BolgeXeber.Com » Gündəm » «Romi» moteli və köhnə «İstanbul»da əxlaqsızlıq yuvaları

«Romi» moteli və köhnə «İstanbul»da əxlaqsızlıq yuvaları

19-07-2014, 09:50
Oxunub: 4 220 Binəqədi Polis İdarəsi hara baxır?

Heç kimə sirr deyil ki, ölkəmizdə sürətlə yayılmağa başlayan qadın ticarətindən bu bizneslə məşğul olan şəxslər külli miqdarda gəlir əldə edirlər. Qeyri-qanuni yollarla qazanılan pulların böyük bir hissəsi əxlaqsızlıq yuvalarını və yüngül həyat tərzi keçirən qadınları himayə edən şəxslərin cibinə gedir. Qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının bir çoxu ayrı-ayrı vəzifəli şəxslərin himayəsi altındadır. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qadın ticarətini qoruyub-saxlayan şəxslərin ifşa edilməsi məqsədilə bir sıra əməli tədbirlər həyata keçirilsə də, bu sahədə müsbət dəyişikliyə nail olmaq hələ ki, arzu olaraq qalır.
ABŞ Dövlət Departamentinin son hesabatlarında qeyd edilib ki, hər il 800 mindən artıq insan bu cinayətin qurbanına çevrilir. Onların 80 faizi qadınlar və gənc qızlardır. Ümumiyyətlə isə, dünya ölkələri üzrə insan alverinin qurbanlarının sayı 27 milyon nəfərə yaxındır. Bu sahədə Azərbaycanda Milli Fəaliyyət proqramı qəbul edilsə, Daxili İşlər Nazirliyində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılsa və insan alveri qurbanlarının reabilitasiyası üçün sığınacaq açılsa da, bu bəşəri cinayətin kökü ölkəmizdən təmizlənməyib. Bu gedişlə təmizlənməyəcək də. Çünki aidiyyəti hüquq-mühafizə orqanları açıq-aşkar şəkildə fəaliyyət göstərən bəzi əxlaqsızlıq yuvalarını görməzdən gəlirlər. Cəzasızlıq mühiti isə qadın ticarəti ilə məşğul olan şəxslərə geniş imkanlar yaradır. Paytaxtın ən məşhur əxlaqsızlıq yuvalarından biri kimi Binəqədi rayonunun ərazisində yerləşən «Romi» moteli göstərilir. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları moteldə əxlaqsızlıq yuvası təşkil edilməsi ilə bağlı hələ ötən il məlumat yaymışdı. Keçirilən əməliyyat tədbirləri nəticəsində "Romi” motelində oranın icarədarı, Şirvan şəhər sakini Vüqar Nuriyevin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilmişdi. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları əxlaqsızlıq yuvasının fəaliyyətinə xitam versələr də, çirkab mənbəyi yenidən qədim peşə sahiblərinin üzünə açılıb. Əldə etdiyimiz məlumatlara görə, adıçəkilən obyektdə yetkinlik yaşına çatmayan qızların cinsi istismara məruz qoyulması halları çoxalıb və yüngül həyat tərzi keçirən qadınlar buranı özlərinə «iş yeri» seçiblər: «Günün bütün saatlarında müştərilərin xidmətində dayanan «Romi»də vəziyyət getdikcə gərginləşir. Motelin yaxınlığında yaşayan sakinlər qədim peşə sahiblərinin və onlarla əylənməyə gələn müştərilərin səs-küyündən beziblər. «Romi»də otaqların qiyməti şəraitə uyğun olaraq dəyişir. Müştərilərin bura özləri ilə spirtli içki, yemək gətirmələrinə icazə yoxdur. Bu kimi sifarişlər məhz motel işçilərinə verilməlidir. Əxlaqsızlıq yuvasının sərbəst fəaliyyət göstərməsi bu işlə məşğul olan qadınların yolunu tez-tez bura salmasına səbəb olub. Əksər hallarda azyaşlı qızlar bura gətirilir və seksual zorakılığa məruz qalır». Apardığımız araşdırmalardan sonra aydın oldu ki, «Romi»nin sahibi Hacı Akif adlı şəxsdir: «Deyilənə görə, onun əxlaqsızlıq yuvası ilə yanaşı, həm də özəl klinikası var. Hacının arxasında hansısa vəzifəli şəxs dayanıb. Əgər bu cür olmasaydı, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bağladığı əxlaqsızlıq yuvası fəaliyyətini bərpa edə bilməzdi. Ay ərzində moteldən külli miqdarda gəlir əldə olunur. Özünü Hacı adlandıran sahibkar haram işlərlə məşğuldur». Əxlaqsızlığı təbliğ edən məkanlardan biri də Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən və köhnə adı «İstanbul» olan obyektdir:
«Bura da «Romi» moteli kimi 24 saat ərzində müştərilərin xidmətindədir. Köhnə adı «İstanbul» olan obyektə hələlik yeni ad verilməyib. Obyekti işlədən şəxslər bununla bəlkə də diqqət yayındırmağa çalışırlar. Amma fakt göz qabağındadır və burda hər gün onlarla gənc qız cinsi istismara məruz qalır. Binəqədi Polis İdarəsinin əməkdaşları obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini bilsələr də, tədbir görmürlər. Burda əxlaqsızlıq baş alıb gedir». Gələn saylarımızda hər iki əxlaqsızlıq yuvasından reportaj hazırlayıb oxucularımıza təqdim edəcəyik. Binəqədi Rayon Polis İdarəsinin yeni rəisi Namiq İsmayılova isə demək istəyirik ki, adıçəkilən çirkab yuvalarının fəaliyyətinə qəti göz yummaq olmaz. Odur ki, həm «Romi», həm də köhnə «İstanbul»un fəaliyyətinə təcili olaraq son qoyulmalıdır.gundelik-baku
Yazı ilə bağlı qarşı tərəflərin də münasibətini dərc edə bilərik.