BolgeXeber.Com » Gündəm » Balakən gömrük idarəsində Azərbaycan qanunları işləmir

Balakən gömrük idarəsində Azərbaycan qanunları işləmir

15-07-2014, 10:10
Oxunub: 4 033 "Rokfeller" bura öz qaydalarını gətirib...

Məlum olduğu kimi ötən ilin axırlarında Azərbaycan Dövlət Gömrük Komitəsinin strukturlarında bəzi kadr dəyişiklikləri baş verdi. Əslində bu dəyişiklikləri sadəcə bir profilaktik tədbir kimi qəbul etmək olar. Həmin vaxt mətbuatda yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, Komitənin idarələrindən birində baş vermiş məlum olay müəyyən tədbirlərin görülməsinə zərurət doğurmuşdu və nəticədə Gömrük İdarələrinin rəisiləri yerdəyişmə üsulu ilə əvvəlki iş yerlərindən kənarlaşdırılmışdılar. Elə bu yerdəyişmələr çərçivəsində də Astara Gömrük İdarəsinin rəisi, "Rokfeller" ləqəbli Hikmət Məmmədov ölkənin cənubundan şimal-qərbinə, yəni Balakən Gömrük İdarəsinə göndərilmiş, onun yerinə isə müvafiq olaraq Balakən Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev təyinat almışdı. Amma hər iki tərəfdən redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, bu əvəzləmənin nə Astara, nə də Balakən Gömrük İdarələrinin işinə heç bir müsbət təsiri olmamışdır. Qeyd etmək lazımdır ki, xüsusən Astara Gömrük İdarəsinin fəaliyyəti son bir neçə il ərzində ölkə mətbuatında daha tez-tez tənqid olunurdu. Bu xüsusda KİV-ə daxil olan məlumatlarda, daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar ölkəyə müxtəlif məhsullar gətirən zaman Astara gömrüyündə onlara qarşı qanunsuz pul tələblərinin irəli sürülməsinə dair faktlar öz əksini tapırdı. Belə məlumatlardan birində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş yazırdı: “İranda fəaliyyət göstərən “Vecdi Treving” şirkəti ilə müqavilə bağlayaraq, onlardan tikinti materialları sifariş edib ölkəyə gətiririk. Ancaq mənim İrandan Azərbaycana gətirdiyim tikinti materialları ölkəyə buraxılmır. Səbəb isə gömrükdə tələb olunan rüşvəti verə bilməməyimdir. Bundan əvvəl 16 yük maşınında, hərəsində 28 ton yük olmaqla ölkəyə qranit, mərmər, keramika gətirmişik. O vaxt da hər bir maşın yük üçün rəsmi dövlət rüsumu 2400 manat olmasına rəğmən, bizdən 6-7 min manat artıq “haqq” alınıb. Sonuncu dəfə 25 fevral 2013-cü ildə ölkəyə tikinti malları gətirmək üçün “Vecdi Treving” şirkəti ilə müqavilə bağladıq və ölkəyə onları gətirmək üçün sifariş verdik. Amma bu dəfə gömrükdə hər maşın üçün bizdən 12 min manat pul tələb etdilər. Dedilər ki, qiymət artırılıb, istəyirsiniz, bu qədər verin keçirək, istəmirsiniz malınız qalsın burda, ya da qaytarın geri. Biz artıq İrandakı şirkətə sifariş vermişdik deyə, onlar yükü göndərməkdə davam etdilər. Hazırda Astara gömrüyündə bizim 20 maşın yükümüz yığılıb qalıb. Ümumilikdə məndən həmin malları buraxmaq üçün 250 min manat pul tələb edirlər. Mən həmin malları ölkəyə gətirib satsam, heç tələb olunan məbləğin yarısı qədər qazanc əldə edə bilmirəm...”Bu arada