BolgeXeber.Com » Gündəm » Müdafiə nazirinə yeni müavin gətirildi

Müdafiə nazirinə yeni müavin gətirildi

16-05-2014, 09:00
Oxunub: 4 253 Üzeyir Cəfərov: “General Kərim Vəliyev ədalətli, son dərəcə yüksək intellektə və bacarığa malik şəxsdir...”

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib. APA-nın xəbərinə görə, Ç. Məmmədov ordudan ehtiyata dünən göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

K.Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.

Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.

Yeni təyinata münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, son vaxtlar Müdafiə Nazirliyinin rəhbərliyinin həyata keçirdiyi bir neçə uğurlu kadr təyinatları cəmiyyətdə çox müsbət qarşılanıb: “Xüsusən də bir vaxtlar Qarabağın odundan-alovundan çıxmış, çox təcrübəli polkovnik Rüfət Əmirovun, indi isə Azərbaycan generalitetində mən deyərdim ən savadlı və təcrübəli generallardan olan Kərim Vəliyevin MN-ə gətirilməsi şəxsən məndə böyük ümidlər yaradır”.



Ü.Cəfərov deyib ki, Kərim Vəliyevin başçılığı altında 4 ilə yaxın hərbi xidmət keçib: “Zabit kimi deyə bilərəm ki, son dərəcə ədalətli, yüksək intellektə və bacarığa malik şəxsdir. Onun çox böyük hərbçi tərcümeyi-halı var. O, mərhum Heydər Əliyevin prezidentliyi dönəmində bir neçə dəfə müdafiə naziri postuna layiqli namizədlər arasında adıçəkilən şəxslərdən olub. Amma çox təəssüflər olsun ki, bəzi bədhaxlar onun uğurlarını, onun əsl general olmasını həzm edə bilmədiyi üçün onu gözdən uzaq bir yerə xidmətə yolladılar.

Çox sevindiricidir ki, bu general indiyə kimi bir dəfə də olsun Azərbaycan mətbuatında adı mənfi tərəfə çəkilməyib. Bunun özü çox şeydən xəbər verir. Şəxsən mən sevinirəm ki, nəhayət ki, MN sistemində neqativ halların sayı xeyli azalacaq və bu işdə təcrübəli general kimi həm Kərim Vəliyev, həm də bu yaxınlarda yeni vəzifə almış polkovnik Rüfət Əmirov əllərindən gələni əsirgəməyəcəklər”.

K.Vəliyev xalq şairi Səməd Vurğunun qohumudur. Anası Səməd Vurğunun yaxın qohumu Leyla Kərim qızı Vəkilovadır. O da bildirilir ki, orduda təmiz fəaliyyətinə görə ləqəbi “Ağ kağız” olan Kərim Vəliyev Səfər Əbiyevin “vurduğu” kadrlardan olub.

General-leytenant Kərim Vəliyev Qarabağ müharibəsinin ən ağır vaxtlarında döyüş briqadalarından birində məsul vəzifələrdə xidmət edib. Daha sonra isə Bərdə Hərbi Birləşməsinin komandiri vəzifəsində xidmət edib. 2000-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin rəisi vəzifəsinə təyin olunub. Mərkəzdə aparılmış ştat dəyişikliyi ilə əlaqədar bir müddət müdafiə nazirinin sərəncamında olub.

Daha sonra isə nazirliyin Hərbi Strateji Araşdırmalar Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Bundan sonra isə Bakı Hərbi Birləşməsinin və 4-cü korpusun komandiri vəzifələrini tutub.



Bolgexeber.com