BolgeXeber.Com » Gündəm » Şirvanda yol polisləri sürücüləri boğaza yığıb

Şirvanda yol polisləri sürücüləri boğaza yığıb

3-07-2014, 11:00
Oxunub: 5 355 DYPŞ-nin rəisi Samir İsmayılov vəzifəsinə niyə laqeyd münasibət bəsləyir?

Nazir Ramil Usubov onu mütləq cəzalandırmalıdır.Şirvan şəhər Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi Samir İsmayılovun fəaliyyətindəki nöqsan və çatışmazlıqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən rayon sakininin verdiyi bilgilərə əsasən, Şirvandakı sürücülər DYPŞ rəhbərinin və onun tabeliyində olan işçilərin özbaşına əməllərindən bezar olublar: «Samir İsmayılov şöbəyə rəis təyin olunan gündən sürücülərin günü qara olub. Şöbənin əməkdaşları günün bütün saatlarında «yollarda reyd keçiririk» deyib sürücülərə qarşı haqsızlıqlara yol verirlər.

Avtomobil sahiblərinin əksəriyyəti yol hərəkəti qaydalarını pozmadıqları halda saxlanılaraq cərimə edilirlər. Yol polisi əməkdaşlarının gücü ancaq sadə sürücülərə çatır. Rayonun yerli idarə və müəssisələrində vəzifə tutan şəxslərə qarşı isə heç bir cəza tədbiri görülmür. Onlar yol hərəkəti qaydalarını kobud şəkildə pozur, qırmızı işıqda keçirlər və dəfələrlə qəza şəraiti yaradırlar. Buna baxmayaraq, şöbə rəisi Samir İsmayılov belə hadisələri görməzdən gəlir. Həmçinin bəzi sürücülər yollarda «avtoş»luq etməklə həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin sahiblərinə qarşı təhlükə yaradırlar. Şöbə rəhbəri hələ də daşıdığı vəzifənin, geyindiyi formanın məsuliyyətini deyəsən dərk etməyib.

Yol-patrul xidməti Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin tərkib hissəsi olaraq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən bir orqandır. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilməlidir. Şirvan Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları isə vəzifələrinə aid olan işlərlə məşğul olmurlar. Belə ki, onların vəzifəsi yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək olsa da, bunu etmirlər. Yol polisi əməkdaşları qəza baş verəndən bir neçə saat sonra hadisə yerinə gəlirlər». Məlumatda deyilir ki, Şirvanda sürücü-yol polisi münasibəti normal çərçivədə qurulmayıb: «Şöbənin əməkdaşları hansısa sürücünü saxlayarkən onlara yaxınlaşıb özlərini təqdim etmirlər. Gözləyirlər ki, sürücü maşından düşüb onların yanına gəlsin. Heç bir qayda pozuntusuna yol vermədiyi halda saxlanılan sürücülər avtomobillərinin cərimə meydançasına aparılmaması üçün yol polislərinə «şirinlik» verib yollarına davam edirlər. Bəzi hallarda sürücülərdən tətbiq olunan cərimələrin dövlət rüsumundan artıq vəsait alınır. Digər tərəfdən, Samir İsmayılov və işçiləri polis adına yaraşmayan işlərə qol qoyurlar. Sürücülərə qarşı etik normalara sığmayan hərəkət və davranışları buna misal göstərmək olar.

Şirvan Dövlət Yol Polisi Şöbəsinin işçiləri sürücülərə qarşı kobudluq edirlər. Bəzi hallarda sürücülərə fiziki təzyiq göstərməkdən belə çəkinmirlər». Mənbənin sözlərinə görə, Samir İsmayılov DYPŞ-yə rəis keçəndən qısa müddət sonra maddi imkanlarını xeyli yaxşılaşdırıb: «Rəis qara rəngli, 10-300 nömrəsi ilə bahalı «Mercedes» sürür. Onun bu maşını hansı pullarla alması araşdırılmalıdır.

Sürücülər rəisin əlindən dad deyirlər. Yol Polisi Şöbəsində işçilər arasında nizam-intizam aşağı səviyyədədir. Samir müəllimin başı başqa işlərə qarışdığından vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirməyə imkan tapmır. Onu da deyim ki, bəzi sürücülər görməni məhdudlaşdıran pərdə və «plyonka»lardan istifadə etsələr də, yol polisləri onları cərimə meydançasına aparmır. Çünki bu sürücülər şöbə işçilərinə salam-sağol edirlər». Daxili işlər naziri Ramil Usubov cənablarından xahiş edirik ki, Şirvanda narazılıq yaradan DYPŞ rəisi haqqında bir ölçü götürsün. Yoxsa bu gedişlə Samir İsmayılov hələ çox əməllər törədə bilər.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq. gundelik-baku



P.S. Deyirlər, dovğa satanla rəisin hansısa qohumluq əlaqələri var.