Sürətli özəlləşdirmə, yoxsa dövlət əmlakının sürətli talanı?
20-05-2014, 17:40
Oxunub: 4 181
Kərəm Həsənov niyə tələsir?
Təkcə bu rüb 145 ASC-nin səhmləri hərraca çıxarılacaq; bu müəssisələrin əksəriyyətini Kərəm Həsənovun yaxın ətrafı ələ keçirib və hərraclar vasitəsilə prosesin tam rəsmiləşməsi gözlənilir
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmənin sürətini artırmaq barədə qərar qəbul edib. Növbəti pul hərracı 2014-cü il iyun ayının 17-də keçiriləcək. Hərraca 29 Açıq Səhmdar Cəmiyyətinin səhmləri çıxarılacaq. Bu barədə komitənin rəsmi saytında məlumat verilib.
(http://www.emdk.gov.az/?/az/assignment/view/1046/).
Bununla da bu rübdə hərraca çıxarılacaq ASC-lərin sayı 145-ə çatıb - mayın 20-də keçiriləcək pul hərracında 29, mayın 27-də keçiriləcək pul hərracına 29, iyunun 3-də keçiriləcək pul hərracında 29, iyunun 10-da keçiriləcək pul hərracında 29 ASC-nin səhmləri satışa çıxarılacaq.
Özəlləşdirmənin sürətlənməsinin səbəbi nədir? Öncə rəsmi statistikaya diqqət yetirək.
Son bir neçə ildə ASC-lərin özəlləşdirilməsi prosesi əhəmiyyətli dərəcədə zəifləyib. 2014-cü ilin birinci rübündə Azərbaycanda 150 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. 2013-cü ilin eyni dövründə 270 belə müəssisə və obyekt özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, ilin əvvəlindən 130 obyektin yerləşdiyi torpaq sahələri satılıb. Bunların bir hissəsindən istifadəçilər formal olaraq imtina edib və onlar açıq hərracda satılıb. Ötən ilin I rübündə 220 torpaq sahəsi satılıb. 12 pul və ixtisaslaşdırılmış pul hərracı vasitəsilə 11 ASC-nin səhmləri özəlləşdirilib.
İnvestisiya müsabiqələrində özəlləşdirilən ASC-lərə investisiyalar da azalıb. I rübdə onlar 1,3 milyon manatdan (2013-cü ilin birinci rübü ilə müqayisədə) 1 milyon manata qədər azalıb.
Komitə dövlət büdcəsinə daxilolmalar barədə, bir qayda olaraq, məlumat vermir. Bu il dövlət büdcəsinə 35 milyon manat ödəmək proqnozlaşdırılıb. İnvestisiya müsabiqəsi metodu ilə özəlləşdirilən müəssisələr barədə məlumat verilmir. Hansı müəssisənin nə qədər investisiya öhdəliyi götürməsi gizli saxlanılır. Yalnız ümumi məlumat verilir. Məsələn, qurumun məlumatlarında bildirilir ki, 2012-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisələrə 160 milyon manat investisiya qoyulub.
Özəlləşdirmənin getdikcə zəiflədiyi bir vaxtda qəfildən 145 ASC-ni birdən hərraca çıxartmaq bir qədər gözlənilməzdir və bunun hansısa korporativ maraqlara xidmət etməsi şübhə doğurmur. Nəzərə alsaq ki, Azərbaycanda özəlləşdirmə rəqabətsizdir, müəssisə və obyektlər start qiymətinə, bazar qiymətindən dəfələrlə ucuz satılır, onda bu şübhələr daha da artır.
Komitədəki qaynaqlardan “Yeni Müsavat”a daxil olan məlumata görə, birdən-birə 29 ASC-nin hərraca çıxarılması qurumun rəhbəri Kərəm Həsənovun şəxsi maraqları ilə bağlıdır. Bu müəssisələrin əksəriyyətini K.Həsənovun yaxın ətrafı ələ keçirib. Hərraclar vasitəsilə prosesin tam rəsmiləşməsi gözlənilir.
Mənbə onu da bildirir ki, hərraca çıxarılan ASC-lərin əksəriyyətinin bərpa edilməsi mümkün deyil: “Sadəcə, ASC-ləri özəlləşdirmək, əmlakını satmaq və ən başlıcası isə müəssisənin sahib olduğu torpaq ərazilərini mənimsəmək məqsədi güdülür”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər