BolgeXeber.Com » Gündəm » Məşhur təşkilat sədri hərbi aerodromda üzüm bağı salıb-FOTOLAR

Məşhur təşkilat sədri hərbi aerodromda üzüm bağı salıb-FOTOLAR

30-06-2014, 09:45
Oxunub: 4 202 ATXƏM rəhbəri İlham İsmayılovun hakim partiya ilə də münasibətləri korlanıb, onun barəsində tədbir görüləcəyi deyilir

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov çətin duruma düşüb. Buna səbəb Salyan camaatı ilə yola getməməsi və YAP rəhbərliyi ilə münasibətlərində yaranmış gərginlikdir. Bu barədə Jam.az-a yerli mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, ATXƏM rəhbəri uzunmüddət Salyan rayonunun keçmiş rəhbərliyi ilə yaxşı münasibətləri olsa da, hazırda yeni rəhbərliklə qətiyyən yola gedə bilmir. Həmin dönəmlərdə rayona təşrif buyurmuş qonaqları Qaraçala qəsəbəsindəki malikanəsinə dəvət edən sözügedən şəxs onlara ziyafətlər də verirmiş. O dövrlərdə camaat zənn edirmiş ki, İsmayılovun məqsədi 60 saylı Seçki Dairəsindən deputat seçilməkdir və bu səbəbdən də imkanlarını nümayiş etdirirmiş. Lakin sonradan məlum olub ki, durum təkcə mandat əldə etməkdən ibarət olmayıb. İşin içində həm də başqa məqsədlər də var.

Verilən xəbərdə vurğulanır ki, təşkilat sədri seçki dönəmində bütün qaydalara riyayət etsə də, son anda bu qaydaları tapdamağa başlayıb. Nəticədə, yanında yer almış şəxslər ondan imtina etməyə başlayıb. Bunun təsirləri isə övladına etdiyi xeyir işdə özünü göstərib. Belə ki, İlham İsmaylov toya dəvət etdiyi hörmətli adamlardan heç kim xeyir işə qatılmayıb.

Məlumat verən mənbə bildirib ki, təşkilat sədrinin səhvinin nədən ibarət olduğu barədə tam bilgili olmadığından, bu barədə danışmayıb. Onların bildiyi yalnız odur ki, İlham İsmaylov ciddi səhvə yol verib və bu səbəbdən də YAP rəhbərliyi ilə münasibətləri dəyib.

Amma araşdırmalar zamanı olduqca maraqlı bir məqam üzə çıxıb. Məlum olub ki, ATXƏM rəhbəri yaşadığı qəsəbənin sakinləri ilə qətiyyən yola getmir. Buna səbəb isə qəsəbə camaatına məxsus otlaq sahəsi və ən əsası Müdafiə Nazirliyinin balansında olan hərbi aerodromu özünküləşdirərək, orada üzüm bağları salıb. Ümumi sahəsi 5 hektar olan həmin aerodromda təkcə üzüm deyil, həmçinin istixanalar təşkil edən İsmayılovun bu hərəkətindən çox-çox sonra xəbər tutulub. Amma problemi bu gün də həll etmək mümkün deyil. Çünki nə aerodrom, nə otlaq sahəsi qalıb, nə də üzüm bağlarını məhv etmək mümkündür.

Məlumatlarda ATXƏM rəhbəri İlham İsmayılovun yaxın günlərdə YAP-dan çıxarılacağı və barəsində bəzi tədbirlər görüləcəyi deyilir. Hətta bununla bağlı ona ilkin xəbərdarlıq da edilib. Bildirilib ki, indiyə qədər qazandıqlarının böyük qismi əlindən alınacaq. Yalnız minimal imkanları özündə saxlaya biləcək ki, bu da onun yalnız dolanışığına kifayət edəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.