BolgeXeber.Com » Gündəm » 1 saylı Psixiatriya Xəstəxanasının fəaliyyəti niyə yoxlanılmır?

1 saylı Psixiatriya Xəstəxanasının fəaliyyəti niyə yoxlanılmır?

25-07-2014, 17:55
Oxunub: 4 211 Baş həkim Ağahəsən Rəsulov vəzifəsinin öhdəsindən layiqincə gəlmir



Bəzi psixiatriya xəstəxanalarında xəstələrə narkotik satan tibb işçilərinin olması ilə bağlı qəzetimizin ötən saylarında ətraflı məlumat vermişdik. Bildirmişdik ki, bir sıra müalicə müəssisələrində belə xoşagəlməz hallar mövcuddur. Nəhayət onlardan biri dünən saxlanılıb. Belə ki, Bakının Sabunçu rayonunda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına gələn şəxsdən narkotik vasitə götürülüb.

Bu barədə Sabunçu rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayonun Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi 69/71 ünvanda yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının "Güclü və Ciddi Müşahidə altında Psixiatriya Stasionarı" şöbəsinin giriş qapısının nəzarət buraxılış məntəqəsində gələn vətəndaşların və tibbi personalın əşyalarını yoxlama aparılıb. Yoxlama zamanı həmin şöbədə kiçik tibb işçisi işləyən 1969-cu il təvəllüdlü Məmmədbağır Səidov özünü şübhəli aparıb və qaçmaq istəyib. Amma Məmmədbağır Səidov mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb. Məmmədbağır Səidovun üzərinə baxış keçirilib. Ondan 0,963 qram tiryək, 0,110 qram metadon və 0,01 qram diazepam tipli narkotik vasitə aşkar edilib. Onun barəsində tədbir görülməsi üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Bu, son günlər 1 saylı Psixiatriya Xəstəxanası ilə bağlı baş verən ilk xoşagəlməz hal deyil. Xatırlayırsınızsa bu yaxınlarda dörd xəstə gecə qapını sındıraraq 1 saylı Psixiatriya Xəstəxanasından qaçmışdı. Xəstəxanadan 4 xəstənin gecə qaçması buradakı vəziyyətin ürəkaçan olmadığını göstərirdi. Bunu 1 saylı Psixiatriya Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun özü də etiraf etmişdi. Baş həkim iddia etdi ki, həmin xəstələr gecə qapını sındıraraq xəstəxanadan qaçıblar. Baş həkimin sözlərinə görə, həmin xəstələr xeyli müddətdir ki, xəstəxanada müalicə olunurlar. Onlardan biri 3,5 il, biri 1,5 il, biri yarım ildir ki, xəstəxanada müalicə edilirdilər. Ruhi əsəb dispanserindən qaçmış və müxtəlif cinayətlərdə ittiham olunan şəxslərin axtarışı uzun müddət sonra nəticə verdi. Onların xəstəxanadan qaçma şəraitləri barədə qəzetimizə müxtəlif versiyalar daxil olmuşdu. Xəstəxanadan qaçmağa müvəffəq olan şəxslərdən biri Tural Abbasov Binəqədi rayonunun köhnə Pişəvəri, indiki Cavadxan küçəsindəki 4 saylı binada yaşayırmış. Qonşuların sözlərinə görə, oğlunun narkotik istifadəçisi olduğunu bilən Gülhüseyn Abbasovun səhhətində ciddi problemlər yaranır və o dünyasını dəyişib. Ailə bundan sonra binada onlara məxsus olan 2 mənzildən birini satıb, digərini isə kirayə verərək ərazidən köçür. Narkotik asılılığı isə Turalın sonrakı həyat yolunu bir sıra cinayətlərə qədər aparıb çıxarıb. Elə bu səbəbdən idi ki, o Cinayət Məcəlləsinin 4 maddəsi 177 - oğurluq, 178 - dələduzluq , 181 -quldurluq və 310 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə təqsirli bilindi. Ruhi əsəb dispanserindən qaçan digər şəxslər Razim Hacıyev və Yusif Məhərrəmov Cinayət Məcəlləsinin 181-ci quldurluq maddəsi ilə, Elvin Nəsrullayev oğurluq maddəsi ilə ittiham olunublar. Daha bir maraqlı məqam isə bu şəxslərin məhkəmə qərarı ilə təcridxanaya deyil, psixoloji dispanserə göndərilməsi idi. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası həmin şəxslərin dispanserə nə zaman və hansı psixoloji durumda gətirilməsi ilə bağlı hər hansı dolğun məlumat vermədi. Əldə etdiyimiz məlumatlardla bildirilir ki, digər ruhi əsəb dispanserlərindən fərqli olaraq, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında ətraf mühit üçün təhlükə törədə bilən ruhi xəstələr eləcə də, barəsində məhkəmə hökmü olmayan müqəssirlər və məhkəmə hökmü olan islah əmək müəssisələrində cəza çəkən cinayətkarlar müalicə olunurlar. Həmin cinayətkarların isə təcridxanadan dispanserə yerləşdirilməsi həkim-ekspertlər tərəfindən verilən rəy əsasında həyata keçirilir. Bəzən isə verilən rəyin həmin şəxsin psixoloji vəziyyətinə görə olmadığı iddia olunur. Hər hansı bir şəxs cinayət əməli törətdikdə onun qurtarılması yönümündə müəyyən hərəkətlər olunur. İstintaq məhkəmə orqanı həmin şəxsi qurtara bilməyəndə onu ruhi disspanser vasitəsilə, yəni əməli törədəndə anlaqlı vəziyyətdə olmadığı barədə rəy verməklə istintaq vaxtı azad olunur. O əməldən, istərsə də məhkəmə gedişatında azad edilir. Hər halda bir fakt var ki, hansısa şəxslərin məsuliyyətsizliyi üzündən ruhi əsəb dispanserindən qaçmağa müvəffəq olmuş və müxtəlif cinayətlərdə şübhəli bilinən 4 nəfər bir müddət azadlıqda qaldılarr və onlar bir neçə gün sadə vətəndaşlar üçün real təhlükə mənbəyinə çevrildilər. Qəzetimizə daxil olan xəbərlərə görə, ruhi xəstələrin qaçmasında 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının bəzi işçilərinin də əli olub. Hətta işçilərin səhlənkarlığa yol verməsi də istisna deyil. Xəstəxananın işçilərindən biri əməkdaşımıza bildirdi ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı artırılıb, amma keyfiyyət yüksəldilməyib: "Düzdür, indi xəstəxananın mühafizəsinin təşkilinə artıq daha təcrübəli və fiziki cəhətdən güclü, idmançı polislər cəlb edilib. Amma sözsüz ki, digər psixiatriya xəstəxanalarında olduğu kimi, burada da müəyyən "məsələlər" var ki, onu müalicə alanlar öz hesablarına həll etməlidirlər. Nəzərinizə çatdırım ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alanların bəziləri imkanlı şəxslərdir. Yeri gəlmişkən qeyd edim ki, burada bir sıra hadisələrin baş verməsində, o cümlədən 4 nəfərin qaçmasında müəyyən "səhlənkarlığa" yol verilmişdi. Həmin "səhlənkarlığın" nədən ibarət olduğunu burada çalışanlar və müalicə alanlar çox yaxşı bilir. Baş həkim Ağahəsən müəllimin sözü olmasın, hər kəs öz işini vicdanla aparsaydı, heç bir şey olmayacaqdı".

