BolgeXeber.Com » Gündəm » Oğuzda məmurlar hər ay 350-400 min manat qanunsuz gəlir əldə edir

Oğuzda məmurlar hər ay 350-400 min manat qanunsuz gəlir əldə edir

14-07-2014, 00:40
Oxunub: 3 763 Bəzi məmurların “meşə sevgisi”...


Ölkəmiz üçün meşələrin əhəmiyyəti olduqca böyükdür. Çünki meşə, hər şeydən əvvəl, təmiz hava, su deməkdir. Meşələri elə bu səbəbdən bəşəriyyətin "ağ ciyərləri” adlandırırlar. Ancaq bu ağ ciyərlər insan kimi oksigen udub, karbon qazı buraxmır. Əksinə, karbon qazını udub, insan üçün zəruri oksigen buraxır. 1 hektar meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. (İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə edir). Odur ki, belə bir məsəl də var: meşə çoxdur tələf etmə, azdırsa, qoru, yoxdursa, ək. Hazırda ölkəmizdə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Meşələrimizin 95%-ə qədəri dağlıq və dağətəyi ərazilərdə, qalan 5%-i isə əsasən çay vadilərində, düzən ərazilərdə yayılıb.

Meşə ehtiyatımızın 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan Muxtar Respublikası ilə birlikdə) payına düşür. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə ( 0,48 ha) azdır. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib. Bəli, bu gün ölkəmizin ərazisinin 11,8%-i meşəlikdir. (Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. Meşə ilə örtülü ərazisinə görə, Azərbaycan keçmiş Sovetlər Birliyinin respublikaları arasında 9-cu yerdədir). Halbuki alimlər hər hansı bir ölkənin ümumi ərazisinin azı 25-30 faizinin meşə sahəsi ilə örtülməsini optimal vəziyyət hesab edirlər. Etiraf edək ki, ölkəmizdə meşəçiliyin inkişafı üçün münasib şərait var. Belə bir fikir söyləməyimiz də əsassız deyil. Çünki bir vaxtlar respublikamız meşəliklərlə örtülü olub. Sonradan ona qarşı ögey münasibət bəslənilib. Daha doğrusu, onlara qarşı soyqırım həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 2003-cü il tarixli sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olunub. Bu proqrama uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta hesabla ildə 8000-10000 hektar sahədə yeni meşələr salınıb və meşə bərpa tədbirləri həyata keçirilib. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin "Ekologiya ili” elan edilməsi, habelə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllaşdırma sahəsində çox böyük işlər görülüb. Artıq bu iş kampaniya xarakteri daşımır, hər il davam etdirilir. Bu da ölkəmizdə meşələrin artırılmasına verilən ən böyük töhfələrdən biridir. Digər tərəfdən, inkar edilə bilməz ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə enerji təchizatı sistemində yaranan problemlər, xüsusən, bölgələri qazla təmin etməyin mümkün olmaması nəticəsində meşələr sürətlə qırılıb. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyası Azərbaycanda qaz təminatı, enerji təchizatı sahəsindəki problemlərin sürətli həllinə yol açıb. Rayonlarda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, ucqar kəndlərə belə qaz çəkilməsi xəbərini tez-tez eşidirik. Amma təəssüflər olsun ki, bütün bu sadalanan faktlara baxmayaraq, bu gün paytaxtla yanaşı, hələ də bölgələrdə meşə zolaqları müəmmalı səbəblərdən qırılır. Dəfələrlə bölgələrdəki meşələrin qırılması və talanması xəbərini eşitmiş və şahidi olmuşuq. Təəssüflər olsun ki, bu durum Oğuz rayonundan da yan keçməyib. Belə ki, bu günlərdə Oğuz şəhər sakini F.