isə Balakən Gömrük İdarəsinin fəaliyyətinin də xüsusilə ölkəmizə gələn qonaqlar tərəfindən yüksək qiymətləndirildiyini söyləmək olmaz. Belə ki, Balakən gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələn xarici turistlər burada son dərəcə biabırçı durumla üzləşməli olurlar. Bir müddət əvvəl bu barədə öz iradlarını ölkə mətbuatına təqdim edən Türkiyəli turistlər başlarına gələnləri belə anlatmışdılar: “13 avqust 2013-cü ildə Gürcüstandan Azərbaycana Balakən gömrük-keçid məntəqəsindən daxil olduq. Orada ömrümüzdə qarşılaşmadığımız sıxıntı ilə üzləşdik. Biz 14 nəfər İstanbuldakı Azərbaycan konsulluğundan ölkənizə səyahət üçün viza aldıq. Mən qrup lideri kimi Bursadan bu insanları İstanbula aparıb hər birinə ayrılıqda viza aldım. Biz konsulluqda viza alanda soruşduq ki, Azərbaycana turist səfəri zamanı özümüzün maşını ilə gedə bilərikmi? Başqa nəsə sənəd, ödəmə etmək lazımdırmı? Konsulluğun məsul işçisi cavab verdi ki, sadəcə hotel bron etdiyinizi gömrükdə göstərin və Azərbaycanı yaxşıca gəzin. Biz bir çox ölkələri gəzdik, amma Azərbaycan gömrüyündə rastlaşdığımız biabırçı durumla heç yerə qarşılaşmadıq. Balakən gömrüyündə bizi maşından düşürdülər. Maşını ayrı yerdən keçirdilər. Biz gömrüyü piyada keçməli olduq. Aramızda yaşlı, xəstə insanlar var, buna da baxmadılar. Məni sonradan sürücümüz axtardı. Gömrükçülər mənə dedilər ki, gəldiyiniz mikroavtobus Azərbaycana girə bilməz. Səbəbini soruşdum. Dedilər ki, 6 min dollar pul ödəmək lazımdır. Dedim ki, bizim yaşıl sığortamız var, uluslararası sığorta var, interbusumuz var, hotel rezervasiyamız var, niyə girə bilmərik? Dedi ki, 6 min dolları ödəməsəniz girə bilməzsiniz...”Bütün bu məlumatlardan bir nəticəyə gəlmək olur ki, Astara və Balakən Gömrük İdarələrinin rəislərini bir-biriləri ilə əvəzləmək, əslində müəyyən məqsədlərə xidmət edən gedişdən başqa bir şey deyildi. Həm də bu məqsədlərin gömrük idarələrinin fəaliyyətində hər hansı irəliləyişə nail olunması ilə heç bir bağlılığı olmayıb. Hər iki tərəfdən olan mənbələr bildirirlər ki, istər Astaranın, istərsə də Balakənin gömrük-keçid məntəqələrində proseslər köhnə qaydada, öz axarı ilə davam edir. Məsələn, Astarada yenə də əvvəllər olduğu kimi, 444 dövlət nömrə nişanlı avtomobillər gömrük zonasını keçərkən avtomatik olaraq elektrik enerjisi kəsilir və spesifik qaçaqmal daşıyan bu maşınlar nəzarət kameraları tərəfindən qeydə alınmırlar...Xatırlayırsınızsa ötən saylarımızda biz Astarada öz hədsiz var-dövlətinə görə “Rokfeller” ləqəbi ilə tanınan Hikmət Məmmədovun Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Gəncə Regional Mərkəzinin rəisi Dilqəm müəllimlə quda olduğunu və qohumların geniş biznes şəbəkəsinə şərikli sahib olduqlarını qeyd etmişdik. Şəbəkəyə Gəncə şərab zavodu, Qubada və Bodrumda istirahət mərkəzləri və digər obyektlər daxildir. Yeni aldığımız məlumatlarda isə bu şəbəkənin son vaxtlar daha da genişləndiyi bildirilir.