BolgeXeber.Com » Gündəm » Sumqayıt Apellyasiya Məhkəməsinin hakimindən şikayət

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimindən şikayət

21-05-2014, 11:10
Oxunub: 5 514 "Mən bu evə və torpağa vasiyyətnamə üzrə yeganə varisçi ola-ola, ev həmin hakimin qərarı əsasında Hacımətova Əminə Mahmud qızı tərəfindən özəlləşdirilmişdir"

Hakim Telman Qədir oğlu Məmmədov işin mənim xeyrimə həll olunması üçün hakim həyat yoldaşım Hacıyev Sabir Əhəd oğlundan 4000 azn miqdarında pul istədi...”

Bakı şəhər sakini İradə Hacıyeva Qusar rayonunun keçmiş hakimi, hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Qədir oğlu Məmmədovun qanunsuz hərəkətindən Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət etdi...

“Qusar rayonunun keçmiş hakim, hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi olan Telman Qədir oğlu Məmmədovun qanunsuz qərarı nəticəsində mənə miras qalmış mülkümüz başqalarına verilib...”

Şağıda hələki heç bir şərh verilmədən adı çəkilən şikayəti təqdim edirik:

Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Bakı şəhəri, Əlif Hacıyev küçəsi, ev 19, mənzil 43-də yaşayan İradə Müslüm qızı Hacıyeva tərəfindən şikayət ərizəsi

Hörmətli Fikrət müəllim!

Şikayətim Qusar rayonunun keçmiş hakimi, hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işləyən Telman Qədir oğlu Məmmədovdandır. Həmin hakimin ədalətsiz qərarlarınıın, özbaşınalığının nəticəsində mənə vəsiyyətnamə əsasında məxsus olan, Qusar şəhəri Heydər Əliyev küçəsində yerləşən tikdirdiyim 23 saylı ev və torpaq sahəsi digər insanlar tərəfindən özəlləşdirilmişdir. Ətraflı olaraq 7 sentyabr 1988-ci ildə mən və həyat yoldaşım Hacıyev Sabir Əhəd oğlu Qusar şəhərində Heydər Əliyev (keçmiş Kommunist, keçmiş Tofiq İsmayılov) küçəsində yerləşən 23 saylı evi alqı-satqı müqaviləsi ilə 16000 (on altı min) sovet rubl ödəməklə aldıq. Lakin Bakı şəhərində ev sahibi olduğum üçün ev nənəm Şahmuradova Kiçaxanım Əmiraslan qızının adına alqı-satqı müqaviləsi ilə alınmışdır və nənəmin tərəfindən dərhal- 9 sentyabr 1988-ci ildə mənə vəsiyyət edilmişdir. Vəsiyyətnamə 9 sentyabr 1988-ci ildə Qusar şəhəri Notariat kontorunda N3-3021 nömrəsi ilə qeydə alınmışdır. Vəsiyyətnamə iki nüsxədə hazırlanmışdır, bir nüsxəsi mənim anamda qalmışdır, digəri isə Notariat kontorunda saxlanılmışdır. Vəsiyyətnaməyə əsasən vəsiyyətçi Qusar şəhəri Heydər Əliyev küçəsində yerləşən 23 saylı evi və torpağı mənə vəsiyyət etmişdir. Həmçinin həmin vəsiyyətnaməyə əsasən vəsiyyətçi digər öz varisçilərini öz əmlakına varis olmaq hüqüqundan məhrum etmişdir. Yuxarıda qeyd olunan vəsiyyətnamə mənim anamda (Əminə Mahmud qızı Hacımətovada) saxlanılmışdır və mənə verilmirdi. Anam həmişə evin mənə məxsus olmasını və heç kimin bu evə müdaxilə etməyəcəyini bildirirdi. Aldığımız ev köhnə tikili olduğuna görə 1990-cı il avqust ayında mən və həyat yoldaşım bankdan borc götürməklə, yeni evin tikilməsi üçün qərara qəldık. 28 avqust 1990-cı ildə yeni evin tikintisinin icazəsini almaq üçün Qusar Rayon Şəhər İcra Hakimiyyətinə müraciət etdik. 31 avqust 1990-ci ildə evin yaşayış üçün yararsız olmasına görə sökülməsinin və yerində yeni iki mərtəbəli evin tikilməsinin icazəsi barədə Qusar Rayon Şəhər İcra Hakimiyyəti tərəfindən akt tərtib olunmuşdur. 1990-ci ilin sentaybr ayında evin tikilməsinə 20000 (iyirmi min) sovet rubl miqdarında borc (ssuda) götürülməsi ilə əlaqədar, həyat yoldaşım Qusar şəhərində yerləşən Əmanətbankının (“Sberbank”) müdiri Mustafa Bədəlova müraciət etmişdir (bunu təsdiqləyən sənəd var). Bank müdiri evin mənim adıma vəsiyyət olunmasını və nənəmin vəfatından sonra mənim adıma keçəcəyini nəzərə alaraq, nənəmin adına borc verilməsinə icazə vermişdir. Nənəmin yaş həddi, borcun uzunmüddətli olması nəzərə alınmışdır və buna görə də mən borc alana bankda zamin dayanmışdım. Həmin borc müqaviləsində göstərilir ki, evin tikintisinə 20000 (iyirmi min) sovet rubl faizlə 25 illik borc verilib. 10000 (on min) rubl dərhal verilmişdir, evin bünövrəsi qoyulandan 3-4 ay sonra isə “Əmanətbank”ın nümayəndələri tikintiyə baxış keçirmiş və evin həqqiqətən də tikildiyini təsdiqlədikdən sonra qalan 10000 (on min) sovet rubl bank tərəfindən verilmişdir.



16 avqust 1991-ci il tarixində nənəm Şahmuradova Kiçaxanım Əmiraslan qızı vəfat etmişdir. Nənəmin vəfatına qədər evin böyük bir hissəsi (fundamenti, karkası, damı, döşəməsi, qapı və pəncərəsi) tikilmişdir, ancaq evin içərisinin təmiri qalmışdır. Qalan təmir işləri o vaxtdan indiyədək yavaş yavaş aparılmışdır. 09.02.1993-cü il tarixində həyat yoldaşım 21369 (iyirmi bir min üç yüz altmış doqquz) sovet rubl 16 qəpik ödəməklə evin tikintisinə götürülmüş borcu tam ödəmişdir. Mən və həyat yoldaşım iş adamları olduğumuz üçün, evin tikintisinin nəzarəti və tələb olunan materialların alışı atam Hacımətov Müslüm Məhəmməd oğlu tərəfindən aparılmışdır. Alınan materialların və ustaların pulu atama bizim tərəfdən verilirdi. Üç uşaq böyütdüyümizə və daimi işdə olduğumuza görə biz həmin evə yalnız istirahət üçün ildə bir neçə günlük gəlirdik.



2010-cu ildə oğlum ailə həyatı qurmuşdur, şəxsi evi və kirayələrdə qalması üçün lazımı qədər maddi gəliri olmadığı üçün, müvvəqqəti Qusarda olan evdə ailəsi ilə qalmasını istəmişdir. Lakin mənim anam, ona bu evdə yaşamasına icazə verməmişdir. Bunu eşidikdən sonra mən anamdan məndən qizlətdiyi vəsiyyətnaməni tələb etdim və o, nədənsə mənə bu sənədi verməkdən imtina etmişdir. 2010-cu ilin dekabr ayında valideyinlərimin evində olarkən, digər sənədlərin arasından təsadüfən həmin vəsiyyətnamə mənim əlimə keçmişdir. Bu sənəd əsasında mən 2011-ci ilin yanvar ayında Dövlət Notarial Arxivinə məktubla müraciət etmişəm. 23.02.2011-ci il tarixində Dövlət Notarial Arxivindən mənə rəsmi cavab verilmişdir ki, Qusar Rayon Dövlət Notariat Kontorunda 09.09.1988-ci il tarixində 3-3021 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Həmin ay mən Qusar Rayonu Dövlət Reyestr Xidmətinə vasiyyətnamə ilə müraciət etmişdim, orada mənə bildirdilər ki, mən nənəmin ölümü haqqında şahədətnaməni təqdim etməliyəm. 2011-ci il fevral ayında mən Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsindən nənəmin ölümü haqqında arayışı aldım və Qusar Rayon Dövlət Reyestr Xidmətinə məndə olan bütün sənədləri təqdim etdim.



