BolgeXeber.Com » Gündəm » Bu gün müqəddəs Qurban bayramıdır

Bu gün müqəddəs Qurban bayramıdır

6-11-2011, 10:05
Oxunub: 4 613
Qurbanlıq adı altında bazardan ət alınması, eləcə də satılması şəriətlə yolməzdir

Bu gün müqəddəs Qurban bayramıdır. Bu müqəddəs gündə müsəlmanlar Allaha olan məhəbbətlərini və sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər.

Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (ə) razı qaldığını bildirir. Oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutu olan bu hadisə ulu yaradana sevginin, inamın, dərin etiqadın nümunəsidir. Həmin vaxtdan etibarən dindarlar hər il ev heyvanlarından birini qurban kəsib Tanrıya itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığının öz yolunda qurban kəsilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdan ibarətdir.

Şəriət qaydalarına əsasən kəsilən heyvanlar sağlam və qüsursuz olmalıdır. Qurbanlıq dəvə və dananın 5, qoç və keçinin isə 1 yaşında olması məsləhətdir. Eyni zamanda, qurbanlıq adı ilə bazardan ət alınması, eləcə də satılması şəriətlə qəbuledilməzdir. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Qurban sahibinin özü ehtiyac sahibidirsə kəsilən ətin hamısını özünə saxlaya bilər. Bayramın ilk günü kəsilməyən qurbanı isə bayramın ikinci və üçüncü günü də kəsmək olar.

Azad, səfərdə olmayan varlı müsəlmanlar qurban kəsə bilərlər. Varlı olanlar evə sahib və əsas tələbatlarını ödəyə bilən, zəruri ehtiyaclar üçün lazım olan hər şeyə və ya bunların qiyməti qədər pula sahib kəslərdir. Qoyun və keçini 1 nəfər, dəvə və inəyi isə 7 nəfər şərikli kəsə bilər. Qurban sahibi, onun ailəsi qohumları bu ətdən yeyə bilərlər, ancaq bir şərtlə ki, ətin bir hissəsi möhtaclara, imkansızlara paylanılsın. Qurban kəsmək istəyənlər Zülhiccənin 1-dən etibarən qurban kəsənə qədər saç və dırnaqlarını kəsməməlidirlər. “Zülhiccənin hilalını (başlanğıcını bildirən ay görüntüsü) gördükdə sizlərdən hər kim qurban kəsmək istəsə, saç və dırnaqlarını kəsməsin”. “Bismilləh, Allahu əkbər” deməklə əvvəlcə nəfəs, sonra yemək borusu, daha sonar isə onların arasındakı iki damar kəsilir. Qurbanlıq heyvanı gözəl şəkildə kəsmək, əziyyət verməmək üçün bıçağı ona göstərməmək, rahat kəsilməsi üçün bıçağı yaxşıca itiləmək lazımdır.

Nəfəs İnformasiya Agentliyi Azərbaycan xalqı və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir. Qurbanlarınız qəbul olunsun!