BolgeXeber.Com » Gündəm » Nabranın "Məkan" istirahət mərkəzində anti-sanitariya hökm sürür

Nabranın "Məkan" istirahət mərkəzində anti-sanitariya hökm sürür

26-07-2014, 09:10
Oxunub: 7 372 Dostməd Seyidov istirahət mərkəzini niyə nəzarətsiz qoyub?

Yay mövsümi olduğundan regionlarda istirahət mərkəzləri fəaliyyətə başlayıb. Bəzilərinin göstərdikləri xidmətlər normal olsa da, bir sıra istirahət mərkəzləri var ki, onlar digərlərindən keyfiyyətli xidməti ilə seçilmir. Belə istirahət obyektlərindən biri də Nabranda yerləşən "Məkan" istirahət mərkəzidir. Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət obyektində anti-sanitariya hökm sürür. Havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların saxlanma rejiminə əməl olunmur. Yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir. Şikayətçi bildirir ki, yeməklərin hazırlanmasında istifadə olunan məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə olur. Bunu yemək zamanı müşahidə ediblər. Baxmayarq ki, belə istirahət mərkəzlərində hər il monitorinq aparıldığı deyilir, lakin istirahət mərkəzlərində problemlər yaşanmaqdadır.

Məsələ ilə əlaqədar istirahət mərkəzinin direktoru Dostməd Seyidov açıqlamasında bildirib ki, mərkəzdə natəmizliyin olması ilə bağlı edilən şikayət və çəkilən fotoları ona pislik etmək istəyənlər edib. Direktorun sözlərinə görə, bütün gün mərkəzdə olur və belə problemlərin olması mükün deyil: "Kim çəkib o şəkilləri? Hər gün 60 turist obyektimdə olur. Gəlib onlardan soruşa bilərsiniz vəziyyət barədə. Bütün müştərilər yeməkdən razı gedirlər".

Onu da qeyd edək ki, verilən məlumata görə, həmin istirahət mərkəzində qeyri-peşəkar insanlar çalışırlar. Lakin otellərdə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir. Çünki onlar işlərini dərindən bildiklərinə görə öz işlərinə qarşı məsuliyyətli olurlar. Bundan başqa yay fəsli gəldiyinə görə orada sanitar gigeyenik qaydalara əməl olunmalıdır. Xüsusilə də yayda qidalara xüsusi nəzarət olmalıdır. Çünki yay fəslində qidalar xarab olmağa meylli olduqlarına görə qidalara nəzarət daha da gücləndirilməlidir. Zəhərlənmə kimi halların baş verməməsi üçün bu hallar nəzərə alınmalıdır. Hovuzlarda su vaxtı vaxtında təmizlənməlidir ki, orada istirahət edən şəxslər dəri xəstəliklərinə tutulmasınlar.

Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət obyektində xidmətlərin qiyməti həddən artıq yüksəkdir. Göstərilən xidmət isə ödənilən pulun müqabilində heçnədir. Verilən məlumata görə əvvəllər bura çox turist gələrmiş. Demək olar ki, turist əlindən tərpənmək mükün deyilmi. Lakin son zamanlar "Məkan" istirahət mərkəzinə turist axını azalıb. Bütün bunlar isə Dostməd Seyidovun rəhbərlik etdiyi istirahət mərkəzini nəzarətsiz qoymasının nəticəsində baş verən neqativ halların nəticəsidir. Deyilənə görə obyektin ciddi şəkildə təmirə ehtiyacı var. Görünür, Seyidov obyektə gələn külli miqdarda gəlirin arxasına keçərək "Məkan"ın səliqə -səhmanına fikir vermir. Ancaq belə gedərsə, "Məkan" turistlərsiz, Seyidov isə pulsuz qalacaq. Onda yəqin ki, Seyidovun "Məkan"a ayıracaq vaxtı çox olacaq.