Sənədlərimi yoxladıqdan sonra Reyestrdən mənə bildirdilər ki, mən notoriat kontorunda vərəsəlik üzrə vərəsəlik işi açmalıyam. Mən Bakı şəhəri Nizami Rayon 50 saylı Notariat Kontoruna 2011-ci ilin mart ayında vəsiyyətnamə ilə müraciət etmişəm. Vərəsəlik işi açmaq üçün notarius Kənan Akif oğlu Rəhmanov Ədliyyə Nazirliyinin bazasına daxil olaraq orada həmin əmlak üzrə digər varisçilərin adına hər hansı bir vərəsəlik işin açılmasını və ya varisçilər tərəfindən vərəsəlik üzrə müraciət edilməsini yoxlayarkən heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, 23.04.2011-ci il tarixində Bakı şəhəri Nizami Rayon 50 saylı Notariat Kontorunun notariusu tərəfindən 233 nömrəli vərəsəlik işi açılıb və mən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şahədətnamənin verilməsini notariusdan xahiş etmişəm.

25.04.2011-ci il tarixində mənə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən 16 avqust 1991-ci ildə vəfat etmiş mərhumə Şahmuradova Kiçaxanım Əmiraslan qızına məxsus Qusar şəhəri Heydər Əliyev (keçmiş Kommunist, keçmiş Tofiq İsmayılov) küçəsində yerləşən 23 saylı evin bütün kommunal xərclərinin mənim tərəfimdən ödənilməsi barədə arayış verilmişdir. Həmin ay mən yuxarıda qeyd olunan Notarial kontorunun notariusu Kənan Akif oğlu Rəhmanova vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şahədətnamənin verilməsi üçün vəsiyyətnaməni, kommunal xərclərin mənim tərəfimdən ödənilməsi barədə arayışı, əmlaka aid şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu, evin qeydiyyat şahədətnaməsi N 280, şəhər daxilində olan torpaq istifadə etmək üçün torpaq qeydi N 31, borcun (20000 sovet rubl) ödənilməsi barədə öhdəlik sənədi, borcun (21369 sovet rubl 16 qəpik) ödənilməsi barədə qəbzi, evin həyətyanı sahəsinin küçə boyu yerləşmə sxemi, evin alqı-satqı aktı, evin sökülməsinə və yeni evin tikilməsinə icazə aktı, nənəmin ölüm haqqında şahədətnaməsini, vəsiyyətnamənin dəyişdirilməməsi və ləğv edilməməsi barədə arxivdən verilən sənədi təqdim etdim. Lakin notarius şahədətnamənin verilməsindən imtina etmişdir və mənə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhər Ərazi İdarəsinə təqdim etmək üçün məktub vermişdir. Məktub daşınmaz əmlak üzərində vəsiyyətnamə üzrə vərəsə kimi mülkiyyət hüququnun rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışın verilməsi üçün həmin Reyestr xidmətinə ünvanlanmışdır.

2011-ci ilin aprel ayında yuxarıda qeyd olunan bütün sənədlərin əslini mən Qusar rayonu Reyestr xidmətinə təqdim etdim və onlar sənədləri yoxladıqdan sonra sənədləri Xaçmaz rayonu Reyestr xidmətinə göndərmişdilər. Xaçmaz rayonu Reyestr xidməti məndən evin sxemlərin çəkilməsi üçün evə daxil olunmasını istəmişdir. Lakin 2010-cu ilin yay aylarından (axırıncı istirahət aylarından) evin açarları mənim anamda olduğu üçün mən Xaçmaz rayonu Reyestr xidmətinin nümayəndələrinin evin sxemlərnin çəkilməsi üçün evə buraxılmasını anamdan xahiş etmişdim. O, isə nədənsə buna icazə verməmişdir. Mən 23.04.2011-ci il tarixində Qusar Rayon Polis Şöbəsinin Elman adlı rəis müavininə müraciət etdim ki, mənə öz evimə daxil olmağım üçün şərait yaradılsın.



Bununla bağlı məndən ərizə götürmədilər və heç bir köməklik etmədilər. Buna görə də Xaçmaz rayonu Reyestr xidməti, mənə onların nümayəndələrinin evə daxil olması üçün şərait yarada bilmədiyimi bildirdilər.

Mən 17.05.2011-ci il tarixində Qusar Rayon Polis Şöbəsinin rəisi Akif müəllimə müraciət etdim ki, mənə öz evimə daxil olmaq üçün şərait yaradılsın. Bununla bağlı məndən yenidən ərizə götürmədilər və heç bir köməklik etmədilər. Bundan sonra mən Qusar Rayonu Polis Şöbəsinin məndən ərizə götürmək və kömək etmək istəmədiklərinə görə 102 saylı qaynar xəttə dəfələrlə müraciət etdim. Bir müddət sonra Qusar Rayonu Polis İdarəsindən mənə zəng olundu və ərizə yazmağım barədə icazə verildi. Mən 29.10.2011-ci il tarixində ərizəni Bakıda yazmışdım və Poçt vasitəsilə Qusar Rayonu Polis Şöbəsinə göndərmişdim. Lakin indiyədək oradan ərizəmə rəsmi cavab almamışam.

Mən Qusar Rayon Polis İdarəsinin, evin yerləşdiyi ərazi üzrə sahə müvvəkili ilə 070 300 34 80 nömrəli mobil telefonuna zəng edərək əlaqə saxladım və o, mənə ərizəmin idarəyə çatmasını bildirmişdir. Həmin sahə müvəkkili mənə dedi ki, Xaçmaz rayonu Reyestr xidməti nümayəndələrinin evə daxil olması üçün dəqiq bir gün təyin edilsin, polis də onların evə daxil olması üçün şərait yaradacaq, çünki bu bizim borcumuzdur.

Mən bundan sonra Xaçmaz rayonu Reyestr Xidmətinə müraciət etdim və onlar bildirdilər ki, dəqiq bir gün təyin etmək onların ixtiyarında deyil. Ümumiyyətlə, mən bu qurumlardan adi bir sənədi ala bilmirdim, hər hansı bir sənədin alınması üçün mənə məhkəməyə müraciət etməyimi təklif edirdilər. Buna görə də mənə lazım olan sənədləri yığmaq üçün 10-dan çox məhkəmə instansiyalarından keçmişəm. 26.05.2012-ci il tarixində məhkəmə qətnaməsinin əsasında Xaçmaz rayonu Reyestr xidmətindən Bakı şəhəri 50 saylı Notariat kontoruna məktub daxil olub ki, Qusar şəhəri Heydər Əliyev (keçmiş Kommunist, keçmiş Tofiq İsmayılov) küçəsində yerləşən 23 saylı ev 07.09.1988-ci il 3-2960 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Şahmuradova Kiçaxanım Əmiraslan qızının adına qeydə alınmışdır və ona Qusar Rayon Tİ və MHQ idarəsi tərəfindən 09.09.1988-ci il tarixdə 280 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin məktubda yuxarıda qeyd olunan evin özgəninkiləşdirilməsinə qadağanın və ya əmlak üzərində həbsin olub-olmaması barədə Notariusa məlumat verilməmişdir. Həmin bir cümlənin artırılması üçün mən yenə məhkəməyə müraciət etməyə məcbur oldum və 29.12.12-ci il tarixində cavab aldım ki, bununla bağlı Xaçmaz rayonu Reyestr xidmətində heç bir məlumat yoxdur.



Nəhayət, 25 oktyabr 2013-cü ildə mən Bakı şəhəri 50 saylı Natorial Kontorunun notariusu tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni aldım. Şəhadətnamə reyestrdə 2V-01/97 nömrə ilə qeyd edilib, vərəsəlik işinin nömrəsi 36/2011.

“Hakim Telman Qədir oğlu Məmmədov işin mənim xeyrimə həll olunması üçün hakim həyat yoldaşım Hacıyev Sabir Əhəd oğlundan 4000 azn miqdarında pul istədi...”

2014-cü ilin aprel ayında isə mən Qusar rayonu Reyestr xidmətinə bu sənədlə müraciət etdim və mənə orada bildirdilər ki, ev Hacımətova Əminə Mahmud qızı tərəfindən özəlləşdirilib. Hansı hüquqi əsasa görə ev özəlləşdirilmişdir, mənə açıqlaya bilmədilər. Mən dərhal Xaçmaz rayonu Reyestr Xidmətinə zəng etdim, oradan mənə bildilər ki, ev Qusar Rayonun Məhkəməsinin hakimi Telman Qədir oğlu Məmmədovun qətnaməsi əsasında özəlləşdirilib.

Çox hörmətli Fikrət müəllim!

Hələ 2011-ci ilin iyul ayında evə daxil olmaq üçün mən Qusar Rayon Məhkəməsinə müraciət etmişəm və burada hakim Telman Qədir oğlu Məmmədovun özbaşınalığı ilə üzləşmişəm. Belə ki, işin mənim xeyrimə həll olunması üçün hakim həyat yoldaşım Hacıyev Sabir Əhəd oğlundan 4000 AZN miqdarında pul istəmişdir. Həyat yoldaşım etiraz edərək ona bildirmişdir ki, öz tikdiyim evə daxil olmağım üçün nəyə görə pul verməliyəm? Və o, hakimdən buna görə müvafiq instansiyalara şikayət edəcəyini bildirmişdir. Hakim isə ona dedi ki, “Mənəm burda qanun, hara istəyirsən get şikayət elə”. Ümumiyətlə, həmin hakim bu evlə bağlı bir neçə məhkəmə işi aparmışdır və çıxardığı gətnamələrində bir çox qanun pozuntularına yol verərək digər maraqlı tərəfin xeyrinə həll etmişdir. Sonuncu qanun pozuntusu isə onun Hacımətova Əminə Mahmud qızı tərəfindən evin özəlləşdirilməsi ilə bağlı olmuşdur. Belə ki, mən bu evə və torpağa vasiyyətnamə üzrə yeganə varisçi ola-ola, ev həmin hakimin qərarı əsasında Hacımətova Əminə Mahmud qızı tərəfindən özəlləşdirilmişdir.

“Həmin hakimə sual vermək lazımdır ki, borc müqaviləsində göstərilir ki, borc evin tikintisinə iki mərhələdə verilir və bank müdri bunu məhkəmədə təsdiqləyir, hakim isə qətnamədə yazır ki, pulun nə üçün verilməsi və haraya istifadə olunması bilinmir...”

Hakim Telman Qədir oğlu Məmmədova sual vermək lazımdır ki, əgər bu evi nənəmin adına mən almamışamsa, onda niyə ev alınan kimi dərhal iki günün ərzində nənəm tərəfindən mənə vəsiyyət edilmişdir?

Həmin hakimə sual vermək lazımdır ki, əgər bu evi nənəmin adına mən almamışamsa, onda niyə o, digər varisçilərini öz əmlakına varis olmaq hüququndan məhrum etmişdir?



Həmin hakimə sual vermək lazımdır ki, əgər bu evi nənəmin adına mən almamışamsa, onda niyə mən yetkinlik yaşına çatmamış üç uşağım ola-ola, o vaxt üçün böyük məbləğ hesab olunan 20000 sovet rubl həcmində borca, təqaüdçü, yaşı çox olan nənəmə zamin dayanmışdım?

“Həmin hakimə sual vermək lazımdır ki, vəsiyyətnamə üzrə mənə nəinki ev, həmçinin ev yerləşdiyi torpaq sahəsi vəsiyyət edilmişdir və necə olur ki, torpaq bir adamın, ev isə digərinin olur?”

Həmin hakimə sual vermək lazımdır ki, borc müqaviləsində göstərilir ki, borc evin tikintisinə iki mərhələdə verilir və bank müdri bunu məhkəmədə təsdiqləyir, hakim isə qətnamədə yazır ki, pulun nə üçün verilməsi və haraya istifadə olunması bilinmir.



