BolgeXeber.Com » Gündəm » Türkiyəni nə gözləyir? - Təhlil

Türkiyəni nə gözləyir? - Təhlil

27-07-2014, 11:40
Oxunub: 3 262 Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünyadan izolyasiya həddinə gətirib

O, Rusiya prezidenti Vladimir Putinin yürütdüyü siyasətin fərqli formasında ӧlkəsini beynəlxalq aləmdən təcrid edir. Doğrudur, bu gün Ərdoğanın ABŞ və AB ilə münasibətləri Putinlə müqayisədə daha yaxşı gӧrünür. Türkiyə, Rusiyadan fərqli olaraq qlobal güc mərkəzi, yəni NATO-nun ӧnəmli oyunçularındandır. Bu həm hərbi, həm iqtisadi, həm də hazırkı məqamda coğrafi baxımdan Türkiyənin ӧnəmli olduğunu gӧstərən amillərdir.

Digər yandan isə R.T.Ərdoğan faktoru ilə Qərb dünyası, ən əsası isə region dӧvlətləri İsrail, Suriya, İraq, İran və s. üz-üzə durub. Belə olduqda R.T.Ərdoğan siyasətinin Türkiyəni təcrid vəziyyətinə salma ehtimalı real gӧrünür. Ümumiyyətlə, Türkiyə baş nazirinin son illər yürütdüyü aşkar və gizli siyasət həm ӧz imicini, həm də rəsmi Ankaranın kifayət qədər güclü olan nüfuzuna zərbə vurub.

Əslində isə, Türkiyə baş nazirinin gӧtürdüyü hazırkı siyasi kursun səbəbkarı elə Qərbin ӧzüdür. Çünki Türkiyə baş naziri iqtidara gəldiyi ilk altı il ərzində ӧlkəsinə bir çox sahələrdə, o cümlədən də siyasi və iqtisadi dividend qazandırmağa çalışdı ki, ӧlkəsini Qərb dünyasına daha da yaxınlaşdıra bilsin. Qərbin Türkiyənin AB-nə üzv olması üçün qarşısında qoyduğu bütün tələblə əməl etməyə çalışdı. Buraya Kipr, Ermənistan, kürd problemlərinin həlli və iqtisadi inkişaf tempinin yüksəldilməsini aid etmək olar.

Sonda bu səylərin boşuna olduğunun fərqinə varan Ərdoğan qərbyӧnümlü siyasətdən imtina edib, məsafəli siyasət kursuna ӧnəm verdi. Ərdoğanın məsafəli siyasət həm də Qərb dünyasında inamsızlıq yaratdı ki, bu da onun hərəkət trayektoriyasının izlənilməsinə gətirib çıxardı və nəticədə ABŞ-AB tandemi Türkiyə baş nazirinə qarşı birgə mübarizəyə start verdi və bu start 2009-cu ildən məhşur “van minut”la başladı.
Daha sonra isə R.T.Ərdoğan Ərəb dünyasında başladılan inqilabların fonunda kifayət qədər sərt mӧvqe sərgiləməklə Qərbi qarşısına aldı. Və beləliklə, o, Qərb dӧvlətlərilə Türkiyə arasında olan məsafələri biraz da uzaqlaşdırdı. Fələstinlə başlanılan bu tendensiya sonradan Misirdə, əsasən də, Məhəmməd Mursinin devrilməsindən sonra daha qabarıq formada ӧzünü büruzə verdi.

Qərbin, Türkiyənin simasında müsəlman dünyasına bəslədiyi ӧgey münasibəti gӧrən R.T.Ərdoğan ilk nӧvbədə Əli Babacanın yerinə “baş diplomat” kimi daha bacarıqlı, daha dinamik və daha praqmatik olan Əhməd Davudoğlunu gətirməklə “hücum taktikası” həyata keçirməyə başladı. Beləliklə, Ankara üzünü Şərqə tutmaqla qətiyyətli mӧvqe sərgilədi.

Belə olduğu halda, Türkiyə baş nazirinin bu siyasətini təhlükə olaraq qəbul edən Qərb dünyası R.T.Ərdoğandan “bӧlgənin lideri” obrazı yaratdı (Əslində, R.T.Ərdoğan ӧzü də belə bir iddiada olduğunu hər addımında gӧstərməyə çalışırdı) və bu adı təsdiqləmək üçün Suriya məsələsinin çӧzümünə “yaşıl işıq” yandırdı.
Qərbin Ərdoğan üçün yandırdığı “yaşıl işıq”, əslində, heç də onun liderliyini sübut etməyə hesablanmamışdı. Bu addım müsəlman dünyasında kifayət qədər nüfuza yiyələnmiş baş nazirin “gӧzdən salınmasına” xidmət edirdi. ABŞ və AB ӧlkələri gӧzəl dərk edirdilər ki, Ərdoğan iqtidarı Suriya bataqlığında bütün nüfuzunu itirəcək. Sonuc olaraq isə Bəşər Əsədi devirə bilməyəcək. Çünki, B.Əsədi müdafiə edən Rusiya kimi qüdrətli ӧlkə var.
Təbii ki, Bəşər Əsədin müdafiəçisi olan Kremlin varlığından Rəcəb Tayyib Ərdoğan da agah idi. Buna baxmayaraq, Qərb bu məsələdə Ərdoğanı inandıra bildi ki, Bəşəri devirmək üçün bütün imkanlarından istifadə edib Ankaraya dəstəklərini verəcəklər. Hətta Ankaranı inandırmaq üçün NATO üzvü kimi Türkiyənin təhlükəsizliyinin qorunması adı altında bu ӧlkəyə “patriot” radarları da gӧndərildi.

Digər yandan isə Ərdoğana imkan yaradıldı ki, B.Əsədə qarşı “cihad” adı altında savaşmaq istəyənlərə hərtərəfli yardım etsin. Bu yardım ən müxtəlif vasitələrlə edildi ki, nəhayətdə meydana İŞİD adlı terror təşkilatı gəldi. Bu arada vurğulamaq lazımdır ki, Ərdoğanın İŞİD-in güclənməsində gӧstərdiyi dəstək onun siyasi karyerasında, bəlkə də, ən kobud səhvdir. Ona gӧrə ki, Ərdoğanı ӧzü üçün təhlükə gӧzündə gӧrən Qərb liderləri, gec–tez baş nazirin adını məhz terrorla bağlayacaqlar. Artıq Qərbin əlində İŞİD adlı kompromat variantın olduğu faktdır ki, R.T.Ərdoğanı terrora dəstək verən lider adı ilə sıradan çıxarsınlar.

Elçin Abdullayev, politoloq