BolgeXeber.Com » Gündəm » Səbail RİH 1 ildir vətəndaşları aldadır

Səbail RİH 1 ildir vətəndaşları aldadır

28-06-2014, 15:30
Oxunub: 4 583 Qarajları Bakı ŞİH deyil, şəxsi firma sökdürüb

Müxtəlif adlar altında başqasının əmlakını zəbt eləmək az qala normaya çevrilib. Hərdən bunun üçün səbəb kimi dövlət ehtiyacları da işə düşür. Park, istirahət yeri tikmək, abadlıq-quruculuq işləri məqsədilə vətəndaşların əmlakı əlindən alınır, ya da sökülür və ən pisi odur ki, əmlakın real qiymətinə uyğun kompensasiya verilmir. Vətəndaşlar isə məhkəməyə müraciət edəndə adətən hakimlər əks tərəfin xeyrinə qərar çıxardır.
Vəkil Bəxtiyar Hacıyev də oxşar problemlə bağlı kömək üçün Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org)müraciət edib.
Vəkilin sözlərinə görə keçən il onun müştərisi Lalə Quluzadənin Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən qarajı qanunsuz olaraq sökülüb: “ Qonşuluqdakı qarajlar da sökülüb. Qarajları kimin sökdüyü məlum deyil. Sadəcə, tanımadığı bir şəxs qarajın sahibinə ona məxsus qarajın sökülməsi üçün 4000 manat pul təklif edib. Həmin şəxs heç bir rəsmi sənəd göstərməyib. Həmin qarajın real qiyməti 20.000 manat olduğu üçün Lalə xanım razılaşmayıb.Və ötən ilin aprel ayında qaraj sahibinin icazəsi olmadan sökülüb.
Səbail RİH-ə müraciət edən vəkilə cavab veriblər ki, bu söküntünün bizə dəxli yoxdur, bu işləri Bakı ŞİH aparır.

Vəkil məcbur olub Bakı ŞİH-ə, sonra Daxili İşlər Nazirliyinə, Baş prokurorluğa müraciət etsə də heç bir qurumdan konkret cavab almayıb.
Sonra vəkil I Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək Səbail İcra Hakimiyyətinə qarşı iddia qaldırıb. Həmin iddiada qaraj sahibi ona məxsus qarajın bərpa olunmasını və qarajın kimlər tərəfindən sökülməsinin müəyyən olunmasını tələb edir.
Bütün bunlarla bağlı Qafqaznews.org araşdırma aparmaq qərarına gəldi. Görək, qarajı kimlər sökdürüb?
İlk öncə Səbail RİH-nin təsərrüfat şöbəsinin kuratoru Anar Rəsulov ilə əlaqə saxladıq. O, bildirdi ki, həmin əraziyə mən məsulam və ordakı söküntünü kimin apardığı mənə məlum deyil. Ola bilər ki, şəhər icra hakimiyyəti dövlət ehtiyacları üçün söküntü aparıb.
Sonra biz Lalə Quluzadənin qarajının yerləşdiyi ərazidəki Mənzil İstismar İdarəsinə müraciət etdik. İdarənin İsa adlı işçisi (o özünü belə adlandırdı) bildirdi ki, həmin qarajları şəxsi firma sökdürüb...
Araşdırma zamanı bu qənaətə gəldik ki, Səbail RİH vətəndaşları aldadaraq izi yayındırıb və söküntünü Bakı ŞİH-nin üzərinə atıb. Deməli, həmin şəxsi firma ilə Səbail RİH-nin ortaq maraqları var.Yəqin ki, məhkəmə bu suallara aydınlıq gətirəcək...