Həmin hakimə sual vermək lazımdır ki, vəsiyyətnamə üzrə mənə nəinki ev, həmçinin ev yerləşdiyi torpaq sahəsi vəsiyyət edilmişdir və necə olur ki, torpaq bir adamın, ev isə digərinin olur?

Həmin hakimə sual vermək lazımdır ki, mənim adıma vərəsəlik işi açılmasına və vərəsəlik şahədətnaməsinin olmasına baxmayaraq, hansı qanunlara əsasən, digər tərəfə evin özəlləşdirilməsinə icazə verir?

Həmin hakimə sual vermək lazımdır ki, ondan şikayət edəcəyimizi dediyimizə görə bizimlə şəxsi qərərzlik aparır, yoxsa bizdən 4000 azn miqdarında tələb etdiyi pulun verilməməsinə görə, yaxud digər maraqlı tərəfdən pul götürdüyünə görəmi bizim hüquqlarımızı tapdalayır?

Hörmətli Fikrət müəllim!

Mən əminəm ki, məhkəmədə çıxış edən şahidlər izahatların verilməsi üçün prokurorluğa çağırılarsa, onların izahatları ilə məhkəmə tərəfindən göstərilən izahatlar arasında çoxlu oxşar olmayan faktlar aşkar olunacaq. Ümumiyyətlə, bir çox sualları yuxarıda göstərilən Dövlət orqanlarına vermək olardı, lakin son ədalətsiz və heç bir hüquqi çərçivəyə sığışmayan gərar hakim Telman Qədir oğlu Məmmədovundur. Artıq mən bu məhkəmələrdən yorulmuşam, çünki görürəm ki, orada hər şeyi pul həll edir. Mən isə öz zəhmətim ilə qazandığım pullarımı vəkillərə və bürokratların əlindən əsəbləşdiyimə görə itirilən sağlamlığımın müalicəsinə xərcləməli oluram. Bu illər ərzində, mən Bakıdan Qusar və Xaçmaz rayonuna qədər olan 200-250 kilometrlik yolu dəfələrlə gedib-gəlmişəm. Bu cür məhkəmə qərarları, yəni təmənnalı hakim Telman Qədir oğlu Məmmədov kimi hakimlərin qərarları, insanları öz pozulmuş hüquqlarının bərpası üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ədalətli məhkəmə araşdırması hüququnu təmin etməsi üçün müraciət etməyə vadar edir. Bu da Azərbaycanın məhkəmələrinin ədalətsizliyini göstərir və şöhrətinə xələl qətirir.

Hörmətli Fikrət müəllim!

Mən və ailəmiz Sizin necə bir ədalətli şəxs olduğunuzu, korrupsiya hallarına yol verən hakimlərə necə sərt münasibət bəslədiyinizi, belələrini necə cəzalandırdığınızı bilirik. Ona görə də Sizə üz tutub artıq dərəcədə xahiş edirəm ki, hakim Telman Qədir oğlu Məmmədov tərəfindən mənim tapdalanmış hüquqlarımın bərpasında və “Mənəm burda qanun” deyən hakimə Azərbaycanda ədalətli qərarların olmasını sübut etmək üçün köməklik göstərəsiniz. Çünki mən bu ölkənin vətəndaşıyam, 30 ildən artıqdır ki, ürək həkimi vəzifəsində çalışıram və minlərlə insanlara şəfa verməklə onlara köməklik göstərirəm. Lakin indiyədək bir doğru məmur tapılmadı ki, mənə öz hüquqlarımın bərpasında köməklik göstərsin. Mən də çox istəyirəm ki, böyüyüb yaşa dolduğum doğma Vətənimdə mənim hüquqlarım müvafiq dövlət orqanları tərəfindən qorunsun, çünki hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə pozulmuş hüququnun ədalətli araşdırılması, pozulmuş haqqının bərpası hüququna malikdir...

Redaksiyadan: Bəs necə olub ki, hakim birdən-birə belə bir qərar qəbul etmək fikrinə düşüb? Axı ortada kifayət qədər ciddi sənədlər mövcuddur...