BolgeXeber.Com » Gündəm » Cəzaların müddətinin yuxarı həddi artırılır

Cəzaların müddətinin yuxarı həddi artırılır

18-05-2014, 10:05
Oxunub: 2 696 Müzəffər Baxışov: «Bunun heç bir hüquqi əsası yoxdur».

Azərbaycanda azadlıqdan məhrum etmənin, eyni zamanda hökmlərin məcmusu üzrə toplanan cəzaların müddətinin yuxarı hədləri artırılır. Milli Məclisdən
verilən məlumata görə, bununla baglı Cinayət Məcəlləsinin 55.4- cü maddəsinə dəyişiklik və bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəsinə əlavə təklif olunur.

Məcəllənin 55.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrum etmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il olaraq təyin ediləcək.ÿHazırda bu rəqəmlər müvafiq olaraq 15 və 20 ildir. Bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəyə müvafiq əlavə edilməsi təklif olunur. Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Hüquqşünas Müzəffər Baxışov sözügedən qərarı şərh edərək söyləyir ki, cəzaların artırılmasıyla cinayətlərin qarşısının alınmasına nail olunması mümkün deyil. Hüquqşünasın fikrincə, buna heç bir hüquqi əsas və ehtiyac yoxdur. M.Baxışov qeyd edir ki, indiki qanunvericiliklə CM-in müddəalarına və cinayətlərin məcmusuna görə 15 ildən artıq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmək mümkün deyil:



“Amma hökmlərin məcmusu üzrə qanunvericilik 20 ilədək azadlıqdan məhrum etmə cəzasına imkan verirdi. Cinayətlərin məcmusu üzrə 20 ilə, hökmlərin məcmusu üzrə isə 25 ilə qaldırılması çox səhv addımdır. Bu, mövcud rejimin avtoritar mahiyyətini bir daha ortaya qoymaqla bağlı cəza siyasətinin sərtləşdirilməsidir”.

M.Baxışov buna heç bir ehtiyac olmadığını deyərək bizim CM-in Rusiya CM-dən olduğu kimi köçürüldüyünü və cəzaların həddən artıq sərt olduğunu bildirir. Onun qənaətincə, cəza siyasətini sərtləşdirmək deyil, daha da yüngülləşdirmək siyasəti həyata keçirilməlidir. Ekspert bir sıra cinayətlər üzrə cəzaların aşağı həddinin yuxarı qaldırılması barədə də məlumatların olduğunu bildirir:

“Cəza siyasətini sərtləşdirirlər. Bu, insanları qorxu altında saxlamaq üçün həyata keçirilən bir siyasətdir. Sərtləşdirməylə həmin qəbildən olan cinayətlərin qarşısını almaq qeyri-mümkün olacaq. Sadəcə olaraq, cəmiyyəti demokratikləşdirmək, hüquqi islahatlar həyata keçirmək, insanlara cinayətə meyl göstərməməsi üçün şərait yaratmaq lazımdır. Çalışmaq lazımdır ki, insanlar qanunların tələbinə əməl etməyə meylli olsunlar. Əfsus ki, mövcud rejim başqa yolu tutub”.


BOLGEXEBER.COM