BolgeXeber.Com » Gündəm » Məlahət Hacıyeva nazir müavini olmaq istəyir?

Məlahət Hacıyeva nazir müavini olmaq istəyir?

11-07-2014, 10:20
Oxunub: 14 296 De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri bunun üçün bütün imkanlarını səfərbər edib

O, yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə təhsil sektorundakı dayaqlarını möhkəmlədib

1998-ci idən 2013-cü ilə qədər təhsil naziri vəzifəsində çalışan Misir Mərdanovun tutduğu postdan kənarlaşdırılması cəmiyyət tərəfindən müsbət qarşılandı. Çünki Misir müəllim 15 illik fəaliyyəti dövründə ölkə təhsilini nəinki qabağa apara bildi, əksinə, təhsil sektorunda bir-birini əvəz edən problemlər meydana çıxdı. Təhsilimizin daha da acınacaqlı hala düşməməsi üçün ölkə prezidenti təcili addım ataraq Misir Mərdanovu vəzifədən azad etdi.

Onun yerinə təyin olunan gənc Mikayıl Cabbarov isə vəzifəsinin icrasına başlayandan sonra bir sıra kadr islahatları həyata keçirdi. Sabiq nazirin komandasında təmsil olunan və Təhsil Nazirliyinin fəaliyyətini iflic vəziyyətə salan bəzi şöbə müdirləri tutduqları vəzifələrdən kənarlaşdırıldılar. Amma köhnə komandanın bəzi üzvləri necə oldusa postlarını qorumağı bacardılar. Ki, onlardan biri də Təhsil Nazirliyinin nəzdindəki De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyevadır. 2010-cu ildə yaradılan idarənin rəhbəri Məlahət Hacıyeva internat və peşə məktəbləri sahəsində özünün imperiyasını qurmağa müvəffəq olub. Səlahiyyətlərindən istifadə edərək yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirən idarə müdiri həm dayaqlarını möhkəmlədib, həm də maliyyə imkanlarını xeyli genişləndirib. Etibarlı mənbələrin bildirdiyinə görə, bu gün internat məktəblərində süni şəkildə şagirdlərin sayı artırılır və buna uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitlər mənimsənilir: «Bir tərəfdən şagirdlərin sayı çox göstərilməklə müəllimlərin əmək haqları şişirdilir, digər tərəfdən isə şagirdlərin sayına uyğun olaraq ərzaq və digər zəruri məhsullar alınır. Nəticədə dövlət büdcəsinə böyük ziyan dəyir. Məlahət Hacıyeva rəhbəri olduğu idarədə sanki asılılıq şəraiti yaradıb. Bu qurumda çalışan şəxslər səlahiyyətlərinə görə yox, Məlahət Hacıyevanın istəyinə uyğun olaraq fəaliyyət göstərirlər. İdarə müdirinin əsas işlərini dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbənin rəhbəri Həbib Kərimov həyata keçirir. Şöbə müdiri Məlahət xanımın bütün maliyyə məsələlərinə nəzarət edir, aylıqların yığılmasına nəzarəti həyata keçirir».

Bayaq da qeyd etdiyimiz kimi, De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə təhsil sistemindəki dayaqlarını xeyli möhkəmləndirib: «Belə ki, 12 saylı peşə məktəbinin direktoru Fərman Aslanov onun qardaşıdır. Fərman Aslanov 1993-cü ildən ali təhsilli mühəndis kimi ilk fəaliyyətə peşə liseyində istehsalat ustası kimi başlayıb və 2006-cı ildə direktor təyin edilənədək 10 il müddətində peşə liseyində direktor müavini işəyib. Daha sonra isə Məlahət Hacıyevanın dəstəyi ilə direktor vəzifəsinə keçib. 4 saylı peşə məktəbinin direktoru Alik Allahyarov Məlahət xanımın əmisi oğludur. 5 saylı peşə liseyinin direktoru Mərhəmət Aslanova isə Məlahət Hacıyevanın anasıdır. Mərhəmət xanım 1975-ci ildən direktor işləyir. O direktor təyin ediləndə SSRİ-yə Brejnev rəhbərlik edirdi. SSRİ dağıldı, Brejnev vəzifədən getdi, amma Mərhəmət xanım hələ peşə liseyinin direktorudur. Pensiya yaşını çoxdan keçsə də, vəzifəsini təhvil vermək istəmir». Bu hələ Məlahət Hacıyevanın vəzifəyə qoyduğu yaxın qohumlarının bir hissəsidir. Gələn saylarımızda idarə müdirinin vəzifədə oturan qohumlarının hər biri haqqında böyük yazılar dərc edəcəyik. Buna qədər isə təhsil naziri hörmətli Mikayıl Cabbarova demək istəyirik ki, onun gördüyü bəzi işlər Misir Mərdanovun dövründəki əməllərdən heç nə ilə fərqlənmir. Bir faktı qeyd etmək istəyirik. Məlahət Hacıyevanın anası Mərhəmət Aslanova 1975-ci ildən direktor işləyir. Bu 39 il deməkdir. Məgər onun yerinə təyin etməyə başqa kadr yoxdur? Deyək ki, Məlahət xanım keçmiş nazir Misir Mərdanovla yaxın idi və buna görə anasına vəzifəsini qorumağa kömək edirdi. İndi ki, Misir müəllim vəzifədə deyil, axı nəyə görə Mərhəmət Aslanova vəzifədə saxlanılır? Deyilənə görə, 70-dən yuxarı yaşı olan xanım direktor günlərlə işə çıxmır. Onun həmyaşıdları çoxdan pensiyaya çıxıb. Ay Mikayıl müəllim, niyə bu məsələyə öz münasibətinizi bildirmirsiniz? Olmaya Mərhəmət Aslanova sizin yadınızdan çıxıb, hə?.. Axı təhsil ictimaiyyəti sizə ümidli idi ki, bu sahədə gəncləşmə siyasəti aparıb uzun illərdir vəzifədə oturan yaşlı kadrları işdən çıxaracaqsınız. Bəs nə oldu? Xəbəriniz yoxdur ee, Məlahət Hacıyevanın yaxın qohumları peşə liseylərinin, internat məktəblərinin çoxunu ələ alıblar.

Onların vəzifədə oturması idarə müdirinin maliyyə vəziyyətini yaxşılaşdırmasına birbaşa kömək edir. Bir də görəssiniz ki, Məlahət Hacıyeva nazir kürsüsə əyləşmək fikrinə düşüb. Necə ki, nazir müavini keçmək istəyir. Özəl mənbənin dediyinə görə, idarə müdiri bunun üçün bütün imkanlarını səfərbər edib: «Onun təhsil sahəsində kifayət qədər dayağı var. Bunu nəzərə alıb deyə bilərəm ki, Mikayıl Cabbarovun boş qalan müavin postlarından birinə ən real namizəd Məlahət Hacıyevadır. Hətta bu məqsədlə anasının yuxarılarda çalışan tanışlarını da səfərbər edib». Hesab edirik ki, De-institutlaşma Uşaq Müdafiəsi İdarəsi yaranan gündən heç nə ilə yadda qalmayan Məlahət Hacıyeva nazir müavini keçsə, təhsilimiz uçuruma yuvarlanacaq.gundelik-baku

Qarşı tərəflərin də münasibətini öyrənməyə hazırıq.