyə baxmaq isdəyirəm”. Həmin vaxt çavuş Famil yanımızda idi, ikimiz də kövrəldik, axı güllə batmaz Əşrəfimizi gözümüzün önündə itirirdik. Mən Əşrəfin üzünə əlimi vurub gördüm ki, sifəti soyuyur. Daha dayanmaq olmazdı, yenidən qolunu boynuma keçirib sürünürdük. Birdən güllə atıldı, güllənin biri kürəyimdəki avtomata dəydi, avtomat da Əşrəfin idi. Əşrəfin silahı məni ölümdən qurtardı.
Bir az sürünmüşdük ki, birdən Əşrəf yenidən inildədi, gördüm ki, atılan güllənin biri də onun əlinin ortasından dəyərək baş barmağının yanından çıxmışdı. Vəziyyət çox ağır idi, düşmən, sanki Əşrəfdən əl çəkmirdi, artıq sürünmək də olmurdu. Bir tərəfdən aclıq, bir yandan da yorğunluq məni taqətdən salmışdı. Birdən döyüşçü yoldaşlarımızdan Fəxri adlı biri qaçaraq özünü mənə yetirdi. Çavuş Famil ilə ikisi mənə kömək edirdilər ki, Əşrəfi çıxaraq. Mən də sürünürdüm, birdən arxaya baxdım, gördüm ki, Fəxri çiynin tutub qışqırdı. O, da yaralanmışdı. Fəxriyə dedim ki, Fəxri, sən bir təhər elə ata-ata çıx! Fəxri özünü itirmədi, güllə ata-ata ərazidən çıxa bildi. Mən də Əşrəfi birtəhər yolun o biri tərəfinə keçirdim. Əşrəf mənə son nəfəsində dedi ki, “Zaur, məni yerə qoy”. Əşrəfi arxası üstə uzandırdım. Əşrəf inildəyə-inildəyə mənə dedi: “Zaur, gəl səni son dəfə qucaqlayım opüm, bəlkə bir daha görüşmədik”. (ağlayır.red.) O, məni quçaqlayıb öpdü. Mən də onun üzündən, alnından öpdüm. Elə bu vaxt doyüşçü yoldaşım Ayaz köməyə gəlib çatdı, mən çox yorulmuşdım. Geri qayıtmaq lazım idi, çünki mən qranatamyotçu olduğum üçün yoldaşların yanında olmalıyam, çünki hər dəqiqə düşmən tankları üstümüzə gələ bilərdi. Mən Əşrəfi Ayazın çiyninə qaldırıb Familnən geri qayıtdım. Ayaz Əşrəfi aparıb təcili yardım maşınına çatdırsa da həkimlər bildirmişdir ki, artıq gecdir, Əşrəf şəhid oldu...
Qeyd edək ki, Əşrəf Hüseynovu 1994-ci ilin may ayının 19-da doğulub boya- başa çatdığı Göytəpə şəhər qəbirstanlığında dəfn ediblər.
Şəhidin qardaşı Murad Hüseynov bizə verdiyi müsahibədə o bildirdi ki, mən fəxr edirəm ki, mənim qardaşım Əşrəf Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Amma bunlara baxmayaraq əfsuslar olsun ki, Cəlilabad rayonunda dövlət qurumları şəhid ailələrinə qarşı hədsiz biganəlik var. Bu günə kimi tam məsuliyyətimlə deyə bilərəm ki, rayonda hər hansı bir şəhidin anım mərasimində rayonun hokümət numayəndələri iştirak etməyib və maraqlanmayıblar. Belə bir diqqətsizlik əlbətdə bizlərə çox təsir edir. Axı bu igid oğullarımız Azərbaycan respublikasının ərazi bütövlüyi uğrunda çanlarını fəda verib şəhid oldular. Onlara bu qədər biganəlik olmaz axı. Necə olur ki ,hər hansı bir deputat rayona gələn kimi yüzlərlə idarə təşkilatları bir araya toplayıb şadlıq evlərində deputatın sərsəm fikirlərinə əl çaldıra bilirlər. Amma şəhidin anım mərasiminə 5-10 hökümət numayəndəsi gəlib şəhidin ailəsinə baş salığı vermək çətin olur ?
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər