BolgeXeber.Com » Gündəm » Lisey müəllimlərinin məktubu direktoru ifşa etdi

Lisey müəllimlərinin məktubu direktoru ifşa etdi

23-05-2014, 09:45
Oxunub: 4 006 Texniki Humanitar Liseydəki faktlar təsdiqini tapır

Adətən təhsildəki problemləri işıqlandırır və qəzetimizdə yer ayırırıq. Bunun səbəbi isə gələcək nəslimizin daha savadlı, bilikli təhsil ala bilməsi üçündür. Çünki istənilən dövlətin gücü və inkişafı onun bilikli və savadlı gələcəyindən asılıdır. Bu sahədə bir xeyli irəliləyişlər olsa da, müəyyən problemlər hələ ki, qalmaqdadır. Bəzi məktəb direktorları düşünürlər ki, əgər onlara hansısa təhsil ocağı əmanət edilibsə, onlar istədikləri kimi hərəkət edə bilərlər. Elə bunun nəticəsidir ki, mayın 19-da Nəsimi rayonu, 20 Yanvar küçəsi 3-də yerləşən Texniki Humanitar Liseydə yuxarı sinif şagirdləri və onların valideynləri etiraz aksiyası keçirmişdilər.

Belə ki, Texniki Humanitar Liseydə baş verən məlum aksiyadan sonra liseyin müəllimləri Anspresə-ə məktub ünvanlayıblar. Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik: "Salam hörmətli redaksiya. Bir neçə gün bundan öncə Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən Texniki Humanitar Liseydə bildiyiniz kimi, şagirdlərin və valideyinlərin etiraz aksiyası olmuşdu. Liseydə hökm sürən xaos tək valideynlərin yox, həm də, liseyin kollektivini narahat edir. Liseyə müvəqqəti təyin edilmiş direktor Simuzər Əlieya və onun müavini işə başladıqları gündən liseydə yalnız özbaşınalıqla məşğul olmuşlar. Bu günədək direktor və müavini hər addımlarında müəllimləri təhqir edir, müllimlərə əmr verərək, şagirdlərə aşağı qiymətin yazılmasını tələb edirlər. Bununla yanaşı, 11-ci siniflərdən rüşvət qarşılığında dərslərə gəlməmələrinə göz yuman rəhbərlik həm müəllimlərə, həm şagirdlərə, həm də valideynlərə kobud münasibət göstərirlər. Liseyin direktor müavini heç özü etik normalar çərçivəsində davranış qaydalarını bilmir. Bundan başqa direktorun katibəsi Vəlicanova Aysel direktor və müavinlə əlbir olaraq, indidən rüşvət alaraq gələn il üçün uşaqların qəbulunu təşkil edir. Bütün hallarda bu üçlük təhsil sistemindən uzaqlaşdırılmalıdır. Heç kəsin haqqı yoxdur ki, haqsız yerə şagirdləri liseydən kənarlaşdırsın. Buna nə dövlətin qanunvericiliyində, nə də liseyin daxili nizamnamısində rast gələ bilərsiniz”.

Məktubda qeyd edilir ki, liseydə təşkil olunmuş monitorinq-imtahan Təhsil Nazirliyinin qəbul etdiyi normativlər əsasında həyata keçirilmir. Müəllifin iddialarına görə, imtahanın 4 fəndən ibarət olacağı elan edilsə də, sonradan qəflətən 8 fənə çıxardılır: "Bu isə şagirdlərin üzərində böyük stress yükünün yaranmasına gətirib çıxarır. Son nəticədə isə imtahanın nəticələri mənfi olub. Bundan başqa nəzərinizə çatdırmaq istəyirəm ki, digər amillər də imtahanın nəticlərinə öz mənfi təsirini göstərib. Belə ki, imtahanda qoyulmuş test sualları siniflər üzrə düzgün bölüşdürülməyib. Məsələn, 6-cı sinfə 7-ci sinifin sualları və ya 8-ci sinifə 9-cu sinifin sualları qoyulub. Bundan başqa, rus bölməsinin imtahanı zamanı rus dilli şagirdlərin testin suallarını aydınlaşdırması zamanı dəvət edilmiş nəzarətçilərin rus dilini bilməməsi nəticəsində şagirdlər yanlış istiqamətdə yönləndirilib. Bütün bu sadaladıqlarımdan belə bir nəticəyə gələmək olar ki, imtahan günü haqlı olaraq şagirdlərdə qorxu və stress hissi yaranıb və nəticədə də şagirdlər bizə müxtəlif sualar ünvanlandırıb. Müəllimlik sənəti humanist sənətdir, insan mənəviyyatını formalaşdıran sənətdir. Uşaqlara olan sevgi müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır. Müəllim bütün hallarda, xüsusən "müəllim-şagird”, "müəllim-pedaqoji kollektiv”, "məktəb rəhbərliyi-müəllim”, "müəllim-valideyn” münasibətlərinin qurulmasında pedaqoji nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməlidir. Həmçinin şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır”. Müəllif məktubun sonunda kollektiv adından bu mövzunun bir daha ciddi araşdırılmasını və işıqlandırılmasını istəyib.

Göründüyü kimi, məktubda hər şey açıq-aşkar qeyd olunub. Əldə etdiyimiz son məlumata görə, isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılmış və müəyyən sualların proqramdan kənar olması aşkarlanmış və monitorinqin nəticələri ləğv edilmişdir. Demək ki, məktubda yazılanlar həqiqəti əks etdirir. Elə bu səbəbdən də, məsələ ciddi şəkildə araşdırılmalı və mövcud nöqsanlar aradan qaldırılmalıdır.