BolgeXeber.Com » Gündəm » Rauf Mirqədirovun ata evində axtarış aparıldı

Rauf Mirqədirovun ata evində axtarış aparıldı

23-05-2014, 18:25
Oxunub: 3 879 Elman Süleymanov: “Ortada heç bir sübut yoxdur, bunlar nəsə axtarıb ortaya çıxarmağa məcburdular”

Mayın 23-də səhər saatlarında Ayna-Zerkalo” qəzetinin həbs edilən əməkdaşı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirovun Yasamal rayonu ərazisində, "Üç tac" yaşayış kompleksinin yaxınlığında yerləşən evində axtarış aparılıb. Bu barədə məlumatı musavat.com-a jurnalistin bacısı verib.

Onun sözlərinə görə, Rauf Mirqədirov 4 ildən çoxdur ki, o evdə yaşamır. Axtarışı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi və üç əməliyyatçı aparıb. Axtarışa iki hal şahidi də cəlb edilib. Proses cəmi 10 dəqiqə davam edib və evdən istintaq üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb.

Rauf Mirqədirovun vəkili Elmar Süleymanov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, axtarış zamanı vəkillərin iştirakı təmin olunmayıb, axtarış protokolu onlara təqdim olunmayıb. Müsahibimizin sözlərinə görə, ümumiyyətlə, bu axtarışın özü müəmmalı aparılıb. Vəkil dedi ki, onlar daha öncə R.Mirqədirovun maraqlarına toxunan istintaq hərəkətlərində vəkillərinin iştirakının təmin olunması, müvafiq sənədlərin təqdim olunması ilə bağlı istintaqa ərizə ilə müraciət ediblər: “Mənə Rauf Mirqədirovun valideynlərindən zəng gəldi ki, evdə axtarış aparılır. Bununla bağlı istintaq mənə məlumat verməmişdi. Zəngdən 15-20 dəqiqə sonra evə gəldim.

Müstəntiqlər yox idi. Valideynləri ilə danışdım. Ailə üzvləri təklif ediblər ki, hal şahidi qismində binanın komendat iştirak etsin. Müəmmalı səbəblərə görə istintaq bununla razı olmayıb. Özləri ilə gətirdikləri iki hal şahidinin iştirakı təmin edilib. Amma valideynləri bu şəxsləri tanımayıblar. Bundan başqa, axtarışı aparan şəxslər bu barədə qərarı oxumağa versələr də, onun surətini təqdim etməyiblər”.

E.Süleymanov müstəntiq İbrahim Ləmbəranskiyə zəng vuraraq protokolun verilməməsi barədə bildirib: “O da öz növbəsində dedi ki, protokolun verilməməsi mümkün deyil. Əgər verilməyibsə veriləcək”.

Vəkilin dediyinə görə, burada əsas məqam axtarış zamanı əməliyyatçıların nə axtarması olub. E.Süleymanov R.Mirqədirovun valideynlərinin dediklərinə istinadən bildirdi ki, axtarış zamanı narkotik, silah, pul və qızıl axtarılıb: “Evdəkilərə təklif olunub ki, sadalananlardan evdə nə varsa ortaya qoyulsun. Valideynləri ancaq gündəlik xərcləri olan pulu ortaya qoyublar. Valideynlərinin dediyinə görə, protokolda da qeyd olunub ki, evdə nə narkotik, nə silah, nə qızıl, nə də pul tapılıb. Bununla da axtarış yekunlaşıb”.

E.Süleymanov jurnalistin evində axtarılan əşyalarla bağlı fikrini də bildirdi. Onun fikrincə, R.Mirqədirov narkotik, silah alveri ilə ittiham olunmayıb. Bu səbəbdən də onun evində bu əşyaların axtarılması sual doğurur: “Eyni zamanda da bir vəkil kimi belə qənaətə gəlməyimizə səbəb olur ki, istintaqın irəli sürəcəyi heç bir sübut olmadığı üçün nəsə axtarıb çıxarmaq istəyirlər. Mətbuatdakı tendensiyaya fikir versək, bu işlə əlaqəsi olub-olmayan şəxslərin dindirilməsi də göstərir ki, bunların heç bir sübutu yoxdur. Yəni, bu günə qədər ortada heç bir sübut yoxdur. Bunlar nəsə axtarıb ortaya çıxarmağa məcburdular. Hal şahidlərinin özləri ilə gətirməsi, protokolun verilməməsi də bununla bağlı şübhələr yaradıb”.

E.Süleymanov dedi ki, R.Mirqədirovla mayın 22-də görüşüb. Müsahibimizin sözlərinə görə, jurnalistin fiziki durumu normal olub: “Amma eyni zamanda çox böyük sual qarşısındadır ki, ona qarşı niyə belə ağır ittiham irəli sürülüb. Amma onunla hər hansı istintaq hərəkəti aparılmır, azacıq da olsa nəsə ortaya qoyulmur. Qeyri-müəyyən situasiya yaranıb. Bu axtarış ilk istintaq hərəkəti sayılır”.

Vəkil söhbət zamanı daha bir yeniliyi bizimlə bölüşdü. Dedi ki, onlar R.Mirqədirovun valideynləri ilə görüşməsinə, telefon danışıqlarının aparılmasına icazə verilməsi üçün Səbayel Rayon Məhkəməsinə müraciət etmişdilər. Onun sözlərinə görə, hakim Rauf Əhmədov bu şikayəti geri qaytarıb: “Bunu da onunla əsaslandırır ki, həbs yerlərinin müdiriyyətinin elədiyi və eləmədiyi hərəkətdən şikayət inzibati məhkəməyə verilməlidir. Amma biz bu əsaslandırmanı qəbul etmir və hesab edirik ki, Rauf Mirqədirovun bu hüquqları da pozulur”.