BolgeXeber.Com » Gündəm » Məlahət Hacıyeva ilə bağlı şok faktlar

Məlahət Hacıyeva ilə bağlı şok faktlar

16-07-2014, 16:55
Oxunub: 3 801 De-institutlaşma üçün büdcədən ayrılan külli miqdarda vəsait necə mənimsənilib?



Ailə üzvlərini və yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirən idarə müdirinin fəaliyyəti dərindən yoxlanılmalıdır



Keçmiş təhsil naziri Misir Mərdanovun vəzifədən çıxarılması onun kadrlarının bir çoxunun karyera yolunu bağladı. Belə ki, Misir Mərdanovun yerinə təyin olunan Mikayıl Cabbarov köhnə komandanın əksər üzvünü işdən çıxardı. Amma Təhsil Nazirliyinin rəhbərlıyində baş verən kadr dəyişikliyi bəziləri üçün təsirsiz ötüşdü. Yəni sabiq nazirin dövründə vəzifə pillələrində irəli çəkilən bir qrup məmur kreslosunu qorumağı bacardı. Ki, bu şəxslərdən biri də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən De-inistitutlaşma Uşaq Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevadır. Onun həyata keçirdiyi qeyri-qanuni işlər və anası Mərhəmət Aslanovanın 39 ildir 5 nömrəli Bakı Peşə Liseyinə rəhbərlik etməsi barədə ötən saylarımızda ətraflı məlumat vermişdik.

Apardığımız yeni araşdırmalar nəticəsində Məlahət Hacıyeva ilə bağlı bəzi mətləblərə aydınlıq gətirdik. Əldə etdiyimiz məlumatlara görə, internat və peşə məktəblərinin əksəriyyətini kurasiyasına keçirən idarə müdiri həmin təhsil müəssisələrində direktor vəzifəsinə öz yaxın qohumlarını təyin edərək təhsil sistemindəki dayaqlarını möhkəmləndirməyi bacarıb. Araşdırmalar nəticəsində bəlli oldu ki, 12 saylı peşə məktəbinin direktoru Fərman Aslanov Məlahət Hacıyevanın qardaşıdır: «İdarə müdiri vəzifəsindən istifadə edərək ailə üzvlərinin və yaxın qohumlarının bir neçəsini vəzifəyə gətirib. Məsələn, 4 saylı peşə məktəbinin direktoru Alik Allahyarov onun əmisi oğludur. Pirşağıda yerləşən 10 saylı internat məktəbinin direktoru Münəvvər Əşrəfova Məlahət Hacıyevanın qudasıdır. Səhv etmirəmsə, onu başqa vəzifəyə keçiriblər. Məlahət Hacıyevanın himayə etdiyi şəxslərdən biri də 3 saylı internat məktəbinin direktoru Bahar Kərimovadır. Bu xanım ixtisasca həkimdir. Lakin sonradan hansısa yollara əl ataraq ali təhsil müəssisələrindən birinin diplomunu alıb və bu sahədə fəaliyyət göstərməyə başlayıb. Bir müddət keçəndən sonra isə De-institutlaşma Uşaqların Müdafiə İdarəsinin müdiri Məlahət Hacıyeva Bahar Kərimovanın direktor vəzifəsinə yüksəlməsinə birbaşa yardımçı olub». Nəzərinizə çatdıraq ki, 2006-cı ildə dövlət uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı göstərilməsi ilə bağlı dövlət proqramı qəbul olunub. Proqramın qəbulundan xeyli müddət keçsə də, görülən işlərlə bağlı konkret nəticə yoxdur. Dövlət müəssisələrindən ailələrə qaytarılan uşaqlarla bağlı monitorinq aparılmır, aparılsa da bu barədə cəmiyyətə məlumat verilmir.

Müşahidələr göstərir ki, de-institutlaşma üçün büdcədən xərc çəkmək əhəmiyyətsizdir. Alternativ modellər hazırlanmalıdır. De-institutlaşma Uşaqların Müdafiəsi İdarəsinin tabeliyində olan uşaq evləri, internat məktəbləri və peşə tipli internat məktəblərində vəziyyət gün keçdikcə daha da ağırlaşır. Araşdırmalar göstərir ki, Məlahət Hacıyeva hər il dövlət büdcəsindən internat məktəblərinə, uşaq evlərinə ayrılan külli miqdarda vəsaitlərin bir hissəsini şişirdilmiş xərclər adı altında başqa istiqamətlərə yönəldir: «İnternat və uşaq evlərinə ərzaq məhsullarının, təsərrüfat mallarının, dərman preparatlarının alınmasında və cari təmir işlərinin görülməsində xərclər bir neçə dəfə artırılaraq il ərzində külli miqdarda vəsait silinir. Ərzaq, təsərrüfat, dərman preparatlarından, cari təmir işlərindən başqa həmçinin internat və uşaq evləri üçün nəzərdə tutulan inventarların alınması zamanı da qanun pozuntusuna yol verilir. Məsələn, 2013-cü ildə Zaqatala internat məktəbinə - 150 min, (90 mini ərzaq malları), Lerik İnternat Məktəbinə - 90 min, (40 mini ərzaq malları), Salyan İnternat məktəbinə - 137 min, (110 mini ərzaq malları), Şəki qarışıq tibb internat məktəbinə - 85, Tovuz Qovlar internat məktəbinə - 90 min, Göyçay İnternat məktəbinə - 140 min, Mingəçevir internat məktəbinə - 150 min, Gəncə şəhər sanatoriya tipli internat məktəbinə - 180 min, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə - 220 min, Xəzər rayonunda 6 nömrəli internat məktəbinə - 250 min, Nizami rayonu 3 nömrəli internat məktəbi - 300 min manat vəsaitlər ayrılıb və bu vəsaitlərin bir hissəsi həmin internatların, uşaq evlərinin direktorları tərəfindən şişirdilərək mənimsənilib. Direktorlar sildikləri vəsaitin böyük hissəsini isə idarə müdirinə çatdırıblar». Başqa bir məlumata görə, 11 saylı xüsusi internat məktəbində vəziyyət daha kritikdir: «Məlahət Hacıyeva bir müddət əvvəl 11 saylı xüsusi internat məktəbində üzə çıxan mənimsəmə hallarını ört-basdır etmək üçün özünün ən yaxın adamlarından biri olan Mehparə Cəfərovanı işdən azad edib. Direktorun vəzifəsindən uzaqlaşdırılması birbaşa Məlahət Hacıyevanın planı olub. O direktorla birlikdə həyata keçirdiyi bəzi qanunsuz işlərin üstünün açılmasından narahat olaraq önləyici tədbirlər görüb. Və Mehparə Cəfərovanı işdən çıxarıb». Araşdırmalara görə, təkcə ötən il ərzində sözügedən internat məktəbinə 1,1 milyon manatdan çox vəsait ayrılıb ki, bu vəsaitin 35 min manatı avadanlıqların, 39 mini sair xərclər maddəsi üzrə malların digər alışlarının, 22 mini yumşaq inventarların, 15 mini kommunal işlər, 27 mini dəftərxana, 49 mini içməli suyun daşınmasına, 19 mini məişət tullantılarının və çirkab sularının daşınmasına, 540 mini ərzaq məhsullarının alınmasına və 420 mini isə süd məhsullarının alınmasına «xərclənib»». İddialara görə, Məlahət Hacıyevanın rəhbəri olduğu idarəyə tabe olan digər internat məktəblərində də bu cür yeyinti faktları mövcuddur. Bütün bunları nəzərə alıb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən xahiş edirik ki, yuxarıda adını çəkdiyimiz internat məktəblərində yoxlamaların aparılmasına göstəriş versinlər və Məlahət Hacıyevanın fəaliyyəti dərindən araşdırılsın. İnanırıq ki, müvafiq yoxlamalar aparılsa, Məlahət Hacıyevanın «internat imperiyası» süquta uğrayacaq. Mövzuya qayıdacağıq.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
gundelik-baku