BolgeXeber.Com » Gündəm » Prezident ekologiya işçilərinin peşə bayramında iştirak edib

Prezident ekologiya işçilərinin peşə bayramında iştirak edib

23-05-2014, 14:00
Oxunub: 4 558 Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərdən, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərdən danışıb.

Nazir bildirib ki, layihələr uğurlu şəkildə davam etdirilir və yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Daha sonra nazirliyin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad ediblər.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin 11 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edib.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.(modern.az)