İbrahimov rayonda meşə ağaclarının kütləvi şəkildə qırılması ilə əlaqədar Dünya İnformasiya Agentliyinə və ölkə başçısı başda olmaqla bir sıra dövlət rəhbərlərinə məktub ünvanlayıb. Məktubda bildirilir ki, 1990-cı ildən üzü bu yana rayona təyin edilən icra başçıları, prokurorlar, polis rəislərinin əsas gəlir mənbəyi Oğuz meşələri olmuşdur. Son 15 ildə Oğuzda 5 icra başçısı dəyişdirilib ki, onların rəhbərliyi ilə meşələrimiz, bağ-bağçamız dağıdılıb, 100 illərlə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz şəkildə kəsilmiş və bu işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılmışdır. F.İbrahimov bildirir ki, sonuncu dəfə 1 il əvvəl rayona təyin edilən həmyerlimiz Eyvaz Qurbanov rayona rəhbər təyin edilən kimi meşəqıranlar yaratdı. Eyvaz Qurbanov indiki müavini və yaxın dostu sayılan Azad Əliyevə Oğuz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və oduncaq kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işini həvalə edib. Bu həmin Azad Əliyevdir ki, əvvəllər rayonda qaz idarəsinin rəisi işləyirdi və nə işlər görməsi, hansı əməllər törətməsini bütün rayon bilir. Şikayətçinin dediyinə görə, meşə materiallarının Oğuzda qanunsuz qırılıb, dağıdılıb satılması yolu ilə hər ay bu komanda 350-400 min manat qanunsuz gəlir əldə edir. Belə ki, 1 "KaMAZ” (62 sm-lik) oduncaq yeşik taxtasına yarayan odun meşə işçiləri tərəfindən işbazlara 800 manata satılır. Hər bir maşının (materialla dolu) rayondan polis işçiləri tərəfindən keçirilməsinə 400 manat pul alınır. Material satışı ilə məşğul olan işbazlar rayondan satılan hər bir "KaMAZ” maşınları üçün Azad Əliyevə 600 manat verirlər. Göyçay, Ağdaş, Şəmkir, Yevlax kimi rayonlarda fəaliyyət göstərən yeşik istehsalı sexlərinə həmin bir maşın ağac materialı 2500 manata satılır. Azad Əliyev rayonda 8 yerdə meşə materialından yeşik reykası hazırlayan sex işlədir ki, həmin sexlərdə Oğuz meşələrindən qanunsuz qırılmış meşə materialı hesabına işləyir. Bu sexlərdə hər bir maşın (62-sm-lik) materialdan 100-120 min ədəd yeşik taxtası istehsal edilir. Bu qanunsuz sexlər Oğuz şəhərində, həmçinin Oğuzun keçmiş quşçuluq fermasında Rüfət Həsrətov adlı şəxsin evində, Kərimli kəndində Qüdrət müəllimin evində, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidovun bağında, Xal-Xal kəndində, Muxas, Calud kəndlərində və sair yerlərdə fəaliyyət göstərir. Azad Əliyevin razılığı olmadan Oğuzda heç bir kəs meşə materialının emalı və satışı ilə məşğul ola bilməz.

Azad Əliyevin bu korrupsiya fəaliyyətini nizamlayan, yerlərdən pulları toplayan, material satışını təşkil edən sirdaşı- padarlı Nail və oğuzlu Hamildir. Bu koorrupsiya üzvlərinin bildirdiyinə görə, Azad Əliyevin əldə olunan qazancının 50 faizi başçıya verilir, 30 faizi, yəni 100-120 min manatı isə özünə qalır, qalan hissəsi isə meşə işçilərinə və digər üzvlərə paylanır. Həmçinin o da qeyd olunur ki, Oğuz Meşə İdarəsində ixtisaslı meşə işçisi qalmayıb.

Meşələrin qırılmasına etiraz edən ixtisaslı meşəçilər işdən kənarlaşdırılıb, əvəzində Azad Əliyev öz adamlarını meşə nəzarətçiləri təyin edib.

Göründüyü kimi, bəzi məmurlar həqiqətən də, odla oynayırlar və təbiətə qənim kəsiliblər. Məsələnin nə dərəcədə ciddi olduğu göz qabağındadır. Qalır yalnız bir məsələ, o da bu durumun yaxın zamanda yoluna qoyulması.

P.S. Qarşı tərəfdən hər bir şəxs öz münasibətini bildirə bilər.