BolgeXeber.Com » Gündəm » “Azərenerji”dəki özbaşınalıq kəndləri faciə ilə üz-üzə qoyub

“Azərenerji”dəki özbaşınalıq kəndləri faciə ilə üz-üzə qoyub

2-06-2014, 09:10
Oxunub: 4 216 Ağsu rayonunun dağ kəndlərində əhali səksəkə içərisində yaşayır

Ötən həftə Tovuz rayonunda, xüsusən də rayonun kəndlərində əhalinin elektrik enerjisi ilə təchizatının çox bərbad durumda olduğu haqda faktlara əsaslanan məlumat vermişdik. Bu yazıdan sonra redaksiyamıza edilən müraciətlərdən belə məlum olub ki, eyni acınacaqlı durum digər rayonların kəndlərində də hökm sürür.


Bu sırada öncüllüyü Ağsu rayonunun tutduğunu qeyd etsək yanılmarıq. Ağsu rayonunun dağlıq ərazilərindəki kəndlərdə enerji təminatı çox dözülməz bir vəziyyətdədir. Kənd sakinlərinin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir ki, hava şəraiti dəyişən kimi elektrik enerjisinin verilməsində uzun fasilələr yaranır.

Sakinlərin şikayətindən belə məlum olur ki, ən acınacaqlı durum dağ kəndləri olan Hinqar, Girdə və Gürcüvandadır. Sakinlərin sözlərinə görə, buna səbəb enerjipaylayıcı sistemin bərbad gündə olmasıdır. Əhaliyə elektrik enerjisi sovet dövründə basdırılmış, qəzalı durumda olan dirəklər vasitəsilə ötürülür. Bu səbəbdən güclü yağışlar yağan kimi, dağ və sərhəd boyu kəndlər zülmətə qərq olur. Şikayətçilər çürüyüb aşmaq üzrə olan elektrik dirəklərinin hər an faciələrə, insan itkisinə səbəb olacağı barədə müvafiq orqanlara SOS siqnalı verirlər.

Bildirilər ki, əyilmiş vəziyyətdə olan elektrik dirəkləri evlərin üstünə, həyətlərə aşmaq üzrədir. Azacıq külək olanda belə sakinlər səksəkəyə düşürlər. Rayonun Elektrik Şəbəkəsi isə elektrik dirəklərini yeniləmək əvəzinə hava yağıntılı, küləkli olan zaman enerji verilişini kəsir. Bu vəziyyət kəndlərin əhalisini artıq təngə gətirib. Sakinlər “Azərenerji” ASC-yə müraciət edərək bildiriblər ki, elektrik dirəkləri və xətlər təcili yenilənməsə bu kəndlərdə faciə qaçılmazdır və faciənin məsuliyyətini “Azərenerji” rəhbərliyi daşıyacaq.

Sakinlər deyir ki, daim rayonun elektrik enerjisi sisteminin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərlərə rast gəlinir: “Ancaq bilinmir həmin işləri harada və necə görürlər. Fakt budur ki, biz sovet dövründən qalma infrastrukturun ümidinə qalmışıq, yalnız rayon mərkəzində müəyyən işlər görülür, kəndlər isə diqqətdən kənardadır”.

Qeyd edək ki, son 6 ildə “Azərenerji” ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanın kəndlərində sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb.

Mediada “Azərenerji” ASC-də olan korrupsiya faktları barədə çox yazılıb. Tovuzun, Ağsunun kəndlərinin timsalında yazılanların əsassız olmadığı üzə çıxır.

Elektrik enerjisi sektoruna ayrılan vəsaitlər ilbəil artsa da, regionların enerji təchizatı sistemində nəinki pozitiv dəyişikliklər nəzərə çarpmır, hətta neqativ hallar çoxalır. Belə çıxır ki, Ağsu rayonunun kəndlərinin elektrik enerjisi təchizatı üçün ayrılan vəsaitlər mənimsənilib. Bunun fonunda isə “Azərernerji” ASC-nin korrupsiya əməlləri ilə bağlı məlumatlar çoxalır. Sonuncu məlumat ötən həftə yayılmışdı və ötən saylarımızda bu barədə məlumat vermişdik.