BolgeXeber.Com » Gündəm » 315 saylı uşaq bağçası-geriləyən məktəbəqədər təhsil müəssisəsi

315 saylı uşaq bağçası-geriləyən məktəbəqədər təhsil müəssisəsi

7-07-2014, 18:00
Oxunub: 5 408 Nöqsanlar içində boğulan 315 saylı uşaq bağçası

Təhsil sisteminin ilk pilləsi məhz bağçalardan başlayır. Orta məktəbə yenicə qədəm qoyan uşaqların bağça təhsili görməsi vacibdir. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara nə qədər sağlam təhsil verilsə, bu onların orta məktəblərə atdıqları ilk addımlarda ciddi çətinliklərlə üz-üzə qalmayacağına kömək edə bilər. Bağçada təhsil almayan uşaqlar 1-ci sinfə gedərkən müxtəlif problemlə üzləşirlər. Körpələr uşaq bağçalarında ilk kollektiv görür və məktəbə gedərkən əlavə problem yaşamırlar. Uşaq bağçaları həmçinin valideynlərə də müəyyən mənada köməkdir. Belə ki, işləyən valideynlər övladlarını bağçaya etibar edib axşam işdən qayıdanda götürürlər. Məktəbəqədər tərbiyə ocaqları olmasa, valideynlər rahat şəkildə işə gedib-gələ bilməzlər. Lakin bağçaların hamısında heç də ideal şərait mövcud deyil.

Heç kimə sirr deyil ki, bu gün bağçaların bəzilərində qayda-qanunu pozanlar var. Axı körpə uşaqlara qarşı bunu necə etmək olar? Öz əllərimizlə gələcəyəmizin sağlamlığına qarşı necə belə təhlükə yarada bilərik? Bəziləri indi deyəcək ki, bağçada nə təhlükə ola bilər axı. Ola bilər, vaxtı keçmiş qidanı körpələrə verməklə, ərzaq məhsullarını lazımi şəraitdə saxlamamaqla, hələ həşəratlı, çirklənmiş un, yarmadan yeməklər bişirib verməklə. Əvvəlcədən onsuz da, bağçalarda kifayət qədər problemlər, nöqsanlar vardı. Məktəbəqədər tərbiyə müəssisələri yerli icra hakimiyyətlərinin balansına veriləndə, ilk ağıla gələn bu tərbiyə ocaqlarının heç olmasa mütəmadi olaraq yaxşılaşması oldu. Amma təəssüflər olsun ki, heç bir dəyişiklik olmadı. Elə vəziyyət, şərait indi də davam edir. Bu durum özünü həm uşaqların qidalanmasında, həm də tərbiyəçilərin onlarla rəftarında açıq-aydın göstərir. Bunu son vaxtlar aparılan monitorinqlər zamanı da aşkar şəkildə görürük.

Məktəbəqədər təhsil ocaqlarından əksik olmayan neqativ halların artması baxımından ən çox adı hallanan Xətai rayonu, Cavanşir küçəsi 5 ünvanda yerləşən 315 saylı uşaq bağşasıdır. Sözügedən 315 saylı uşaq bağçasından qəzetimizin ötən saylarında dəfələrlə yazılar dərc etmişik. Amma görünür, orada olan problemlərin aradan qaldırılması bağça müdirəsi Nazilə Həsənovanın heç vecinə də deyil. Çünki belə olmasa idi, ardarda həmin bağçadan şikayətlər daxil olmazdı. Deyilənə görə, bağçada kifayət qədər boş qruplar olmasına baxmayaraq, müdirə xanım hər uşağı bağçaya qəbul etmir. Yəni həmin uşaqların valideynləri "süzgəcdən” keçirildikdən sonra bağçaya qəbul edilib-edilməməsi barədə qərar qəbul edir. Halbuki, hər bir valideynin yaşadığı ərazidə bağça seçmək və uşağını həmin bağçaya qoymaq ixtiyarı var. Həm də deyilənə görə, bağçadakı uşaqlara verilən qidalar heç də ürəkaçan deyil. Belə ki, bağçada göstərilən menyudakı qidaların heç biri uşaqlara verilmir. Həmin qidalar sadəcə olaraq, kağız üzərində qalır. Valideynlər uşaqlarını bağçaya yola saldıqda, onlara meyvə və yeyə biləcəkləri ərzaqlar qoyurlar. Hətta bunlarla bərabər, arada valideynlərdən bağçada təmir işləri ilə əlaqədar pul da yığılır.

Göründüyü kimi, sözügedən 315 saylı uşaq bağçasında kifayət qədər nöqsanlar var. Ümid edək ki, körpələrimizin gələcəyi, normal şəkildə qidalanmaları və məktəbəqədər tədris almaları üçün bu kimi nöqsan və problemlər tez bir zamanda aradan qaldırılacaq.