İki nəfərin ölümünə səbəb olan məmurla bağlı yeni faktlar (FOTO)
21-05-2014, 08:25
Oxunub: 3 782
Səbayel rayonu icra başçısının müavininin maşını ilə törədilən qəzada qaranlıq məqamlar qalmaqdadır
Xəbər verdiyimiz kimi, Səbayel Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Yavər Allahverdiyevin xidməti avtomobili mayın 11-də saat 23:30 radələrində qəza törədib.
Belə ki, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi “Hyundai Grandeur” markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbayel rayonu ərazisində törətdiyi qəzada piyadalar Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Xalid Cəbrayılov hadisə yerində dünyasını dəyişdi. Xəstəxanaya aparılan digər iki şəxsdən biri - Misir Şirinov isə az sonra xəstəxanada vəfat etdi.

Baş Prokurorluqdan bildirildi ki, faktla bağlı Səbayel Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.
Qəza ilə bağlı maraqlı fakt isə ondan ibarətdir ki, qəzaya səbəb olan “Hyundai” markalı avtomobilin üzərindəki dövlət nömrə nişanı başqa maşına məxsusdur.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbayel RİH-ə məxsus “Qaz-3110” markalı digər avtomobilə aiddir. İstifadəyə yararsız olan “Qaz-3110” isə hazırda Səbayel RİH-in binasının arxasındakı boş ərazidə saxlanılır. Əməkdaşımız həmin avtomobilin fotosunu çəkib.
RİH-dən adının çəkilməsini istəməyən mənbə həmin avtomobilin icra hakimiyyətinə məxsus olduğunu və Yavər Allahverdiyevin yeni maşın - “Hyundai Grandeur”u aldıqdan sonra 10 AS 509 dövlət nömrə nişanını təzə avtomobilin üzərinə qeydiyyata keçirmədiyini dedi. Beləliklə, 10 AS 509 dövlət nömrə nişanı qanunsuz olaraq “Hyundai” markalı avtomobilə bağlanıb.
Avtomobilin qəza anında məhz adıçəkilən şəxs - sürücü Sabir Hacıkərimov tərəfindən idarə edilməsi də mübahisəli məsələdir. Çünki hadisə şahidləri avtomobilin məhz Yavər Allahverdiyev tərəfindən idarə olunduğunu deyiblər. Rəsmi məlumatda isə qəzanı Səbayel RİH-də sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimovun törətdiyi deyilir.
Şahidlər qəzanı törədən maşının saatda 130-140 km sürətlə hərəkət etdiyini də bildiriblər.

Dövlət Yol Polis İdarəsindən aldığımız məlumat da göstərir ki, avtomobilin sürücüsü heç də yol hərəkəti qaydalarına əməl edən intizamlı şəxs deyil. Belə ki, bu avtomobil sürət həddini aşdığına görə 7 dəfə radara düşüb. Lakin bunların heç birində cərimə edilməyib.
Qeyd edək ki, hadisə baş verən ərazidə nəzarət kameraları da var.

Əldə etdiyimiz digər məlumata görə, qəza baş verəndən bəri Yavər Allahverdiyev işə çıxmır. Hadisədən bir həftədən artıq vaxt keçsə də...
Səbayel RİH-lə əlaqə saxlayaraq başçının müavini Y.Allahverdiyevlə danışmağa cəhd etdik. Y.Allahverdiyevin köməkçisi zənglərimizə cavabında hər dəfə bildirdi ki, “Yavər müəllim işə çıxır, lakin ərazidədir”.
Onu da qeyd edək ki, günün müxtəlif saatlarında etdiyimiz zənglərə yalnız bu cavabı aldıq. Y.Allahverdiyevin öz mövqeyini də dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər