BolgeXeber.Com » Gündəm » "Göyçay sosial problemlər məngənəsində boğulur"-Şikayət

"Göyçay sosial problemlər məngənəsində boğulur"-Şikayət

17-07-2014, 10:05
Oxunub: 6 788 İcra başçısı üçün iki çıxış yolu var



«Dörd ildən artıqdır ki, Göyçay sosial problemlər məngənəsində boğulur» - bu sözləri əməkdaşımıza rayon sakinlərindən biri deyib. Onun sözlərinə görə, Mənsur Məmmədov icra başçısı təyin olunandan sonra qısa müddətdə rayonun bir sıra çətinliklərini həll edib. Amma sonra daha çox öz yaxınlarına, qohumlarına və adamlarına köməklik etməyə başlayıb. O, sakinləri isə ümumiyyətlə, saya salacaq qədər münasibət saxlamır. İcra başçısı qəbuluna gələn şikayətçiləri birtəhər başından edir ki, sabah ona hansısa irad bildirilməsin:

«Əvvəl gələndə bizə çoxlu vədlər verdi. Lakin sonradan başçının dedikləri yalnız quru söz olaraq qalıb. Çünki dörd ildir camaat problemsiz yaşayışın nə olduğunu bilmir. Göyçayın 25 kəndinin hamısının yolları bərbad vəziyyətdədir. Sakinlər əziyyət çəkir. Qonşu rayonlara gedəndə adam aparılan quruculuq işlərinə, inkişafa baxıb heyran qalır».

Sakinlər bildirirlər ki, Göçayın icra başçısı son aylar davamlı olaraq işə çıxmır. İcra başçısının tez-tez istirahətə getməsi və vaxtının çoxunu rayondan keçirməsi isə rayonda müxtəlif şayiələrin yaranmasına səbəb olur. Rayondan daxil olan məlumata görə, icra başçısının işə çıxmamasının arxasında yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı məsələsi durur. İddiaya görə, Göyçay Rayon İcra Hakimiyyətinin dəhlizlərində söz- söhbət gəzir ki, Mənsur Məmmədov ya başqa bir rayona icra başçısı gedəcək, ya da vəzifəsi ilə birdəfəlik vidalaşacaq. Rayonda insanların həyat səviyyəsinin həddindən aşağı olması paytaxta şikayətlərin sayını artırıb. Şirvan bölgəsinin ən aparıcı rayonlarından biri olmuş Göyçayın bu vəziyyətə düşməsinin səbəbi isə bəzi səriştəsiz məmurlar olub. Yerli sakinlərlə söhbət əsnasında belə məlum olub ki, hal hazırda rayonda işləyən müəssisələrin sayı həddindən artıq məhduddur. Bundan başqa, işsizliyin səviyyəsi də dəhşətli həddədir. Bəzi insanların çörək dalıyca Rusiyaya getdiyi, bəzilərinin də rayonda qalaraq, güzaranlarını qurmağa çalışdıqlarını bildirən göyçaylılar deyirlər ki, durum hər gün pisləşir. Onların sözlərinə görə, dövlət idarələrində isə işə düzəlmək üçün iki yol var. Birinci yol ondan ibarətdir ki, Göyçayın icra başçısı Mənsur Məmmədovun və ya onun yaxın ətrafının qohumu olmalısan. Bu mümkün olmadıqda isə yaxşı imkanların olmalıdır ki, səni işə götürsünlər. Göyçayda yeni iş yeri açmaq və ya kiçik bizneslə məşğul olmaq isə məşəqqətli məsələdir. Təbii ki, rayonda yeni iş yerinin açılması xəbərinə icra başçısı Mənsur Məmmədov çox sevinir. Amma bu sevinc onunla bağlı deyil ki, biznes adamı yeni iş yeri açdıqdan sonra göyçaylılara xidmət edəcək və ya işsizliyin qismən də olsa, aradan qaldırılmasına şərait yaranacaq. Həmin sevinc başqa səbəblərlə bağlıdır. Yerli sahibkarlar bildirir ki, hələ bir müddət əvvəl Göyçayda xidmət, iaşə və istehsalat sahələri yaratmağa səy göstəriblər. İlk mərhələdə onlara toxunulmasa da, sonradan İcra Hakimiyyətindən xəbər gəlib ki, bura qədər bəsdir. Sakinlərin sözlərinə görə, hal-hazırda rayonda hər şey icra strukturunda çalışanlara məxsusdur. Yəni daşı-daş üzərinə qoyduqda belə onların xəbəri olmalıdır. Əks təqdirdə, ya vergi müfəttişləri, ya polis, ya da başqa dövlət qurumlarının nümayəndələri gəlib, süni əngəllər yaradırlar. Elə buna görə də bir çoxları rayonda iş görməkdən çəkinərək, qonşu bölgələrə üz tuturlar. Rayonda iş o yerə çatıb ki, hətta marketlərdən də «yığım» barədə qərar veriblər. Ancaq sonradan bunun ağır fəsadlar verə biləcəyini hesabladıqdan sonra qərarı dəyişiblər.

Sakinlər bildirirlər ki, Mənsur Məmmədovun qəbulları bir qədər formal xarakter daşıyır və böyük problemləri olanlar qəbul olunmur. Son aylar sakinlərin rayonda sosial müavinət almasında da ciddi korrupsiya faktları mövcuddur. Söylənilənlərə görə, indi rayonda ünvanlı sosial yardım alanların bəziləri imkanlı şəxslərdir. Çünki alınacaq məbləğlə bağlı danışıqlarda məşhur 4+8 formulu ilə razılaşan yalnız maddi imkanı olanlardır. Göyçaylıların sözlərinə görə, rayonun icra başçısının fəaliyyəti rayonda narazılıqların yaranmasına səbəb olur. Burada məmur özbaşınalığının pik həddə çatması, ayrı-ayrı şəxslərin əməllərinin ciddi narazılıq doğurması, bəzi idarə, müəssisə və təşkilat rəhbərlərinin icra başçısının yaxın qohumları olduğu üçün istədikləri kimi hərəkət etmələri Mənsur Məmmədova baha başa gələ bilər. Məhz onun bir sıra məmurların özbaşınalıqlarına göz yumması, rayonun bir sıra idarələrində korrupsiya hallarının olması, Rayon Mərkəzi Xəstəxanasında, Sosial Müdafiə Mərkəzində, Maliyyə İdarəsində problemlərin mövcudluğu icra başçının fəaliyyətinin kafi, rayondakı vəziyyətin ürəkaçan olmamasının göstəricisidir. Göyçaylıların sözlərinə görə, başçı kəndlərin problemləri ilə də əvvəlki kimi diqqət göstərmir.