BolgeXeber.Com » Gündəm » Gülçöhrə Məmmədovanın universitetində gərginlik artıb

Gülçöhrə Məmmədovanın universitetində gərginlik artıb

4-07-2014, 08:15
Oxunub: 4 305 Ali təhsil müəssisələri arasında problemlərin daha çox yaşandığı qurumlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetidir (AMİU).

SSRİ dövründə istedadlı inşaatçılar, mühəndislər və savadlı kadrlar yetişdirən universitet 1999-cu ildən etibarən bu sahədəki fəaliyyətini sanki dondurub. Həmin ildən AMİU-ya rəhbərlik edən rektor Gülçöhrə Məmmədova vəzifəsində müxtəlif qüsurlara yol verərək tələbələrin normal təhsil almasının qarşısına sanki sədd çəkib. Məlumatınız olsun ki, Gülçöhrə Məmmədova həm də Milli Məclisin deputatıdır. O, 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə daxil olub və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. 1999-cu ildə AMİU-ya rektor təyin edilib. Yadınızdadırsa, 2013-cü ilin ortalarında Hesablama Palatası təhsil ocağında yoxlamalar apararaq ciddi qanun pozuntularını aşkara çıxarmışdı. Palatadan bildirilmişdi ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilməmiş, təsdiq olunmuş ilkin xərc smetalarında çoxsaylı, bəzi hallarda isə zərurət olmadığı halda dürüstləşmələr aparılmışdır: «2008-2009-cu tədris ilində universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əmək haqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib, elmi dərəcələrə və elmi adlara, iş stajına görə əmək haqqına əlavələrin düzgün hesablanmaması nəticəsində bəzi işçilərə artıq, bəzi işçilərə isə az əmək haqqı hesablanıb. Universitetin nəzdində olan qazanxanalar mövsümi işlədiyi halda qazanxana işçilərinə daimi əmək haqqı ödənilib, avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərc olunub». Rektor aşkar olunan qanun pozuntularına cavab olaraq «Nöqsanlar dərsin keyfiyyətilə yox, vəsaitlərin xərclənməsilə bağlı olduğundan universitetimizin reytinqinə mənfi təsir göstərə bilməz», cavabını verib. Gülçöhrə xanımın bildirdiyi fikirlərin tam əksinə olaraq AMİU-nun reytinqi digər dövlət ali məktəbləri ilə müqayisədə xeyli aşağı düşüb. Universitetdəki mənbələrimizin verdiyi məlumata görə, yay semestri boyunca tələbələr o dünyanı görüb qayıdıb: «Heç olmasa qış sessiyasında tələbələrdən bir neçəsi öz bilikləri hesabına qiymət ala bilmişdi. Geridə qalan imtahanlar zamanı isə belə olmadı. Elə tələbələr var ki, savadlıdır, amma onlara şərait yaradılmır. Etiraz edən tələbəyə rektorun otağı göstərilir. Müəllimlər deyir ki, nə şikayətiniz varsa, gedib Gülçöhrə xanıma deyin. Çünki imtahanların bu formada aparılması onun göstərişi ilə bağlıdır. Tələbələr elm qazanmaq üçün yox, diplom xətrinə dərsə gəlir. Əslində, onları qınamıram. Belə ki, heç bir müəllim dərs keçmir. Bəzi müəllimlər mühazirə zamanı telefonla oynayır. Yaşlı müəllimlər ümumiyyətlə, auditoriyanın yolunu tanımır». Mənbə deyir ki, elmi dərəcələrə və elmi adlara, iş stajına görə əmək haqqına əlavələr yenə də düzgün hesablanmır: «Hesablama Palatası 2013-cü ildə bununla bağlı qanunsuzluqları üzə çıxarsa da, rektor səhvlərini düzəltmək istəmir. Azərbaycan Memarlıq və İnşaat Universiteti hazırda özünün ən ağır günlərini yaşayır. Rektorun 15 il ərzində həyata keçirdiyi müxtəlif özbaşınalıqları təhsil müəssisəsini bərbad vəziyyətə salıb». Bütün bu maxinasiyalardansa rektor yaxşıca qazanc götürür və bu pulları da gəlir gətirən sahələrə yatırır. Belə ki, onun şəhərin mərkəzində, universitet müəllimləri üçün tikilən binanın altında bir neçə obyektə və mebel salonuna sahib olduğu bildirilir. Eyni zamanda onun universitet əməkdaşlarına bacısının əli ilə sələmə pul verdiyi iddia olunur. Bu faizlərdən və obyektlərin icarəsindən isə hər ay 100.000 manata yaxın qazanc götürdüyü barədə söhbətlər dolaşır.Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Təhsil naziri Mikayıl Cabbarov sonra deməsin ki, AMİU-da baş verən neqativ işlərdən xəbəri olmayıb. Biz onu xəbərdar edirik. Bundan sonrası hörmətli nazirin öhdəsinə qalmış məsələdir.

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənə bilərik.