BolgeXeber.Com » Gündəm » Binəqədi sakinləri zibilə düşüblər

Binəqədi sakinləri zibilə düşüblər

7-07-2014, 07:55
Oxunub: 3 320 “Novxanı yolu” deyilən ərazidə qalaq-qalaq yığılan zibil isti yay günlərində sakinlərə əsl cəhənnəm əzabı yaşadır...

Bakının Binəqədi rayonu sakinləri sözün həqiqi mənasında zibilə düşüb. “Yeni Müsavat”a müraciət edərək kömək istəyən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan qəsəbənin “Novxanı yolu” deyilən ərazisində yaşayan sakinlər isti yay günlərində zibillərin daşınmadığından şikayət edirlər.

Onların sözlərinə görə, bir aya yaxındır ki, evlərinin yaxınlığındakı zibilxanadakı zibillər daşınmır. Qalaq-qalaq üst-üstə yığılan zibil havaların isti keçdiyi bu yay günlərində sakinlər üçün əsl cəhənnəm əzabına çevrilib.

Ərazidə yaşayan Cəmilə Məmmədovanın sözlərinə görə, az qalsın bir metri aşan zibilə görə, dəfələrlə rayon icra hakimiyyətinə və bələdiyyəsinə müraciət ediblər: “İcra hakimiyyətindən bizə dedilər ki, zibildaşıyan maşınları az olduğundan zibilləri hər gün daşımaq mümkün deyil. Biz də onlara dedik ki, heç olmasa həftədə iki dəfə bu zibillər daşınsın. Razılaşdılar. Amma bir aydır ki, evlərimizin yaxınlığındakı zibillik təmizlənmir. Nəticədə baş çatladan üfunət evimizə dolur. Siçovulların əlindən evdə yata bilmirik. Evin döşəməsindən müxtəlif cür həşəratlar evimizə doluşur. Uşaqlarda qaşınma yaranıb. Həkimə apardıq, dedilər yoluxucu xəstəlik ola bilər, mütləq önləyici tədbirlər görülməlidir. Səhiyyə Nazirliyinə yazdıq ki, heç olmasa gəlib bu zibilliyi dərmanlasınlar. Oldu, deyib bizi yola verdilər”.

Sakinlərin sözlərinə görə, rayon bələdiyyəsi hər ay evlərdən zibil pulu yığır. Rayon sakini Rauf Məmmədli daha bələdiyyəyə zibilə görə pul verməyəcəklərini deyir: “Bir aydır üfunətdən qapı-pəncərəmizi aça bilmirik. Bəhanələri də hazırdır, maşın yoxdur deyirlər. Bu zibillər nə vaxta kimi burda qalacaq? Evlərimizin dörd bir tərəfi neft buruqları ilə əhatələnib. Yay olan kimi üstü açıq neft gölməçələrində buxarlanma olur. Nəfəs ala bilmirik. Bir neçə dəfə, istifadəsiz quyuların üstünü bağlamaq istədik, bizi polislə, həbslə hədələdilər. Dövlət Neft Şirkətinə dəfələrlə müraciət etmişik. Hər dəfəsində bizə evlərimizin də olduğu sökülmə planını göndəriblər. İddia edirlər ki, guya bizim evlərimiz sənədsizdir, öz başına neftli ərazini zəbt edərək ev tikmişik. Havalar isti keçir, burdakı üstü açıq neft gölməçələrində baş verə biləcək hər hansı yanğın, partlayış yüzlərlə insanın ölümünə səbəb ola bilər”.

Bazar günü olduğundan problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənə bilmədik.

Qeyd edək ki, zibillik Bakının dəyişilməz problemlərindən biri kimi qalmaqdadır. Ekoloqlar hesab edirlər ki, burada insan faktoru çox önəmli rol oynayır. Paytaxtın zibillik problemini həll etmək üçün isə hələ 2009-cu ildən başlayaraq Yaponiyanın aidiyyəti şirkəti ilə hökumət qurumları arasında danışıqlar aparılıb. Yaponiya şirkəti Balaxanıda cəmləşən zibillikdə zavod açıb. Zavod yığılan zibili yandıraraq enerji istehsal edir.

Eyni zamanda Milli Məclis məişət tullantılarının nəzərdə tutulmuş yerlərdən kənara atılması və saxlanılmasına görə cərimələr tətbiq edilməsi ilə bağlı qərar verib. Dəyişikliklərə əsasən, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunurlar.

Qanun həmçinin lazımi yerlərdə zibil qutularının qoyulmasını da nəzərdə tutub. Belə ki, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunurlar.