BolgeXeber.Com » Gündəm » 10 yaşlı qızın öldüyü faciənin təfərrüatları - Video

10 yaşlı qızın öldüyü faciənin təfərrüatları - Video

24-05-2014, 09:50
Oxunub: 3 268 Qobustan rayonundakı istirahət mərkəzində baş vermiş faciənin təfərrüatları məlum olub

Hadisə Qobustan rayonunun “Cənnət bağı” istirahət-əyləncə mərkəzində qeydə alınıb.

Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromaşın (“Elektrokar”) aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib. Oksford Məktəbinin şagirdləri - 12 yaşlı Ayla Hacızadə, 10 yaşlı Mustafayeva Dinarə Mahir qızı və məktəbin müəlliməsi, 43 yaşlı Aytən Əzizova xəsarət alıblar. Yaralılar əvvəlcə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Sınıq və əzik xəsarətləri alan şagirc Ayla Hacızadə və müəllim Aytən Əzizova sonradan müalicə üçün Bakıya göndərilib. Xəsarət alan digər şagird - Dinarə Mustafayevanı isə müalicə üçün ailə üzvləri özləri Bakıya gətiriblər.

“Cənnət bağı” istirahət mərkəzindəki otelin direktoru Naina Bakaldina APA TV-yə bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. Onun sözlərinə görə, müəllimə döngədə idarəetməni itirib, nəticədə elektrokar aşıb. Naina Bakaldina onu da deyib ki, baş vermiş faciədə istirahət mərkəzinin heç bir günahı yoxdur.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən 10 yaşlı Dəniz Qorcu tanınmış rejissor Tərlan Qorçunun qızıdır.

Faktla bağlı Qobustan rayon Prokurorluğunda araşdırma aparılır.
apa