BolgeXeber.Com » Gündəm » Şəkinin icra başçısının biznes marağı

Şəkinin icra başçısının biznes marağı

29-06-2014, 09:00
Oxunub: 3 992 Elxan Usubov Şəkini bərbad edib

Bəzi icra başçıları özlərini rayonun ağası hesab edirlər. Ona görə də belə özündənrazı başçılardan müxtəlif instansiyalara şikayətlər ünvanlanmaqdadır. Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun da qeyri-qənaətbəş fəaliyyətindən yerli sakinlərin müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə ünvanladıqları şikayətlərin ardı-arası kəsilmir. Daxil olan məlumatlarda bildirilir ki, ötən ilin may ayından Şəki RİH-nin başçısı təyin olunmuş Elxan Usubov Azərbaycanın ən səfalı və qədim şəhərlərindən olan Şəkini cəmi bir il ərzində tamamilə tanınmaz bir hala gətirib.

Yerli sakinlər xüsusən yeni başçını Şəkinin qədim və zəngin mədəni-tarixi irsinə böyük zərbələr vurmaqda ittiham edirlər. Məlum olduğu kimi, Şəki şəhərinin iki girişi var. Rayonun giriş qapıları isə bir müddət əvvəl götürülüb. Sakinlər deyirlər ki, icra başçısının göstərişi ilə müasir dizaynda yeni qala qapıları hazırlanıb. Karvansara istiqamətindən Xan Sarayına tərəf gedən yolun solunda və sağındakı bütün tarixi abidələr, qədim tikililər də demək olar ki, darmadağın olunmuşdur. Yerli ictimaiyyət həm də rayonun turizm potensialından lazımınca istifadə edilməməsindən şikayətlənir: "Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələ ki, bundan lazımınca istifadə olunmur. Daha doğrusu, pullar qazanılır, amma bu pullar rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özlləşdirən işbazların və bütün bu özbaşnalıqlara rəvac verən Elxan Usubovun cibinə axır. Rayonun inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən bir qəpik belə xərclənmir.”Belə qənaətə gəlmək olur ki, bir müddət əvvəl Ağstafa rayonunda daşı-daş üstə qoymayan Elxan Usubov həmin özbaşınalıqları indi də Şəkidə davam etdirir. Başçıdan şikayətçi düşən yerli sakinlər bildirirlər ki, Elxan Usubov rayona büdcədən ayrılan pulları Bakıda ev almağa, rayonun səfalı yerlərində özünə villa tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə sərf edir. Rayonda isə hələ də işsizlik kimi ciddi problem öz həllini gözləyir. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə böyük işçi kütləsinin çalışdığı Şəki İpək Kombinatı indi tam gücü ilə işləmir. Şəkidə bir çox şirə zavodları bağlanıb. Ümumiyyətlə, vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Bu da şəkililərin işsizlik probleminin həll olunmasını hələ də ləngidir. Şəkidə problemlər bununla tükənmir.

Bu gün Şəkinin yolları barədə də ürəkaçan sözlər demək olmur. Şəki şəhərini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. İyirmi-otuz il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür. Şəkinin məişət problemləri barədə isə yerli sakinlər belə deyirlər: "Şəkinin yalnız mərkəzi hissəsinə qaz nisbətən yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik, Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Şəkinin su problemi hələ də hələ də həllini tapmayıb. Rayona bulanıq, demək olar ki, palçıqlı su gəlir. Amma Şəkinin elə kəndləri var ki, onlar ümumiyyətlə, su üzünə həsrətdir. Məsələn, Daşbulaq kəndində ciddi su problemi yaşanır. O kəndə yalnız bir xətdən su gəlir. Buna görə onlar həmin boruya qıfıl vurublar və hər evə insanlar suyu bidonlarla daşıyırlar. İllərdir bu problem hələ də həll edilməmiş qalır”.

Rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlarla tanışolsaq görərik ki, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar. Yerli sakinlər xüsusilə belə bir məqamı da vurğulayırlar ki, dövlət başçısının təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə məlum sərəncamından dərhal sonra rayonda süni qiymət artımının müşahidə olunmağa başlandı: "Müəllimlərin, həkimlərin maaşı artan kimi Şəkidə yağın, çayın, unun qiyməti qaldırılır. Süni qiymət artımın qarşısı alınmır. Səbəbini də soruşanda deyirlər ki, rəhbərlik belə tələb edir”.

Rəhbərlik isə əlbəttə ki, yenə də Elxan Usubovun korrupsiyaya uğramış aparatıdır. Amma bütün bu problemlər icra başçısını qətiyyən narahat etmir. Əslində, Ağstafada törətdiyi bütün qanunsuzluqlara, hətta "Akkord” kimi tikinti nəhənginə vurduğu yüz minlərlə maddi ziyana görə heç bir cəzaya məruz qalmamış məmurdan indi Şəkinin problemlərinə fərqli münasibət gözləmək də olmaz... Qəzetimiz çapa gedərkən belə bir məlumat aldıq ki, rayonu bərbad edərək özünə milyonlar qazanan Elxan Usubovun oğlu həmin pullarla özünə təzə "Ferrari” alıb. Bu maşına 55 AA seriyalı nömrə bağlayan məmur balası yəqin ki, atasına çox arxayındır. Belə olmasaydı dəyəri 500 min manatdan yuxarı olan bu maşını hansı pulla aldığını bir sorğulayan tapılardı. Eyni zamanda Elxan Usubovun özü də Gürcüstanın Batumi şəhərində 52 ədəd villa tipli katejləri Almaniya və İsraildən gətirdiyi ustalarla müasir üslubda tikdirərək icarəyə vermişdir. Onun Gürcüstanda digər sahələrdə də biznesinin olduğu bildirilir.gundelik-baku

Qarşı tərəf öz münasibətini bildirə bilər.