Xəstəxanada baş verənlər ya səhlənkarlıq edirlər, ya da digər səbəblər üzündən belə hadisələr son vaxtlar tez-tez baş verir: "Son vaxtlar qaydalar bir az sərtləşdirilib - tibb bacısı gəlir dəmir barmaqlıqlı qapının yanına, mühafizəçi görür ki, yaxınlıqda xəstə var, xəstəyə deyir ki, 3-4 addım geri çəkil. Xəstə geri çəkiləndən sonra qapını açır, tibb bacısını içəri işçi zonaya buraxır, sonra bağlayır. Xəstə isə 1-2 saniyəyə özünü qapıya çatdıra bilmir və mühafizəçi qıfılı bağlayır".

Mənbəmiz bildirdi ki Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmovun bir müddət əvvəl qapının qıfılını sındıraraq oradan qaçması xəstəxananın məsul şəxslərinin yerində olmadığını göstərdi: "Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov bir gün sonra - noyabrın 16-da özünü binadan ataraq intihar etdi. Bütün bunlara görə kimsə cəzalandırılmadı".

Bütün bunlar 1 saylı Psixiatriya Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun da yerində olmadığını göstərir. İşçilər bildirir ki, baş həkim işçilərin öz vəzifələrinin öhdəsindən layiqincə gəlmələrinə yetərincə nəzarət edə bilmir.